Fazil Mustafa: “Bizim üçün Böyük Vətən Müharibəsi Qarabağ müharibəsidir”

Fazil Mustafa: “Bizim üçün Böyük Vətən Müharibəsi Qarabağ müharibəsidir”

Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi ilk oxunuşda müzakirə edildi.

Birinci vitse-spiker Əli Hüseynli layihə barədə məlumat verdi. Dəyişikliklə, Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020) yubiley medalı təsis olunacaq.

Deputat Fazil Mustafa layihənin adına etiraz etdi. O, qeyd etdi ki, bu gün Jirinovski və başqaları Azərbaycanı və digərlərini “Böyük Vətən”ə dəvət edirlər. “Bizim üçün Böyük Vətən Müharibəsi Qarabağ müharibəsidir. Ondan başqa tarixdə Böyük Vətən ola bilməz!” F.Mustafa 28 apreldə Azərbaycanın ilk respublikasının bolşevik Rusiyası tərəfindən işğal olunmasının 100 illiyinin hansısa formada keçirilməsini də zəruri saydı.

Deputat Qüdrət Həsənquliyev də bu mövzuda çıxış etdi, ancaq məsələyə fərqli prizmadan yanaşdı. Dedi ki, əmisi faşizmə qarşı savaşda həlak olub, atası isə yaralanıb. Bu gün Ermənistanda Nijdeyə 6 metrlik abidə ucaltdıldığı halda, biz həmin müharibədə iştirak edənlərə dəyər verməliyik: “Çünki həmin müharibədə iştirak edənlər doğrudan da öz vətənləri uğrunda döyüşürdülər. Bu mənada mən burada heç bir qəbahət görmürəm”.

Deputat Erkin Qədirli təsis olunan medalda bayrağın rənglərinin yanlış əks olunduğunu qeyd etdi.

Deputat Aydın Mirzəzadə isə dedi ki, bayraq başqa cür əks olunsaydı, o halda da etirazlar olacaqdı.

Deputat Qənirə Paşayeva həmin müharibə, azərbaycanlıların qəhrəmanlığını əks etdirən filmin çəkilişinə ehtiyac olduğunu bildirdi.

Deputat Sahib Alıyev isə F.Mustafanın fikirlərini dəstəklədi: “Biz bu gün Vətən Müharibəsi şəraitindəyik”. Ancaq ardınca dedi ki, medalın adı tam doğru olaraq belə qoyulub.

Ə.Hüseynli dedi ki, medalın təsis olunması bizim müstəqil düşüncəmizin tərkib hissəsidir. “MDB ayrılıqda belə bir medal təsis edib. Ancaq biz müstəqil olaraq ayrıca medal təsis edirik. Ona görə də Fazil müəllim, sizin fikirlərinizi bölüşmürəm”.

Deputatlar yeni medalın təsis olunmasına ilk oxunuşda səs verdilər. 88 lehinə, 1 nəfər əleyhinə olmaqla layihə qəbul olundu.

Sədr Sahibə Qafarova yekunda hər kəsə, o cümlədən media nümayəndələrinə təşəkkür etdi və iclası yekunlaşdırdı.

Mənbə: cia.az