Azərbaycanda cümhuriyyətin 102-ci ildönümü

Azərbaycanda cümhuriyyətin 102-ci ildönümü

Azərbaycan ilk dəfə müstəqilliyini 102 il əvvəl Osmanlı dövlətinin qurduğu Qafqaz İslam Ordusunun köməyilə əldə edib.

1918-ci il...

Birinci Dünya müharibəsinin sonunda Osmanlı imperiyası 10 cəbhədə həyat uğrunda mübarizə aparırdı. Mosul, Yəmən bir-birinin ardınca itirilir, ancaq Erzincan, Trabzon, Ərzurum, Hakkari, Qars və Ardahan kimi şəhərlər işğaldan azad olunurdu. Osmanlının belə çətinlikdə olması yaxın coğrafiyadakı qardaş və qohum xalqlarda da ümidsizlik yaradırdı.

Bütün bunların fonunda rus və erməni qüvvələri Qafqazda mülki əhaliyə təzyiqləri artırırdı. Martın 30-dan aprelin 1-dək təkcə Bakıda 15 mindən çox günahsız insan qətlə yetirilmişdi. Lakin qətliam təkcə Bakıda törədilmirdi. Şamaxı və Quba başda olmaqla, Azərbaycanın bir çox şəhərlərində qətliamlar həyata keçirilirdi.

Müstəqillik mübarizəsi

Belə bir vaxtda Azərbaycan xalqı Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi altında zülmə “dur” demək, müstəqillik qazanmaq üçün hərəkətə keçmişdi. Bu işdə onlar Osmanlı imperiyasının köməyinə arxalanırdılar və ondan yardımın istənilməsi üçün xüsusi heyət yaradılmışdı. Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi həmin heyət İstanbula gələrək, burada Ənvər Paşa və Sultan Mehmet Reşat Han ilə görüşür. Osmanlı imperiyası özünün çətin vəziyyətdə olmasına baxmayaraq, kömək istəyinə müsbət cavab verir və Qafqaz İslam Ordusu Azərbaycana göndərilir. Nuru Paşanın komandanlığında ordu 25 may 1918-ci ildə Gəncə şəhərinə daxil olur.

Beləliklə, gözlənilən kömək gəlmişdi. İndi, işğalçı qüvvələrin zülmündən azad olmaq, müstəqillik qazanmaq üçün heç bir maneə yox idi. Nəticədə 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyilə toplanan Azərbaycan Milli Şurası tarixin ilk Türk-İslam respublikası olan Azərbaycan Xalq Cümhuriyyətini elan edir. Onun ilk paytaxtı Gəncə olur. Qısa vaxtda ölkənin dövlət himni, pul vahidi və sərhədləri müəyyən edilir.

1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu 1130 Anadolu qəhrəmanını şəhid verərək, Bakını da düşmən işğalından azad edir. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə də Osmanlı imperiyası olur.

Lakin gənc cümhuriyyət qısa müddətdə böyük nailiyyətlər əldə etməsinə rəğmən, çox yaşamır. 28 aprel 1920-ci ildə Sovet ordusu onu işğal edir. Lakin Azərbaycan xalqı ilk cümhuriyyəti heç zaman unutmayıb. Bugünkü Azərbaycan Respublikasının bünövrəsini məhz AXC təşkil edir.

Hər il 28 May Azərbaycanda Respublika Günü kimi qeyd olunur.

Mənbə: worldmedia.az