Əkrəm Həsənov: “Dövlət hər kəsə pul ödəməlidir”

Əkrəm Həsənov: “Dövlət hər kəsə pul ödəməlidir”

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ölkədəki pandemiya şəraitindən çıxış yolu kimi maraqlı təklif səsləndirib.

Deputat deyib ki, variantlardan biri ölkə olaraq tam 1 ay fövqəladə rejimə keçməkdir: “Kimlərsə işləmirlərsə, onlara müavinət verilməlidir. 600 mindən yuxarı olmalıdır. Belə variantlar var ki, bəlkə 1 ay tam fövqəladə rejim tətbiq olunsun.

Dövlət öz imkanları ilə 2 milyard dollar vəsait xərcləsin, insanlar tamamilə maddi cəhətdən minimum ehtiyaclarını ödəyə bilsinlər. Hər ailədən 1-2 nəfər müəyyənləşdirilməklə 2 gündən bir supermarketlərə gedərək ailənin ehtiyaclarını həll etmək üçün alış-veriş edib, dərhal evə qayıdır.

Gedəndə də tibbi maska və əlcəklərdən istifadə edir. Bir ay müddətində bu tətbiq olunarsa, insanlarımız evdə qalarsa – yaydır, çətindir, amma başqa variantımız yoxdur – bu kəskin mövqe və insanlarımızın ərzağa minimum tələbatı ödənərsə, virusa yoluxmada çoxalma tendensiyasının qarşısını almaq olar”.

Tanınmış hüquqşünas Əkrəm Həsənov deyir ki, səsləndirilən təkliflə razıdır: “Bütövlükdə məsələnin belə sərt yolla həllinin mən də tərəfdarıyam. Virusun yayılmağa başladığı Çində çox sərt addımlar atmaqla problemi əsasən həll etdilər. Azərbaycanda əsas problem əhaliyə ödəniləcək məbləğlə bağlıdır. Adambaşına 180 manatla 1 ay dolanmaq olar. Sadəcə, insanlara izah etmək lazımdır ki, evdən çıxmaq olmaz. 2 həftəlik karantin elan olunub. Amma bu hiss olunmur. İnsanlar küçələrdən yığışmır. Epidemiyanın genişlənməsi də məhz həmin o şəxslərin hesabınadır”.

Hüquqşünas deyir ki, cərimələri daha da ağırlaşdırmaqla, eyni zamanda əhaliyə təcili olaraq dolanışıq üçün pul ödəməklə vəziyyətdən çıxmaq olar: “Dövlət hər kəsə pul ödəməlidir. Kimin pulu var, işi var ona da, pulu və işi olmayana da pul ödənməlidir və tələb olunmalıdır ki, insanlar evdə otursunlar. Oturmayanlar böyük cərimələr ödəməyə məcbur edilməlidir”.

Hüquqşünas deyir ki, əhaliyə ödəmələr bank kartları vasitəsilə ötürülməlidir: “190 manatı ödəyərkən verilən bank kartlarına, əmək haqqı, pensiya, müavinət kartlarına ödəmələr olmalıdır. Elə etmək lazımdır ki, insanların bankların önünə yığılıb virusa yoluxma riski olmasın. Artıq hər kəs virusun nə dərəcədə təhlükəli, ölümcül olduğunu ətrafında olan yoluxma və ölüm hallarına görə görür. Virusun varlığına şübhə ilə yanaşanlar da artıq özləri üçün nəticə çıxarmağa başlayıblar. Yəni kimsədə şübhə qalmayıb ki, virus var və öldürücüdür”.

Hüquqşünas telekanalların efir siyasətində dəyişiklik olunmasını da təklif edir: “İnsanların əksəriyyəti telekanallara etalon kimi baxır. Ora çıxan insanlara da münasibət adekvat olaraq belədir. Baxırlar ki, canlı verilişə tanıdıqları bir şəxs gəlib. Düşünürlər ki, virus varsa və belə təhlükəlidirsə, filankəs efirə necə gəlib çıxıb? 1 ay ərzində telekanallarda belə verilişlər olmamalı, telekanallar gündəlik xəbərlərdən başqa yeni veriliş istehsal etməməlidirlər. Bu halda insanlar hiss edəcək ki, ölkədə fövqəladə rejim var. Evdən çıxmaq yalnız ərzaq ehtiyacına görə olmalıdır”.

Mənbə: reportyor.info