İkinci Qarabağ müharibəsi: “Azərbaycan bir sıra ölkələr və beynəlxalq təşkilatlarla münasibətlərinə yenidən baxacaq” – AÇIQLAMA

İkinci Qarabağ müharibəsi: “Azərbaycan bir sıra ölkələr və beynəlxalq təşkilatlarla münasibətlərinə yenidən baxacaq” – AÇIQLAMA

Bu gün Azərbaycan torpaqlarını öz gücünə işğaldan azad edir.

BMT-nin məlum 4 qətnaməsinə baxmayaraq ATƏT-in Minsk qrupunun 30 ildə görə bilmədiyi və ya görməkdə maraqlı olmadığı işləri bu gün Azərbaycan Ordusu sahədə təkbaşına həll edir. Məhz işğalçı Ermənistana Rusiya, İran, Fransa, Yunanıstan kimi ermənipərəstlərin yardımı dayanmadığı bir halda Azərbaycan Ordusu zəfərlər qazanır.

Bunlar azmış kimi bu gün Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndəlikləri nədənsə, dinc insanların qətlə yetirilməsinə, Gəncə və Bərdə şəhərlərində uşaqların, sivillərin yuxudaykən qətlə yetirilməsinə susqunluq nümayiş etdirirlər. Halbuki həmin beynəlxalq təşkilatların Ermənistanda fəaliyyət göstərən nümayəndəlikləri Azərbaycandakılardan fərqli olaraq öz işlərini operativ və beynəlxalq qaydalara uyğun qurmağı yaddan çıxarmırlar.

Bu riyakar siyasət artıq Azərbaycana dost və düşmənini aydın şəkildə tanıdır. Aktiv hərbi əməliyyatların getmədiyi dönəmdə müxtəlif imtiyazlarla ölkəmizdə fəaliyyət göstərən bu təşkilatlar, indiki vəziyyətdə öz üzərinə düşən vəzifələri yerinə yetirməkdə maraqlı görünmür və nədənsə riyakarcasına susurlar. Bu gün BMT-nin Uşaq Fondu (UNICEF) dünyada uşaqlara qarşı olan zorakılığa, müharibədən əziyyət çəkən uşaqlara dair bütün cinayət faktorlarını qeydə alır və illik hesabata salır. Lakin UNICEF-in Azərbaycanda akkreditə olunmuş nümayəndəliyinin bu istiqamətdə fəaliyyətini əks etdirən sənədə rast gəlinmir. Bu və digər beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərən nümayəndəliklərinin ölkəmizdəki həqiqətlərə göz yumması münasibətlərin yenidən gözdən keçirməsini zəruri edir.

Siyasi təhlilçi Anar Əsədli Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycan Vətən müharibəsindən sonra beynəlxalq təşkilatların ölkəmizdə fəaliyyət göstərən nümayəndəlikləri və bir sıra dövlətlərlə münasibətlərə yenidən baxacaq:

“Beynəlxalq təşkilatların birmənalı mövqeyinin olmamasını illərdir görürük. İkinci Qarabağ müharibəsində də bunu gördük. Hazırda Azərbaycanın apardığı bu savaş gələcəkdə Qafqazın strateji xəttini dəyişəcək və yeni bir siyasi münasibətlər sistemi yaranacaq. Bu gün onun təməlləri atılır. Hesab edirəm ki, Vətən müharibəsindən sonra Azərbaycan bir sıra dövlətlərlə və beynəlxalq təşkilatların fəaliyyətinə yenidən baxacaq.

Xatırladım ki, Yunanıstanın sərgilədiyi mövqedən sonra Prezident İlham Əliyev Yunanıstanın Azərbaycandakı səfirini çağırdı və sözünü dedi. Bundan sonra Yunanıstanın mövqeyi dəyişdi. İndi ikili siyasət yürüdən dövlətlər və beynəlxalq təşkilatlara da eyni mövqe göstəriləcək. Ona görə də nəyinki beynəlxalq təşkilatlarla, hətta bir sıra dövlətlərlə münasibətlərimiz təkrar aydınlaşdırılıb, yenidən qurulacaq. Bu savaş dönəmində kimlər bizim haqq mövqeyimizi, kimlərsə iğalçı Ermənistanı dəstəklədi, aydınlaşacaq. İndi bunun yeri və zamanı olmasa da, savaşdan sonra bu məsələlərə ciddi şəkildə baxılıb, yeni bir format gətiriləcək”.


 

 

Mənbə: cebhe.info