AŞPA post-Qarabağ münaqişəsi dövründə dayanıqlı sülh üçün nələrsə etmək istəyir…

AŞPA post-Qarabağ münaqişəsi dövründə dayanıqlı sülh üçün nələrsə etmək istəyir…

Yeganə Hacıyeva: “Avropa Şurasının səyləri vəziyyətin həlli üçün deyil, dondurulması üçün səfərbər olunur”

Avropa Şurası İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda dayanıqlı sülhün qurulmasının dəstəklənməsi üçün addımlar ata bilər. Bunu Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç AŞ PA-nın yaz sessiyasında deyib. O, atəşin dayandırılması ilə bağlı noyabr sazişini alqışladığını vurğulayıb: "Hazırda işin vacib tərəfi atəşkəs rejiminə əməl olunmasını təmin etmək və əlbəttə ki, dayanıqlı sülh naminə çalışmaqdır".

Baş katib əlavə edib ki, Avropa Şurası artıq etimadın möhkəmləndirilməsi tədbirləri üzərində işləyir. Onun sözlərinə görə, Avropa Şurasının təklif edə biləcəyi addımlar mövcuddur.

Avropa Şurası bu məsələdə nə dərəcədə səmimidir və deyilən istiqamətdə nələri edə bilər?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, AŞPA üzv dövlətlər arasında etimad səviyyəsini artırmaq, demokratiya, insan hüquqları və qanunun aliliyi prinsiplərini üzv ölkələrin vətəndaşlarının mənafeyi istiqamətində müdafiə etmək, gücləndirmək üçün mövcud bütün variantları nəzərdən keçirməklə sülhə və sabitliyə xidmət missiyası daşıyır: ”Lakin reallıqda üzv dövlətlərin öhdəliklərini pozduğu, Avropa Şurasının dəstəklədiyi əsas prinsiplərə və dəyərlərə nümayişkaranə hörmət etmədiyi hallarda belə, Şuranın proseslərə təsir imkanı, demək olar ki, yoxdur. Bəzən isə AŞ-nın etimad səviyyəsini artırmaq, demokratiya, insan hüquqları və qanunun aliliyi prinsiplərini üzv ölkələrin vətəndaşlarının mənafeyi istiqamətində müdafiə etmək üsulları, bu istiqamətdə görülən tədbirlərin etibarlılığı, effektivliyi açıq suallar doğurur.

Avropa Şurası və ümumilikdə Avropa təsisatlarının ortaya çıxan çağırışlara cəld və adekvat cavab verməyə qadir olmaması qənaətini ortaya qoyur. Avropanın ümumi və dövlət maraqları arasında tarazlığı təmin edərək tolerantlığa, davamlı dialoqa və güzəştə getməyə hazır olan prinsipləri formalaşdırmaq, mexanizmlər qurmaq təcrübəsi var. Qarabağ konfliktinin mövcud olduğu 30 ilə yaxın bir müddətdə Avropa Şurasının addımları reallıq və regional təhlükəsizliyin prioritetlərinə uyğun gəlmədi. Son illər Şuranın təhlükəsizlik strategiyası daha yaxşı bir dünyada təhlükəsiz bir Avropa Şurası siyasəti üzərində qurulub. Amma bu strategiyanın praktikada necə işlədiyi və tətbiqini yaxşılaşdırmaq üçün daha nələrin edilməli olduğu haqqında Şuranın qərarlarını yanlış adlandıra bilərik. AŞ-nın siyasi qərarlarının qəbulunda ümumi təhlükəsizliyə hədə olan təhdidlərlə bağlı düzgün qiymətləndirmə aparılmadığı üçün qəbul edilən qərarların özünü doğrultmadığının da şahidi oluruq. Xüsusilə böhran və münaqişəli zamanlarda Avropa Şurasının səyləri vəziyyətin həlli üçün deyil, dondurulması üçün səfərbər olunur”.

Ekspertin sözlərinə görə, AŞ post-müharibə dövründə reabilitasiya və başqa işlər görə bilər: “Amma AŞ-nın daha öncəki fəlaiyyəti, bu sahədə iş təcrübəsi bizi ehtiyatlı olmağa vadar edir. Məsələ ondadır ki, post-müharibə reabilitasiyası, sülhün bərpası və s. situasiyalarda iştirakçıların BMT Nizamnaməsinin əsas prinsiplərinə və ATƏT prinsiplərinə əməl etmələri vacibdir. Bura dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq və fikir ayrılıqlarının sülh yolu ilə həll edilməsi daxildir. Proses regionda sülh və stabillikdə ortaq pay sahibi olan bütün regional oyunçuları bir-birinə bağlamalıdır. Amma biz bu təşəbbüsü Ermənistan və onun havadarlarından müşahidə etmirik. Avropa Şurasının Cənubi Qafqaz regionunda münaqişə tərəfləri üçün sülh və stabilliyin təmin olunması istiqamətində həyata keçirdiyi layihələr separatizmin möhkəmlənməsinə səbəb oldu. Məsələn, Avropa Şurasının maliyyəsi hesabına Azərbaycan və Gürcüstandakı separatçı bölgələr əldə etdikləri vəsaitləri separatizmin möhkəmlənməsinə sərf etdilər. 20 ilə yaxın bir müddətdə Qarabağ və Abxaziya -separatçı bölgələrin müxtəlif AŞ proqramlarına cəlb edilməsi buna sübutdur. Post-konflikt dövründə informasiya müharibəsi AŞ media və ifadə azadlığı layihələri üçün ayrılmış maliyyə hesabına formalaşmış internet və KİV resursları ilə aparılır. Bu resurslar dezinformasiya ruporlarına çevrildilər və birmənalı olaraq sülh və stabilliyə xidmət etmir. Bu baxımdan da bəyanatda səmimiyyət payını az görürəm”.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com