“Kılıçdaroğlu məğlub oldu, Türkiyə qalib gəldi. Ümumiyyətlə, Kılıçdaroğlu simpatiyam olmayan siyasətçilərdən biridir. Amma CHP ilə Kılıçdaroğlunu bir-birindən ayırmalıyıq. CHP-yə sayğım sonsuzdur, çox ləyaqətli, şərəfli, dəyərli bir siyasi strukturdur. Kılıçdaroğluna verilən səslər isə Ərdoğan əleyhinə olan səslər idi. Yəni bunlar Kılıçdaroğlunu sevənlərin səsləri deyildi”.
Bunu Türkiyədəki prezident seçkisinin nəticələrini Teleqraf.com-a şərh edən jurnalist Elçin Alıoğlu deyib.
Onun sözlərinə görə, Kılıçdaroğlunun “Altılıq Masası”ndakı partiyaların hər biri ən müxtəlif mövqelərə malik təşkilatlardır:
“Düşünmək olar ki, bu, “xalq birliyi”dir, belə deyil, onlar mandat bazarlığı edirdilər. Bundan başqa, PKK terror təşkilatının siyasi qanadı HDP açıq formada Kılıçdaroğlunu dəstəklədi, onun üçün səs istədi. Kılıçdaroğlunun Van mitinqini xatırlayın, həmin mitinqə cəmi 134 nəfər gəlmişdi. HDP öz tərəfdarlarına Kılıçdaroğluna dəstək çağırışı edəndən sonra meydan HDP-çilərlə doldu. Həmin mitinqdə isə “Öcalana azadlıq” şüarı səsləndirildi.
Kılıçdaroğlunun özü dəfələrlə bildirib ki, prezident seçilsə, əvvəlcə HDP-nin həmsədri Dəmirtaşı, sonra Kavalanı azad edəcək. Bundan sonra növbə Öcalana çatacaqdı.
Bunlar Kılıçdaroğlunun vədləri idi..
Türkiyədəki seçkilər həm də demokratiyanın qələbəsidir.
Türkiyədə özünü “sekulyar”, “atatürkçü” adlandıran bəzi şəxslər nə sekulyar, nə atatürkçüdürlər. Bu adamların nəzərində demokratiya xalqın hakimiyyəti deyil, demokratların hakimiyyətidir. Bunlar fərqli şeylərdir. Məsələ o qədər mürəkkəbləşmişdi ki, sekulyarizm çox iyrənc forma almışdı, İslam dininin şərtlərini yerinə yetirənləri az qala “xalq düşməni” elan edirdilər”.
Elçin Alıoğlu söyləyib ki, Ərdoğan iqtidarını “ərdoğanizm”də, “avtoritarizm”də ittiham edən şəxslər Türkiyədə durumun necə olduğunu unudurlar:
“Türkiyədə Ərdoğana qədərki dövrdə hakimiyyəti generallar müəyyən edirdilər. Əgər Qərbin göstərişi ilə hərəkət edən adamlara qarşı hər hansı siyasi təşkilat real təhlükəyə çevrilirdisə, generallar dərhal müdaxilə edərək çevriliş edir və təmizlədikləri meydanı həmin “marionetka”lara verirdilər, sonra geri çəkilirdilər. Beləliklə, siyasi paradiqma diktaturadan ibarət idi. Onlar da özlərini “sekulyar və demokrat” adlandırdan adamlardan ibarət idi.
Ərdoğan həm də onda suçlanır ki, iri projelər həyata keçirdi, körpülər tikdi və bunlarla özünü reklam etdi. Belə deyil. Ərdoğanın çəkdiyi yollardan, körpülərdən Ərdoğan yox, vətəndaşlar istifadə edirlər.
Bəli, Türkiyədə iqtisadi problemlər və bahalaşma var, türk lirəsi dəyərdən düşür. Amma bunların səbəbləri də var. Bu da 2015-ci ildən başlayır. İŞİD-lə mübarizə, Suriya ətrafında baş verənlər, qaçqın axını və sair məsələlər iqtisadi problemlər gətirdi. Amma ən ciddi məsələ Qərbin türk lirəsinə qarşı aşkar hücumudur. Bunu etiraf etməmək olmaz. Bunu etiraf etməmək Kılıçdaroğlu kimi siyasi demoqogiyaya varmaq olardı.
Düşünürəm ki, bütün bunları nəzərə aldıqda Ərdoğanı qarşıdakı 5 ildə çətin bir idarəetmə dövrü gözləyir. İqtisadi problemlərlə yanaşı, Qərbin Türkiyəyə təzyiqi daha da artacaq. Amma buna baxmayaraq, Türkiyə öz geosiyasi mövqelərini daha da möhkəmlədəcək. Türkiyə artıq kiçik regional dövlət deyil, böyük geosiyasi güclərdən birinə çevrilib və bu yolla gedir. Ümid edirəm ki, bu yol uğurlu olacaq”.
Mənbə: teleqraf.com