Fəridin anası prezidentə açıq məktub ünvanladı - FOTO

Fəridin anası prezidentə açıq məktub ünvanladı - <span class="qirmizi">FOTO</span>

“Mən dünən Azərbaycan Xarici İşlər Nazirliyindən rəsmi məktub aldım ki, Fərid casusluq maddəsi ilə həbs olunub. Hansı ölkənin casusudur, hara xidmət edib, bu barədə məlumat yazılmayıb. Sadəcə yazılıb ki, casusluq maddəsi ilə ittiham olunur. Vəkili də yoxdur, orada vəkilsiz ittiham olunur”.
Bunu Yeniavaz.com-a açıqlamasında 3 aydır İranda itkin düşmüş azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib.
“Xarici İşlər Nazirliyi deyir ki, məlumat verəcəyik. Amma hələ də uşağın vəkili belə yoxdur. İttiham olunanın müdafiəsi üçün onun vəkili olmalıdır. Fəridin Azərbaycan tərəfdən vəkillə təmin olunmasını istəyirəm. Özləri (İran hüquq-mühafizə orqanları – red.) mühakimə edib ağır cəza verə bilərlər”, - D.Əsgərova deyib.

Fəridin anası oğlunun hansı ölkəyə “casusluq etməsi” barədə məlumatlı olmadığını deyib:
“Bilmirəm, bəlkə, İran XİN Azərbaycan XİN-ə deyib. Amma mənə yazılan məktubda bu haqda heç nə yoxdur. Onun həbs olunmasının əsl səbəbi Azərbayan və İran arasında yaranan konfliktdir. Mən övladımı tanıyıram. Onun casusluqla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Mən bunu ancaq iki ölkə arasındakı konfliktlə əlaqələndirirəm”.

D.Əsgərova söyləyib ki, saxlanılandan bəri Fəridlə danışa bilməyib:
“Onun telefonu bağlıdır. Heç kəslə əlaqə saxlaya bilmir. Mənim nömrəmi aldılar ki, onunla danışdıracaqlar, amma danışdırmadılar. Nömrəmi Azərbaycan XİN almışdı, Təbrizdəki konsulluğa vermişdilər. Onlarla Fəridi danışdırırlar. Azərbaycan XİN-in Fəridlə telefon əlaqəsi var. Onun harda saxlanılması, vəziyyəti barədə məlumatları XİN bəlkə ə bilir, amma mənə deyilmir. Hətta mən dedim ki, yerini deyin, mən gedim özüm tapım, orada vəkil tutmuşam. Amma heç nə demədilər. Bəlkə də bilmirlər, ya təhlükəsizliyim baxımından ora getməyimi məsləhət görmürlər”.

O bildirib ki, Azərbaycan Prezidentinin işə qarışmasını istəyir:
“Çünki çox ağır ittihamdır. Düşünürəm ki, bəlkə, prezidentin səyi nəticəsində Fəridin işi yüngülləşə, ordan xilas ola bilər. Çox absurd, Fəridlə əlaqəsi olmayan bir ittihamdır. Prezidentin işə qarışmasını istəyirəm. Dəfələrlə olub ki, bu ittihamla həbs olunanlar prezident işə qarışandan sonra azad olunublar. Casusluq İran üçün ən ağır ittihamdır”.

D.Əsgərova son olaraq qeyd edib ki, Feysbuk hesabı üzərindən Azərbaycan Prezidentinə və Birinci vitse-prezidentə müraciət ünvanlayıb:
“Mən dünən məktubu alandan çox narahatam ki, ona ağır cəza verə bilərlər. Ona görə istəyirəm ki, İlham Əliyev və Mehriban Əliyeva işə qarışsınlar. Həm də Fərid onların övladı Heydərlə eyni vaxtda ADA Universitetində oxuyub. Düşünürəm ki, bu məsələyə daha həssas yanaşarlar və Fəridin azad olunmağına səbəb olarlar”.


Məsələ ilə bağlı məlumat almaq üçün Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamaq mümkün olmadı.
Qeyd edək ki, Almaniyada tibb təhsili alan azərbaycanlı tələbə Fərid Səfərli martın 3-də İranda müəmmalı şəkildə itkin düşüb.

Əliş Abdulla

Mənbə: www.yeniavaz.com