"Xatırlamaq çətindir" - Xocalıdakı qətliama şahid olan hərbi jurnalist - VİDEO

Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ bölgəsi üzərində Azərbaycanla Ermənistan arasında hələ də davam edən etnik və ərazi münaqişəsinin başlamasından təxminən 30 ildən artıq zaman keçir. Dağlıq Qarabağ müharibəsində minlərlə azərbaycanlıların, o cümlədən uşaqların, qadınların, kişilərin, qocaların və əsgərlərin günahsızca qurban getməsini dilə gətirmək heç də asan deyil. Oradakı hadisələrin hər birində kədərləndirici anlar yer alır. Ən müsibəti isə, müharibə zamanı orada yaşayan dinc əhalinin öz qədim torpaqlarından didərgin salınması, minlərlə ev, məktəb, uşaq bağçası və inzibati binaların qəsdən yandırılıb yerlə yeksan edilməsi idi.

Qarabağ müharibəsi zamanı həm mülki şəxslər, həm də əsgərlər ardı kəsilməyən mərmi və top atəşlərinin qurbanı oldular. O müharibədə demək olar ki, bütün azərbaycanlılar Qarabağın xilası üçün canlarını fəda edirdilər. Qurbanlar arasında Azərbaycan əsgərləri ilə çiyin-çiyinə xidmət edən hərbi jurnalistlərin də rolu əvəzsiz idi. Bəzən bir çox çətinlik və risklərlə üzləşdikdə bu onlara həyatları bahasına başa gəlirdi. Bu gün onların sayəsində Qarabağ müharibəsi və Xocalı soyqırımı ilə bağlı kifayət qədər sənədli dəlillərimiz mövcuddur. Bəziləri, hətta o dəhşətli gecənin atəş və fəryad səslərinin hələ də qulaqlarında səsləndiyini söyləyirlər.

"O dəhşətli gecəni izləyərək lentə almaq bir çoxumuzda dərin izlər buraxdı. Bunu xatırlamaq çətindir ..." deyə həmin dəhşətə şahid olan hərbi journalist İrfan Sapmaz Eurasy Diary-yə kədərlə danışdı.

"Qucağında körpəsini daşıyan bir qadını gördüm. Körpə ölmüşdü. Ölən körpənin rəngi tamamən solmuşdu, ancaq qadın körpəsinin öldüyünə inanmırdı. O, şokda idi... Bu fotoşəkil mənə çox təsir etdi. Bütün bədənimdə boşluq hiss etdim. "

"Bir jurnalist olaraq Xocalı qırğınını dünyaya çatdırmaq mənim üçün çox ağır idi. Şuşada olduğum zaman ermənilər Qarabağı artıq işğal etməyə başlamışdı. Öncə Şuşadakı qarşıdurmaları izlədim, sonra Ağdam bölgəsinə getdim. Ağdama çatanda Mənə Xocalıda qırğın olduğunu söylədilər. Dərhal dostumuz Ağası Hunla birlikdə Xocalıya tərəf getdik. Əsgəran təpəsi adlanan yerə gəldik. Bura gedə biləcəyimiz son yer idi. Sadəcə aşağıda Xocalı görünürdü," deyə İrfan Sapmaz əlavə etdi.

Rusiya ordusunun 366-cı motoatıcı alayı ilə erməni qoşunları fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərinə girdilər və Xocalıda qırğın o dəhşətli gecədə başladı.

"O gecə şəhərə girə bilmədik. Yalnız səhər açılanda dəhşətli bir mənzərənin şahidi olduq. Səhəri gün Əsgəran təpəsinə gələ bildik. Burada yerli sakinlərin qaçmağa çalışdıqlarını gördük. Bu indiyə qədər görmədiyimiz qırğından da dəhşətli bir soyqırım faciəsi idi."

İrfan Sapmaz o zaman Azərbaycanın mükəmməl təlik görmüş bir ordusunun olmadığını qeyd etdi. Sovet rejimində Azərbaycanda, Özbəkistanda və Türkmənistanda yaşayan türklərə xüsusi hərbi təlim keçilməməsi səbəbindən həmin mühribədə son dərəcə təcrübəsiz olduqlarını söylədi. Onun sözlərinə görə, azərbaycanlı əsgərlər strateji əhəmiyyətli yerlərdə düzgün silahlanmamışdı. Buna görə Qarabağda müharibə başlayanda Azərbaycan ordusu da buna hazır deyildi.

"Xocalı qətliamı başlayanda əsgərlər yalnız evlərindən topladıqları ov tüfəngləri və bir neçə kalaşnikovla düşməndən müdafiə olunurdu. Erməni qoşunları 26 fevral 1992-ci ildə səhər tezdən günahsız insanları öldürməyə başladılar və axşamadək qırğın davam etdi. Həmin terrordan sonra bir çox foto və videolar çəkdik ".

"Axşam atışma o qədər şiddətli oldu ki, bəzən yaralananlara müdaxilə etməli olduq. 26 fevral 1992-ci ildə Bakıya gələndə İstanbula qayıtmaq üçün yalnız bir təyyarə var idi. Bütün foto və videoları özümlə apardım. Bir dənə də olsun təyyarədə yer qalmamışdı. Bakı Hava Limanına cavabdeh olan dostumuz Cümşid Nuriyevə "Əlimdə Xocalı qətliamının foto və videoları var" dedikdə dərhal məni digər sərnişinlərdən biri ilə əvəz etdilər. Fevralın 26-na keçən gecə İstanbula gəldim. İstanbul hava limanına enəndə üstümü tamamən palçıq və yaralananların qanına bulaşmış gördüm. "

Jurnalist İrfan Sapmaz o zamanın texnologiyasının bugünkü qədər əlverişli olmadığını dedi. Bəzən bir fotoşəkil hazırlamaq üçün bir gün və daha artıq zaman sərf etdiyini və müharibə yerindən video və fotoşəkilləri göndərmək üçün indiki texnologiya mövcud olmadığını vurğuladı.

"Fotoları slayd filmlərlə çəkirdik. O dövrdəki texnologiya ilə şəkilləri və fotoları oradan göndərmək şansımız yox idi. Fotoşəkillər "Hürriyət"qəzetinin redaksiyasında yuyuldu və sonra Xocalı soyqırımını Hürriyyətin 27 fevral buraxılışında dünyaya tanıda bildik. 28 fevral 1992-ci ildə "Hürriyət" qəzetinin ilk səhifəsi Xocalı soyqırımının xəbərləri və yazıları ilə əhatə olundu. Qəzetin 3 və 4-cü səhifəsi yalnız Xocalı qətliamına həsr olunmuşdu. O zaman yalnız bir televiziya kanalı var idi, o da TRT kanalı idi. O zaman biz xarici müxbir qismində TRT-lə əməkdaşlıq edirdik. Görüntüləri milli zəmində baş verən hadisə olduğu üçün dərhal TRT-yə göndərdik və bununla da həmin dəhşətli anların görüntüləri dünyaya yayımladı. "

Bir neçə gün sonra Xocalıda qurbanlarının sayı məlum oldu – rəsmi hesabata görə, Xocalıda ölənlərin sayı 116 qadın, 63 uşaq və 487 yaralı daxil olmaqla 613 nəfərdən çox olub. Bundan əlavə, ölənlər arasında 200-dən artıq dinc sakin xüsusi işgəncə ilə qətlə yetirilib, 8 ailə tamamən yox edilib və 25 uşaq hər iki valideynlərini itirərək yetim qalıb.

Hərbi jurnalist İrfan Sapmaz Xocalıdan sonra heç bir zaman belə bir qətlə şahid olmadığını deyir və həmin günü hələ də xatırladığını bildirir.

"Körpəsinin qucağında öldüyünə inana bilməyən qadın, yaralanan yaxınlarını xilas etmək üçün palçıq və qar içində sürünənlər, mülki şəxsləri tüfəng və bir neçə kalaşnikov ilə qorumağa çalışan Azərbaycan Türk əsgərləri... - hamısını bir-bir xatırlayıram. 30 ildir hərbi jurnalist kimi çalışıram və bunca zaman ərzində bir çox müharibələr izlədim. Lakin həmin anlar hələ də gözlərimin önündə canlanır və bəzən hisslərimə belə hakim ola bilmirəm," deyən İrfan Sapmaz o günləri xatırlayarkən göz yaşlarına qərq oldu.

"Sonda Ağdamdan ayrıldıq və Əsgəran təpəsinə çatana qədər alovlu güllələr altında yeriməyə davam etdik. Bəzən palçıqda yerimək çox çətin idi. Bir yandan da sərt iqlim bədəndə olan enerjini tükəndirirdi. Hadisəni fevralın 26-da çəkdik və o dəhşətli hadisədən bir gün sonra İstanbula gəldik. Bütün olanlrı 28-də artıq mətbuatda dərc etdik. Bir həftə sonra yenidən Qarabağa geri döndüm. Dağlarda qar altında çox sayda insan cəsədləri var idi və onları geriyə, Azərbaycan tərəfə aparırdılar...

Elnur ƏNVƏROĞLU

Jurnalist, Eurasia Diary-nin Baş redaktoru

 

Ednews.net

ƏVVƏLKİ XƏBƏR

Lavrovdan gürcü jurnalistlərə sərt reaksiya - “Xəstəsiniz”+ VİDEO

SONRAKI XƏBƏR

Ramzan Kadırov Aleksandr Yemelyanko ilə rinqə çıxdı