Rusiya Prezidenti Vladimir Putinə qarşı Ukraynaya təcavüz cinayətinə görə təqib məqsədilə yaradılacaq xüsusi tribunal onu vəzifəsində qaldığı müddətdə qiyabi şəkildə mühakimə etməyəcək.
Bu barədə “Avronyus” öz mənbələrinə istinadən məlumat yayıb.
“Eyni vəziyyət Rusiya Baş naziri Mixail Mişustin və xarici işlər naziri Sergey Lavrov üçün də keçərlidir. Onların məhkəmə qaydasında təqib olunması yalnız təqsirləndirilən şəxslərin fiziki olaraq məhkəmə zalında iştirakı ilə mümkün olacaq. Bu isə real görünmür, çünki Rusiya özünün Ukraynaya müdaxiləsini cinayət kimi tanımaqdan inadla imtina edir.
Alternativ olaraq, qiyabi məhkəmə yalnız Putin vəzifəsindən getdikdən sonra keçirilə bilər.
Məhkəmə prosesinin şərtləri Avropa Şurası çərçivəsində xüsusi tribunal üçün hüquqi baza yaradacaq razılaşma layihəsində əks olunub. Baza üç layihədən ibarətdir: Ukrayna ilə Avropa Şurası arasında ikitərəfli razılaşma, xüsusi tribunalın nizamnaməsi və tribunalın idarəçiliyini ətraflı şəkildə müəyyən edən razılaşma. Bu sənədlərin ilkin olaraq 9 may tarixində Kiyevdə imzalanması planlaşdırılır”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsi ilə bağlı 2024-cü il 17 martda qərar qəbul edib.
Mənbə: axar.az