“Nəqliyyat kommunikasiyalarının açılmasında prinsipial problem görmürük”.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Nazirə “Türkiyə bu marşrutun nə vaxt açılacağı ilə bağlı prosesi diqqətlə izləyir. Bu barədə fikriniz nədir? Sizcə, yaxın gələcəkdə bu reallığa çevrilə bilərmi?” deyə sual ünvanlanıb.
“Biz nəqliyyat kommunikasiyalarının, marşrutların və infrastrukturun açılması ilə bağlı prinsipial bir problem görmürük. Bütün dünya yeni nəqliyyat-tranzit dəhlizlərindən danışır və biz bu yanaşmanı tamamilə bölüşürük. Hətta onu da anlayırıq ki, infrastrukturun blokdan çıxarılması halında Ermənistan ilk faydalananlardan biri olacaq.
Məsələn, düşünürəm ki, bu məqam Türkiyə cəmiyyəti üçün də maraqlı ola bilər. Biz Azərbaycana qarşılıqlı dəmir yolu infrastrukturunu açmağı təklif etdik. Yəni hər iki tərəfin bir-birinin dəmir yolu şəbəkələrindən tam şəkildə istifadə etməsi mümkün olsun.
Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında olan ən qısa marşrut üzrə biz müasir mexanizmlərdən istifadə etməyi təklif etmişik. Məsələn, fiziki yoxlamaları minimuma endirmək üçün elektron skan sistemlərinin tətbiqini, eləcə də yüklərin axınını sürətləndirmək üçün elektron bəyanetmə sistemini təklif etmişik.
Bundan əlavə, keçidin təhlükəsizliyini təmin etmək üçün sığorta və təkrar sığorta mexanizmlərindən istifadə olunmasını təklif etdik.
Biz bu təşəbbüsün həyata keçirilməsinə dərhal başlamağa hazırıq – ilk mərhələdə yükdaşıma ilə. Bu mərhələ uğurla həyata keçirilərsə, növbəti addım olaraq sərnişindaşımaları və digər əlaqə növlərinə keçmək mümkündür.
Biz həmçinin əminik ki, kommunikasiyaların açılması prosesi regional əlaqələrin tam bərpasına gətirib çıxaracaq, o cümlədən Ermənistanla Türkiyə arasında dəmir yolu əlaqəsinin yenidən qurulmasına.
Bu məsələdə səmimi maraqlıyıq. Sonda isə bizim baxışımıza görə, bu layihə – heç olmasa regional səviyyədə – logistik mənzərəni köklü şəkildə dəyişə bilər.
Və mən bu təşəbbüsün iştirak edən tərəflərdən heç biri üçün mənfi nəticələrə səbəb olacağını düşünmürəm”, – Mirzoyan bildirib.
***
19:51
Ermənistan Azərbaycanla Naxçıvan arasındakı əlaqəni asanlaşdırmaq üçün nəzarət prosedurlarını sadələşdirməyə hazırdır.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin “NTV” telekanalına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, İrəvan fiziki yoxlamaları minimuma endirmək üçün elektron skanerləmə sistemlərinin istifadəsini təklif edib.
“Məsələn, biz fiziki yoxlamaların minimuma endirilməsi üçün elektron skanerləmə sistemlərindən istifadə etməyi təklif etdik. Həmçinin, biz elektron bəyanat verməyi təklif etdik ki, bu da yük axınının sürətləndirilməsinə imkan verəcək. Bundan əlavə, keçidin təhlükəsizliyini təmin etmək üçün sığorta mexanizmlərinin tətbiqini təklif etdik”, – deyə o qeyd edib.
Aysel Əliyeva
Mənbə: globalinfo.az