Azərbaycan və İran arasında konsulluq məsləhətləşmələri keçirilib - Fotolar

Azərbaycan və İran arasında konsulluq məsləhətləşmələri keçirilib - Fotolar

15 aprel 2025-ci il tarixində Tehran şəhərində Azərbaycanın Xarici İşlər Nazirliyi və İranın Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, İran nümayəndə heyətinə isə İran Xarici İşlər Nazirliyinin baş direktoru Moctəba Şəsti Kərimi rəhbərlik edib.

Tədbirdə Azərbaycanın İrandakı Səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun əməkdaşları, Azərbaycanın və İranın xarici siyasət qurumunun rəsmiləri, həmçinin iki ölkənin Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidmətinin nümayəndələri də iştirak ediblər.

Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə vətəndaşlarının hüquq və qanuni mənafelərinin qorunması, onlara çevik və effektiv konsulluq-hüquqi yardımının göstərilməsi mövzusu üzrə müzakirələr keçirib, yaranmış çətinliklərin aradan qaldırılması üçün əməkdaşlığın intensivləşdirilməsinə dair razılığa gəliblər.

Daxil işlər, ədliyyə, miqrasiya, sərhəd, gömrük orqanları arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılaraq, müvafiq sahələr üzrə əlaqələrin gücləndirilməsi istiqamətində birgə tədbirlərin əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, məsləhətləşmələr çərçivəsində Azərbaycan nümayəndə heyəti İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadeh tərəfindən qəbul edilib.


Mənbə: qafqazinfo.az