“Rusiya cəbhədə tam sükuta hazır olsa, Ukrayna eyni şəkildə hərəkət edəcək”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.
Ukrayna lideri qeyd edib ki, əgər Rusiya doğrudan da tam və qeyd-şərtsiz atəşkəsə hazırdırsa, Kiyev bu təklifi “güzgü prinsipi” ilə cavablandıracaq:
“Əgər indi Rusiya qəfil şəkildə doğrudan da tam və qeyd-şərtsiz sakitliyə razıdırsa, Ukrayna da eyni şəkildə cavab verəcək. Sakitliyə sakitlik, zərbəyə müdafiə üçün zərbə ilə cavab veriləcək. Bu, Rusiyanın əsl niyyətlərini üzə çıxaracaq. Çünki 30 saat etimadı möhkəmləndirəcək real addımlar üçün kifayət etmir. Otuz günlük atəşkəs isə sülhə bir şans verə bilər”.
Zelenskinin sözlərinə görə, ABŞ tərəfindən irəli sürülən 30 günlük qeyd-şərtsiz atəşkəs təşəbbüsü artıq 39 gündür ki, Rusiya tərəfindən cavabsız qalır: “ABŞ bu təşəbbüsü irəli sürdü, Ukrayna onu müsbət qarşıladı, Rusiya isə sadəcə susdu”.
Mənbə: qafqazinfo.az