KİV: İsrail yaxın aylarda İranın nüvə obyektlərinə hücum edə bilər

KİV: İsrail yaxın aylarda İranın nüvə obyektlərinə hücum edə bilər

İsrail yaxın aylarda İranın nüvə obyektlərinə zərbələr endirə bilər.


APA xəbər verir ki, bu barədə “Reuters” İsrail rəsmilərinə istinadən məlumat yayıb.


Mənbələr bildiriblər ki, ABŞ Prezidenti Donald Trampın İsrail Baş naziri Benyamin Netanyahuya ABŞ-ın hələlik belə bir addımı dəstəkləməyəcəyini bildirməsinə baxmayaraq, İsrail yaxın aylarda İranın nüvə obyektlərinə zərbələr endirəcəyini istisna etmir.


Qeyd edilib ki, son aylar ərzində İsrail Tramp administrasiyasına İranın obyektlərinə hücum üçün bir sıra variantları təklif edib. Bildirilib ki, hücumlar yazın sonunda və yayda baş verə bilər.


Mənbələrin dediyinə görə, planlara hava hücumları və komando əməliyyatları daxildir.


“Şiddəti ilə fərqlənəcək hücumlar Tehranın nüvə proqramını silahlandırmaq qabiliyyətini aylar və ya bir il, hətta daha uzun müddətə gecikdirə bilər”, – məlumatda qeyd olunub.

İranın yüksək vəzifəli təhlükəsizlik rəsmilərindən biri isə bildirib ki, Tehran İsrailin mümkün planlarından xəbərdardır və hər hansı hücum halında “İranın sərt və sarsılmaz cavabı” ilə qarşılaşacaqlar.

Mənbə: apa.az