Almaniyada fikir azadlığı təhlükə altındadır - "Ekonomist"

Almaniyada fikir azadlığı təhlükə altındadır -

Böyük Britaniyanın nüfuzlu “Ekonomist” jurnalı Almaniyada ifadə azadlığının getdikcə daha çox təhdid altına düşdüyündən yazıb. Nəşr qeyd edir ki, bu tendensiya həm qanunvericilik, həm də məhkəmə qərarları və ictimaiyyətin tənqidə münasibəti fonunda müşahidə olunur.

Azərtac-a istinadən xəbər verilir ki, nəşrin diqqət mərkəzində sağ-mərkəzçi “Deutschland-Kurier” qəzetinin baş redaktoru David Bendelsin işi dayanır. O, Almaniyanın daxili işlər naziri Nensi Fezerin fotosunu montaj edərək sosial şəbəkələrdə paylaşıb. Şəkildə nazirin əlində “Mən fikir azadlığından nifrət edirəm” yazısı olan plakat əks olunub. Nazirin şikayəti əsasında açılan iş üzrə məhkəmə D.Bendelsi yeddi ay müddətinə şərti həbs cəzası, yüksək məbləğdə cərimə və ictimai şəkildə üzr istəmə cəzasına məhkum edib.

“Ekonomist” yazır ki, bu qərar ölkə daxilində və xaricdə geniş rezonans doğurub. Nəticədə sözügedən foto sosial mediada daha da yayılıb və çoxsaylı istifadəçilər tərəfindən yeni – bəzən zövqsüz montajların hazırlanmasına səbəb olub. Bu hal fikir və söz azadlığının, eləcə də fikirlərin şəkil vasitəsilə yayılmasının konstitusiya ilə təmin olunduğu bir ölkədə ciddi narahatlıq doğurub. Almaniyada son illərdə siyasətçilərin “iş fəaliyyətinə ciddi təsir göstərən” təhqirlərin qanunla daha sərt şəkildə cəzalandırılması imkanı yaradılıb.

Nəşr əlavə edib ki, hazırkı koalisiya hökumətinin proqramında dezinformasiyaya qarşı mübarizə məqsədilə xüsusi tənzimləyici qurumun səlahiyyətlərinin artırılması da nəzərdə tutulur. Jurnal bu təşəbbüsün ifadə azadlığına mümkün təsirlərinə diqqət çəkir.

“Allensbach” ictimai rəy institutunun 2024-cü ildə keçirdiyi sorğuya istinad edən nəşr bildirir ki, almanların yalnız 40 faizi öz fikirlərini sərbəst ifadə edə bildiklərini düşünür. Bu göstərici 1990-cı ildən bəri iki dəfə azalıb və son illərin ən aşağı səviyyəsidir.

Mənbə: axar.az