Millət vəkili Vüqar Bayramov əməkhaqlarının artırılması ilə bağlı çıxışı zamanı təhsil sektorunda əməkhaqlarının artırılmasını məqsədəuyğun hesab edib.
Maraqlıdır, təhsil işçilərinin əməkhaqları artırılarsa, müəllimlərin repetitorluq “sevdası” tarixə qovuşacaq?
Mövzuyla bağlı Bizim.Media-ya açıqlama verən təhsil-eksperti Elşən Qafarov deputatın təklifi ilə razılaşıb. Onun sözlərinə görə amma müəllimlərin maaşı artırılsa da, bu repetitorluğun qarşısını almayacaq:
“Çünki repetitorluğu yaradan səbəblər var və bu səbəblər aradan qalxmasa repetitorluğu ləğv etmək mümkün olmayacaq. İlk növbədə ölkədə repetitorluğu yaradan əsas səbəblərdən biri DİM-in qrup imtahanıdır.
Yəni biz təklif edirik ki, bu imtahanlar ixtisaslar üzrə olsun. Testləri hazrlayan qurum olmalıdır. Hələ də o fikirdəyik ki, Prezident Administrasiyası və yaxud Nazirlər Kabineti yanında Testologiya institutu yaradılsın. Bu institut testləri özü hazırlasın. DİM isə imtahanları keçirən texniki quruma çevirilsin. Bu da repetitorluğun qarşısını alsın”, - deyə ekspert bildirib.
Elşən Qafarov ali məktəbə qəbul qaydalarında da boşluq olduğu qənaətindədir:
“Yalnız 3 fəndən buraxılış və blok imtahanları mövcuddur. Burda da ciddi dəyişikliklər etmək lazımdır. Əsasən isə ümumitəhsil məktəbinin nəticələrinə görə ali məktəblərə qəbul təyin olunmalıdır. Bu məsələlərdə kompleks tədbirlər görüldükdən sonra repetitorluq minimuma düşəcək. Repetitorluq kölgə təhsilidir. Bu gün dövlətlər çalışır ki, kölgə təhsilini minium səviyyədə salsın. Amma, biz görürük ki, Azərbaycan digər ölkələrə nisbətən kölgə təhsilində öndədir.
Aygün Hüseyn, Bizim.Media
Mənbə: bizim.media