“Həmin məsləhətləşmələr baş tutmayacaq”

“Həmin məsləhətləşmələr baş tutmayacaq”

“Tehran və Vaşinqton arasında nüvə proqramı üzrə danışıqlardan əvvəl - mayın 2-də olacaq İran və Aİ ölkələrinin (Almaniya, Böyük Britaniya və Fransa) iştirakı ilə məsləhətləşmələr baş tutmayacaq”.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro deyib.

Barro danışıqlar nəticəsiz qalacağı təqdirdə Aİ-nin İrana qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib: “Bir neçə həftə ərzində İranla onun nüvə proqramının görünən, yoxlanıla bilən və etibarlı şəkildə ləğvi ilə bağlı razılaşmamız olmasa, biz avropalılar 10 il əvvəl ləğv etdiyimiz sanksiyaları yenidən tətbiq edəcəyik”.

O, həmçinin əlavə edib ki, ABŞ İran məsələsi üzrə danışıqların qrafikini Avropa tərəfi ilə razılaşdırır.

Qeyd edək ki, bundan əvvəl ABŞ və İran arasında mayın 3-də Romada keçirilməsi planlaşdırılan danışıqların dördüncü raundunun təxirə salındığı bildirilib. Görüşün yeni tarixi ABŞ-nin yanaşmasından asılı olaraq müəyyən ediləcək.

Xatırladaq ki, Vaşinqton və Tehran artıq Omanın vasitəçiliyi ilə üç raund dialoq keçirib. Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçı, Amerika nümayəndə heyətinə isə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edib.

Mənbə: qafqazinfo.az