Azərbaycan Respublikasının dilinin qorunması, inkişafı və cəmiyyətin bütün sahələrində düzgün və səlis istifadəsinin təmin olunması milli prioritetlərdən biridir. Bu məqsədlə dövlət tərəfindən həyata keçirilən ümumi dil sertifikasiyası – Azərbaycan dili biliyinin standartlara uyğun qiymətləndirilməsi sistemidir. Sertifikasiya prosesi rəsmi sənədləşdirilmiş meyarlarla və müvafiq testlər əsasında aparılır, iştirakçının dili həm şifahi, həm də yazılı ünsiyyətdə nə dərəcədə effektiv istifadə etdiyi müəyyənləşdirilir.
Son dövrlərdə bu prosesə dil daşıyıcıları olan müəllim, jurnalist və deputatların qoşulması müzakirə olunan mövzulardandır.
Sabiq deputat Etibar Əliyev Modern.az-a bildirib ki, bir çox ölkələrdə dil biliklərinin yoxlanılması praktikada özünü göstərir və Azərbaycanda da bu praktikadan istifadə olunmalıdır. O, deputatların dil biliklərinin yoxlanılmasinin vacibliyini vurğulayıb.
"Azərbaycan dilinin mükəmməl bilmək deputatlar üçün çox vacibdir. İlk baxışdan belə görünür ki, onlar Azərbaycan dilini yaxşı bilirlər, amma bu dilin dərinliklərini bilmək və onu qanunvericilik, digər sahələrdə tətbiq edə bilmək əsas məsələdir. Qanunlara baxdıqda görərik ki, burada çox sayda dil qüsurları olur. Bir neçə dəfə bu məsələni deputatlara da irad tutmuşuq. Məsələn, qanunlarda bir sözün dəfələrlə təkrar olunduğu görürük ki, bu da cümlədəki əlaqələri itirir, qanunları başa düşməyəcəyimiz səviyyəyə gətirib çıxarır. Bu mənada deputatların Azərbaycan dilini bilməsi həddindən artıq zəruridir".
"Heç bir dilin mükəmməl olduğunu demirlər. Amerika Təhsil Komitəsi təsdqiləyir ki, əksəriyyət insanların işgüzar korrespondensiyası zamanı 1500-dən artıq söz işlədilmir. Britaniyalılar isə daha da irəli gedərək “ingilis dilinin baza sözlüyü"nü yaratdılar. Leksikondan lazım olmayan sözləri çıxarıb 800-ə çatdırdılar. Söz artıq estetik dəyər daşıyıcısı deyil və onun əsas təyinatı informasiya verməkdir. Yəni uzun-uzun, təkrar danışmaq deyil, əsas məsələni danışmaq lazımdır" - deyə E.Əliyev bildirib.
Onun sözlərinə görə terminlərin əksəriyyəti xarici lüğətlərdən götürülüb və bu anlayışların dilimizdə düzgün tətbiqi üçün deputatlar Azərbaycan dilini çox yaxşı bilməlidirlər:
"Bizdə sanki yazılmamış qanun var – deputat neçə dil bilir? Düşünürlər ki, deputat alman, ingilis dilini bilirsə, o çox savadlıdır, amma deputat ilk növbədə öz dilini yaxşı bilməlidir. Deputatlar vətəndaşlarla görüş təşkil edir, parlamentdə çıxış edirlər. Bu baxımdan dilin zənginliyinin elementlərini daşımaq onlar üçün vacib məsələdir".
Milli Məclis üzvlərinin mütaliəsinin zəif olduğunu dilə gətirən E.Əliyev onu da qeyd edib ki, birmənalı olaraq deputat statusunda olan adamlar daim mütaliə etməlidirlər. Xarici dildə ədəbiyyat oxusalar belə, Azərbaycan dilində qanunla bağlı yazı yaza bilməlidirlər:
"Deputat dövlətçilik naminə yaxı maarifçi olmaq istəyirsə, onun ana dili haqqında sertifikasiyası olmalıdır və bu sistemdə görünməlidir. Mən hesab edirəm ki, iki dil bilmək hər bir şəxsin uğurudur. Amma Azərbaycan parlamentində oturub bu dili bilməmək ölkə adına uğursuzluqdur.
Mən bir çağırış deputat olmuşam və müşahidələrim onu deməyə əsas verir ki, Milli Məclis üzvlərinin mütaliəsi məni qane etmir. Onların parlamentdə və tədbirlərdəki çıxışlarda, yazdıqları məqalələrdə də mütaliələrinin genişliyi hiss olunmur".
Mənbə: yenisabah.az