“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”

“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”

AŞPA-nın almaniyalı təmsilçisi Frank Şvabe növbəti dəfə sərsəmləyib və öz ampluasına sadiq qalaraq müxtəlif mövzular üzərindən ölkəmizi, mövcud iqtidarı ittiham edib.

Adam sanki Azərbaycan üzrə ekspertdir. Və başqa dərdi-filan da yoxdur. Yuxudan narahat qalxır - biz yada düşürük. Evdə arvadla dalaşır – hirsini bizə tökür. Saatı geri qalır – günahı bizdə görür. Dəllək saçını əyrı qırxır - yenə səbəb bizik.

İndi də başlayıb, Milli Məclisdə müxalifət partiyası axtarmağa. Ki, demə bəs Avropa Şurasının əsas tələblərindən biri buymuş.

Hərgah, “müəllim”ə arada soran lazım: Sən axı kimsən ki, bizə başının “razmer”indən 50 dəfə böyük həcmdə məsləhətlər, öyüd-nəsihətlər verəsən, bekar qalan kimi Azərbaycan, onun rəhbərliyi, seçkili orqanları, nazirləri, deputatları haqda ağzına gələni danışasan, öz-özlüyündə müxalifətçilik kriteriyası müəyyənləşdirəsən, AŞPA-da nə zaman olub, nə zaman olmayacağımızla bağlı tarix göstərəsən?

Muzdlu mirzə! Erməni cüzdanından boylanan, nasizmi təbliğ etdiyinə görə 2 dəfə oxuduğu universitetdən qovulan buqələmun!

Nə vermisən Azərbaycana, ala bilmirsən?

Sən hansı mənəvi haqla, hansı “tərcümeyi-halla” özündən bu qədər müştəbehsən?

***

Gürcüstanda keçirilən son seçkiləri izləmək üçün qonşu ölkəyə səfər etmişdik. Şvabe ilə eyni hoteldə qalırdıq. Qalırdıq deyəndə ki...biz qalırdıq, o isə yaşayırdı. Niyə? Çünki adam 4 gün boyunca bircə dəfə də olsun kənara çıxmadı. Daha dəqiq söyləsəm, hotelin ana restoranından o tərəfə addım atmadı. Səhər yeməyinə gedirsən – başının dəstəsi ilə qonşu masada bitib. Günorta yeməyi – yenə eyni cür. Axşam yeməyi – dəyişən bir şey yoxdur. Hətta bir dəfə dözməyib, ofisiantdan soruşdum ki, bu gədə, ümumiyyətlə, oturduğu stuldan tərpənirmi? Gülə-gülə cavab verdi: “Yatmaqdan yatmağa...”

Şvabe seçki günü də hoteldə qaldı və ard-arda mətbuat konfransları keçirdi. Ona görə ki...elə əsas missiyası bu idi: Müşahidə aparmadan qərəzli bəyanat(lar) yaymaq. Avropanın, Qərbin maliyyələşdirdiyi QHT-ləri koordinasiya etmək və nəhayətində Gürcüstanı qarışdırmaq!

Qısası, Şvabe üçün ha Azərbaycan olsun, ha Gürcüstan, ha Polşa, ha Sloveniya - fərqi yoxdur.

Pulunu qoy cibinə, vedrəni ver əlinə.

Qırlıya-qırlıya getsin...

***

Qayıdıram, Frankın “Azadlıq Radiosu”na verdiyi müsahibəyə.

“Müəllim” sonda, ən həssas məqamda belə bir fikir işlədib: “Ortada Avropanın davamlı səyləri olmalıdır ki, real müxalifət partiyaları Milli Məclisdə təmsilçilik qazansın və bundan sonra Azərbaycanın AŞPA-dakı fəaliyyəti bərpa olunsun.“

Amma kaş, Şvabe bu məqamda daha korrekt danışaydı və ən azından iki məsələyə aydınlıq gətirəydi:

1) Əsl müxalifət deyərkən kimi nəzərdə tutur?

2) “Səy” sözü cümlədə hansı anlamda işlənib?

Elşən Musayev, Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı

Mənbə: qafqazinfo.az