İran “Araz yolu”nda Azərbaycanla toqquşur – Zəngəzurla bağlı mübahisəli durum

İran “Araz yolu”nda Azərbaycanla toqquşur –

Son dövrlər İranla Azərbaycan arasında kommunikasiya xətlərinin açılması ilə bağlı danışıqlar fonunda gündəmə gələn “Araz yolu” layihəsi bir sıra mübahisəli suallara səbəb olub. İranlı ekspertlər bu marşrutu Zəngəzur dəhlizinə bir alternativ kimi təqdim edirlər. Onların fikrincə, İran ərazisindən keçəcək yol, Zəngəzurdan keçəcək beynəlxalq dəhlizə ehtiyacı azalda və ya onu tamamilə əvəz edə bilər.

Lakin Azərbaycanda bu yanaşmaya açıq şəkildə etiraz olunur. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, “Araz yolu” əhəmiyyətli bir alternativ marşrut olsa da, bu, Zəngəzur dəhlizindən imtina edilməli olduğu anlamına gəlmir. Azərbaycan tərəfi hesab edir ki, regionda sülhün və davamlı inkişafın təmin olunması üçün həm Zəngəzur dəhlizi, həm də İran üzərindən keçəcək kommunikasiya yolları eyni vaxtda açılmalıdır.

Tehran uzun müddətdir ki, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır və bu layihəni öz maraqları üçün təhdid hesab edir. Belə şəraitdə “Araz yolu” ətrafında yaranan diskussiya, əslində daha geniş geosiyasi rəqabətin və regional güclər arasında maraqlar toqquşmasının bir göstəricisidir.

Bu fikir ayrılığı İranla nə kimi problemlər yarada bilər?

Siyasi şərhçi Əli Mustafayev deyib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı yaranan maneələr Azərbaycanı alternativ yol barədə düşünməyə vadar etdi:

“Bu da artıq gündəmdə olan “Araz yolu” layihəsidir. Bildiyimiz kimi, əvvəllər planlaşdırılan orta yolun Ermənistandan keçməsi nəzərdə tutulurdu. Lakin bu istiqamətdə irəliləyiş əldə olunmadığı üçün alternativ bir marşrut kimi İran ərazisindən keçəcək yolun çəkilməsi barədə razılıq əldə olundu. Hazırda bu yolun tikintisi başa çatmaq üzrədir.

IMG 20241229 WA0069 e1744273965867

Əli Mustafayev

Qeyd edilməlidir ki, İran ərazisindən keçən bu yeni marşrut, planlaşdırılan ümumi nəqliyyat dəhlizinin yəni “Orta yol”un bir hissəsini təşkil edir. Eyni zamanda, hazırda belə bir fikir də müzakirə olunur ki, yolun müəyyən hissəsi Zəngəzurdan da keçsin. Bu isə layihənin şaxələnməsinə və bir neçə istiqamət üzrə reallaşdırılmasına şərait yaradır.

İran tərəfi, yolun tam şəkildə öz ərazisindən keçməsində maraqlıdır. Bununla İran həm bölgədə daha çox iqtisadi gəlir əldə etmək, həm də bu strateji yol üzərində nəzarəti tam şəkildə ələ almaq niyyətindədir. Digər tərəfdən, yolun Zəngəzurdan keçməsi ehtimalı Ermənistanın da regional kommunikasiya layihələrində iştirakını təmin edə bilər. Bu isə ümumilikdə regionda münasibətlərin normallaşması və sülh prosesinə də töhfə verə bilər.

Əlbəttə, bu layihə təkcə region ölkələrinin deyil, həm də bir sıra beynəlxalq aktorların maraq dairəsindədir. Məsələn, ABŞ-ın Bayden administrasiyası dövründə Vaşinqton bu yolun yalnız Zəngəzurdan keçməsi variantını israrla müdafiə edirdi. Bu isə açıq şəkildə göstərir ki, layihə geosiyasi maraqlar fonunda ciddi mübarizə mövzusuna çevrilib. Hazırda Zəngəzurla bağlı məsələlərdə müəyyən çətinliklər və problemlər qalmaqdadır . Hər bir halda Zəngzəur dəhlizinin açılması gözləniləndir”.

Safura Bənnayeva

Mənbə: globalinfo.az