"ASAN xidmət" modelinin uğurlu əsası Prezident İlham Əliyevin siyasi iradəsi ilə qoyuldu. Çünki bu, bir islahatdır. İslahat isə təbii ki, siyasi iradə tələb edir. Bir çox ölkələr var ki, “ASAN xidmət” modelini bəyənirlər, öyrənmək istəyirlər, lakin sonradan əməkdaşlıq dərinləşdikcə hiss edirik ki, həmin ölkələrdə iradə çatışmazlığına görə ASAN modeli uğurla tətbiq oluna bilmir. Bu, bizdə olmadı, çünki Prezident İlham Əliyevin siyasi iradəsi digər sahələrdə olduğu kimi, bu sahədə də aparılan islahatın uğurla həyata keçirilməsinin başlıca səbəbi oldu.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ZİRVƏ – Zəfər idarəçisinin rəhbərlik vizyonu və ənənələri” layihəsinin açılış mərasimində çıxışı zamanı deyib. Onun sözlərinə görə, "ASAN xidmət" modeli nəinki ölkə daxilində, hətta beynəlxalq miqyasda öz qiymətini aldı, Azərbaycanın intellektual brendi və məhsulu kimi tanındı: "Bu gün fəxr və qürurla qeyd edə bilərəm ki, “ASAN xidmət” modelinin 25 ölkədə tətbiqi ilə bağlı müqavilələr imzalanıb. Həmçinin 5 beynəlxalq təşkilata üzv olan ölkələrlə "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı müqavilələr var. Hazırda beş ölkədə "ASAN xidmət" mərkəzləri əsasında xidmət mərkəzləri fəaliyyətdədir".
Ü.Mehdiyevin sözlərinə görə, vətəndaş məmnunluğu təkcə xidmətin şəffaf və sıfır bürokratiya ilə həyata keçirilməsi deyil, həmçinin vətəndaşla məmur arasında münasibətlərin davranış modelindən asılıdır. Uğurlu davranış modeli üçün də əməkdaşların mütəmadi təlimlərə cəlb olunması əsas şərtlərdən biridir: "Bunu əsas götürərək bir müddətdən sonra bizim ASAN İnnovativ İnkişaf Mərkəzi təlim mərkəzi fəaliyyətə başladı. Bu da dövlət və özəl orqanların müraciəti əsasında yaradıldı. Vətəndaşlarla münasibət, vətəndaş məmnunluğunun təmin edilməsi üçün “ASAN”ın təlim təcrübəsi həm də digər qurumlarda öyrədilməyə başladı. Bundan əlavə, “ASAN xidmət” modeli başqa ölkələrə ixrac edildikcə həmin ölkələrin dövlət qulluqçularına ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən xüsusi təlimlər təşkil olunur. Ən çox idarəetmə ilə bağlı təlimlər haqqında müraciətlər alırıq. Biz idarəetmə, liderlik barədə təlimlərə toxunanda hansısa filosofun, xarici ölkənin dövlət və ictimai xadiminin sitatlarına istinad edir, onların hansısa təcrübəsinə baxmağa çalışırıq. Lakin unutmuruq və unutmamalıyıq ki, ən böyük liderlik və idarəetmə təcrübəsi Azərbaycanın özündədir, Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin idarəetmə məktəbidir. Nəyə görə biz həmin idarəetmə məktəbinin ayrı-ayrı komponentlərini təlim mövzusu etməyək və idarəetmə ilə bağlı şəxslərə sırf milli idarəetmə məktəbi olan Ulu Öndər məktəbi tədris edilməsin və təlimlərdə istifadə olunmasın? Ona görə bu istiqamətdə yola çıxıldı. Bu il ərazi bütövlüyümüzün bərpasının, şanlı Zəfərimizin 5-ci ildönümüdür. Ərazi bütövlüyümüz və suverenliyimizin bərpasında son sözü Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu dedi. Lakin ordunun son sözü deməsi üçün hansı strateji idarəetmə tətbiq olundu? Bu, çox geniş mövzudur. "ZİRVƏ" marafonu çərçivəsində az da olsa, biz buna toxunacağıq. Ulu Öndərin və Prezident İlham Əliyevin uğurlu idarəetməsi və strateji vizyonu hər birimiz üçün roldur, modeldir və fürsət düşdükcə tədqiq etməli, araşdırmalı, öyrənməli və öz işimizdə hansısa komponentlərindən istifadə etməliyik".
Mənbə: www.azerbaijan-news.az