Politoloq: Dövlət vətəndaşına sahib çıxmalıydı

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin Dağıstan istiqamətində Məhərrəmkənd rayonu, Kullar postunda baş vermiş hadisə ölkə ictimaiyyətini dərindən sarsıtdı.

Hadisələrə münasibət birmənalı olmadı. Bir çox KİV-də döyülən azərbaycanlılar üçün intiqam çağırışları belə səsləndi. Halbuki mövcud vəziyyət kütləvi şəkildə “döy, vur, haydı hücuma” komandasına qoşulmağı yox, aydın başla düşünməyi və vəziyyətin təcili şəkildə həllini tələb edir. Politoloq, ehtiyatda olan zabit Tərlan Eyvazov baş verənlərlə bağlı Bizimyol-info-ya şərh verərkən qeyd edib ki, hər hansı bir yerdə vətəndaş qısnanırsa, incidilirsə, bu onun ölkəsinin hökumətinin günahıdır.

Tərlan Eyvazov

“3 ay Dağıstanda sıxışıb qalmış azərbaycanlıların psixoloji vəziyyəti həddən artıq gərgin olmalıydı. Bunu bilmək o qədər də çətin iş deyil. İki gün həftə sonu karantində qalırıq, hay-küy salırıq, bəs o azərbaycanlılar 3 aydır məscidlərdə, məktəblərdə, çadırlarda çətin vəiyyətdə qalırlar.Onları mərhələli şəkildə gətirmişdilər. Amma maksiumum 300 nəfəri gətirmək nə dərəcədə ağır olan iş idi? Əvvəllər onlara kömək edilirdi, amma sonra hamı yoruldu, diaspora da, xeyriyyəçilər də. Dağıstan özü kasıb bir yerdir və eyni zamanada kriminal hadisələrin çox olduğu bir ərazidir. Mahaçqalda və Dərbənddə Azərbaycan diasporu fəaliyyət göstərir, eyni zamanda dini icma da əhaliyə dəstək göstərirdi.Onların arasında mütəmadi əlaqə saxladığım tanışlar, yoldaşlar var. Danışarkən sərhəddəki soydaşlarımızın vəziyyətinin çox pis olduğunu deyirdilər. Ac yalavac, işsiz-gücsüz dayanan insanlar əvvəl- axır bir gərginlik yaratmalıydılar. Mən bu məsələdə OMON-nu günahkar bilmirəm, günah bizim tərəfdədir ki, onları gətirmədilər sahib çıxmadılar. Rusya ərazisində ermənilər, gürcülər , taciklər və. s millətlər də var idi, niyə onlara qarşı bu baş vermədi, yalnız azərbaycanlılara qarşı baş verdi? Deməli əlaqədar qurumlar öz işlərini doğru düzgün qurmayıblar. Biz o qədər zəif dövlət deyilik ki, o vətəndaşların ölkə ərazisində yerləşdirilməsi mümkün olmayaydı. Dağıstandakı soydaşlarımız öz gücləri hesabına gəlib sərhəd xəttinə qədər çatmışdılar. Qalırdı bircə onların ölkəyə gətirilməsi.Çox çətin vəziyyətdə idilər, dəfələrlə səslərini eşitdirməyə çalışdılar, aksiyalar keçirdilər. Cavab olaraq da bizimkilər “dözün” dedilər. Əsəblər gərilib hay-küy salanda da bu vəziyyət yarandı. Rus polisi, OMON öz işini yeinə yetirib. Bu gün orda azərbaycanlıların döyülməsinin günahkarı bu işlə məşğul olan qurumlardır. Dövlət öz vətəndaşına sahib çıxmalıydı və çıxmalıdır”.

Millət vəkili Qənirə Paşayeva da mediaya verdiyi açıqlamada, Dağıstandakı soydaşlarımızın probleminin təcili həllinin vacibliyini qeyd edib.

“Bu, həm də bir dövlət olaraq, imic məsələsidir. Çünki, hər gün müxtəlif telekanallar, ölkəmizə qarşı qarayaxma kompaniyaları aparan qüvvələrə arqument verməməliyik. Cənab Prezidentimizin hər bir vətəndaşımıza həssas münasibətini nəzərə alaraq bu məsələnin qısa zamanda həllini tapacağına inanırıq”.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məsələyə münasibət bildirərək qeyd etdi ki, bu günə qədər Rusiyadan 2976 nəfər Azərbaycan geri qayıdışı təmin olunub.Q rafik üzrə bu gün 150 nəfərdən artıq vətəndaşın ölkəyə keçməsi təmin olunacaq. Həmçinin bu həftə “Evə gedirəm” portalı vasitəsilə qeydiyyata düşmüş vətəndaşların Bakı-Moskva-Bakı çarter reysi ilə geri qaytarılması da nəzərdə tutulub.

Vətəndaşların ölkəyə geri dönməsi zamanı, ilk növbədə, üstünlük yaşlılara, xəstələrə, qadınlara və uşaqlara, ailələrə verilir və Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin qəbuletmə imkanları nəzərə alınır.

İlhamə Rəsulova

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Kaspşik: “Şərtlər imkan verən kimi genişmiqyaslı monitorinqlər davam etdiriləcək”

SONRAKI XƏBƏR

İranda 2200-dən çox məhsulun idxalına qadağa qoyuldu