DSX silahlanmasında ABŞ istehsalı tüfəng - M16 (ARAŞDIRMA)

DSX silahlanmasında ABŞ istehsalı tüfəng - M16 (ARAŞDIRMA)

II Dünya müharibəsindən sonrakı müddət, atıcı silahların yaradılmasında xüsusi bir dövr kimi yadda qalıb. Bu müddət ərzində müxtəlif çeşiddə avtomatik silahlar yaradılsa da, yalnız onların bəziləri kütləvi istehsalı və çox sayda münaqişələrdə tətbiqinə görə özünəməxsus avtoritetə malikdir. Bu silahlardan biri də ABŞ tərəfindən yaradılan və istehsal edilən əvvəlcə AR15, sonra isə M16 indeksini qəbul edən avtomatik tüfənglərdir. Bu tüfənglərin Azərbaycan Silahlı Qüvvələri tərəfindən, o cümlədən DSX və sülhməramlı kontingentlərimiz tərəfindən istifadə edilməsi məlumdur. Bu dəfə Sizə M16 tüfənglərinin yaradılması, sınaqları, fəaliyyət prinsipi, konstruksiyası, modifikasiyaları, tədarükü, sursatları, versiyalarına görə taktiki-texniki xüsusiyyətləri, modernləşdirilməsi, istifadəçiləri və döyüş tətbiqi barədə məlumat veriləcək.


Rəsmi təyinatı əvvəlcə AR15 olan M16 tüfəngləri keçən əsrin 60-cı illərində 5.56 mm çaplı patron üçün hazırlanıb. Həmin dövrdə silahlanmaya qəbul edilən və bu günə qədər ABŞ-ın Silahlı Qüvvələrinin bütün bölmələri tərəfindən istifadə olunan M16 düşmənin canlı qüvvəsini məhv etmək və atəş nöqtələrini susdurmaq üçün hazırlanıb. Ümumilikdə istehsal illərində 8 milyon ədəd M16 buraxılıb, bu isə onun AK silahlarından sonra ən populyar tüfəng olduğunun göstərir.

Yeni tüfəngin inkişafı ABŞ əsgərləri üçün yeni zireh mühafizəsinin yaradılmasına yönələn ALCLAD layihəsinin nəticəsində mümkün oldu. Layihə silahla bərabər hər iki Dünya müharibəsi zamanı əsgərlərin yaralanma və ölüm hallarının dərin təhlili əsasında yeni qorunma vasitəsinin hazırlanmasını nəzərdə tuturdu. Bunun üçün 3 milyondan çox ölüm və xəsarət hadisəsi haqqında məlumat toplandı. Tədqiqatın nəticələri yeni müharibə vasitələrinin inkişaf istiqamətlərini müəyyən etməyə imkan verdi.

Nəticələr o dövr üçün qeyri-adi idi, məlum oldu ki, döyüş itkilərinin 70%-i qəlpə xəsarətləri ilə əlaqədardır. Kiçik silahlar qoşunlara dəyən zərərin yalnız 20%-ni təşkil edirdi. Silah yaralarının əksəriyyəti 300 metrə qədər, ölümcül yaraların böyük əksəriyyəti isə 100 metrə qədər məsafədən vurulurdu. Mütəxəssislər bu məsafələrdə kifayət qədər effektiv ola biləcək atıcı silah inkişaf etdirməyin vacib olduğunu başa düşdülər. Atəşin yüksək sıxlığına da nail olmaq zəruri idi, çünki qısa məsafələrdə hər bir fərdi güllənin dəqiqliyindən daha çox atəş sıxlığı əhəmiyyətli rol oynayırdı.

Texniki tələblər


Yeni tüfəng üçün aşağıdakı tələblər irəli sürüldü:

- xüsusi yüngül patronun istifadəsi;
- minimum təpmə qüvvəsi;
- yüksək sıxlığa malik avtomatik atəş imkanı;
- 500 metrə qədər məsafələrdə hədəflərin effektiv məhv edilməsi;
- yüksək atəş tempi;
- fasiləsiz atəş açarkən yüksək hədəfi məhv etmə ehtimalı.

AR15-in inkişafı


Ordu komandanlığı 5.5-5.6 mm aralığında 20 ədəd patona malik xəzinə ilə təchiz edilən silahın hazırlanması üçün LMR ("Lightweight Military Rifle" - Yüngül Hərbi Tüfəng) müsabiqəsinə start verdi. Silahın ümumi kütləsi 3 kq-a bərabər olmalı və tək-tək atəş açarkən tüfəng adi dəbilqəni 500 metr məsafədən dəlib keçməli idi.

ABŞ Müdafiə Nazirliyi bu layihə çərçivəsində, Silahlı Qüvvələri 7.62 mm çaplı silahdan 5.56 mm çaplı silaha keçirmək qərarına uyğun olaraq AR-10 tüfənginin bazasında yeni silahın yaradılmasını "Armalite Division of the Fairchild Aircraft Corp" şirkətinə həvalə etdi. 1959-cu ildə isə bu şirkət AR-15 silahının istehsal hüququnu "Colt’s Patent Firearms Manufacturing Company" şirkətinə satır.

Sınaqları


Bir çox şirkət dövlət sifarişinə reaksiya verdi və müsabiqədə aşağıdakı müxtəlif tüfəng nümunələri iştirak etdi:

AR-15 (5.56 mm çaplı);
"Winchester" (5.69X55 mm çaplı);
M14 (5.56 mm çaplı).

Aşkar favorit, tüfəngin daha əvvəlki 7.62 mm-lik AR-10 versiyası bazasında hazırlanan AR-15 tüfəngi hesab edilirdi. Patronun kütləsi və gücünün azalması səbəbindən, çaxmaq mexanizminin çəkisi və sürüşmə məsafəsi azaldı.

Nəticədə tək və növbəli atəş zamanı dəqiqliyi artırmaq mümkün oldu. Xüsusiyyətlərin yaxşılaşdırılması ilə yanaşı, sistemin həddindən artıq yüksək qiymətinin də qarşısı alındı. Məsələn, alüminium ərintilərindən yüksək dəqiqlikli tökmə kimi aviasiya texnologiyası, əhəmiyyətli texniki fəsadlar olmadan ümumi kütlənin azalmasına səbəb oldu. Tüfəng dizayn və erqonomikada da favorit idi.

İnkişafdan daha ciddi problemlər sınaqlar mərhələsində baş verdi. İlk ordu sınaqları 1958-ci ildə həyata keçirildi və Komandanlıq inkişafı təsdiqlədi, lakin Silahlanma İdarəsinin rəisi nəticələri qəbul etmədi. Rəsmi səbəb kimi silahın 6.55 mm patron üçün hazırlanması tələb edildi. Əslində bu absurd tələb idi, çünki ordu üçün bu çapda patronların kütləvi satınalınması planlaşdırılmırdı. Nəticədə digər iki rəqib də qiymətləndirildi, bunlarda da bir neçə nöqsan aşkarlandı. "Armalite" tüfəngi köhnə nişangaha malik olsa da ən yüksək etibarlılıq nümayiş etdirdi.

"Winchester" isə yüksək dəqiqlik faizinə malik idi, lakin çaxmaq qrupu zəif idi və tez sıradan çıxırdı. Tövsiyələr iki sistemin müsbət keyfiyyətlərini bir silahda birləşdirməyin zəruriliyini göstərirdi.

Bənzər iddialar Alyaskada davam edən sınaqlarda da səsləndi. Burada silahın İkinci Dünya müharibəsi illərində ABŞ Ordusu üçün eksperimental olaraq satın alındığı 7.21 mm-lik patron üçün hazırlanması təklif edildi. İstehsalçılar istəksiz olaraq ordu rəhbərliyinin tələbləri ilə razılaşdılar.

Nəticədə, 1959-cu ilin sonunda M14 silahlarının arsenalda saxlanılması qərara alındı və bu tip tüfəng sistemləri üçün uyğun olan tək sursat olaraq 7.62 mm-lik çap qəbul edildi. Digər çaplı bütün silahların inkişafı avtomatik olaraq minimuma endirildi. İnkişaf etdirilən layihələrin bəzisi ordu tüfənginə əsaslanan qumbaraatan kompleksinin yaradılmasına yönəldildi.


Gələcəkdə M16 adlandırılacaq AR15 tüfəngləri barədə yeganə adekvat reaksiyanı Eksperimental Hərbi Tədqiqatlar Mərkəzi verdi. Onun rəyində yeni silahların üstünlükləri aşağıdakı ardıcıllıqla qeyd edildi:

- döyüşçülərin silahlar barədə çoxsaylı müsbət rəyi;
- yüksək etibarlılıq;
- minimum kütlə;
- zəif təpmə;
- əla balanslaşdırma;
- avtomatik atəş zamanı lülənin minimum titrəməsi (amplitudası);
- axımlı tətik;
- yaxşı atəş sıxlığı;
- üstün erqonomika.

Rəyin sonunda isə köhnə M14 tüfənglərinin qoşunlarda mümkün qədər tez dəyişdirilməsi tövsiyə olunurdu.

Fəaliyyət prinsipi


M16 silahlarının avtomatik fəaliyyət prinsipi atəş zamanı yaranan barıt qazlarının istifadə edilməsinə əsaslanır. Lülə hava ilə soyudulur, onun kilidlənməsi isə çaxmağın dönməsi hesabına təmin edilir.

M16 tüfənginin avtomatik fəaliyyət dövrü belədir: atəşdən sonra qaz borusu vasitəsilə barıt qazları boşaldılır və çaxmaq çərçivəsi geri itələnir. Çərçivənin hərəkəti çaxmağın dönməsinə və onun lülədən çıxmasına səbəb olur. Qalan təzyiqin təsiri altında, çərçivəyə malik çaxmaq patron kamerasında hərəkət edir, nəticədə giliz çölə atılır və yay geri sıxılır. Yay təkrar açıldıqda çaxmaq qrupunu geri itələyir. Çaxmaq isə xəzinədən yeni patronu götürərək onu kameraya ötürür. Çaxmaq özü isə lülə ilə birləşərək onu kilidləyir. Bununla da avtomatika dövrü tamamlanır. Hər atəşdən sonra isə bu dövr təkrarlanır.

M16-nın konstruksiyasında, silahın yendən doldurulmasını asanlaşdırmaq üçün çaxmaq dəstəyinin ən son arxa vəziyyətinə çəkilməsində çaxmaq çərçivəsinin gecikməsi nəzərdə tutulur. Bu xəzinədə sursat bitdiyində yalnız xəzinəni dəyişərək qəbuledici çərçivənin sol tərəfində yerləşən ləngimə düyməsinə basmaqla atəşi davam etdirməyə imkan verir, qısaca olaraq yenidən silahı yoxlamağa və çaxmaq dəstəyini geriyə çəkərək onu doldurmağa ehtiyac qalmır.

Lülə


Lülə uzunluğu 508 mm idi, lakin sonradan bu uzunluğun həddindən artıq olduğu məlum oldu. Döyüş məsafəsini nəzərə alsaq, bu xüsusiyyət baxımından ciddi bir üstünlük vermirdi. Lakin tüfənglərlə döyüşçülərin zirehli personal daşıyıcılarında nəql edilməsində çətinlik yaradırdı.

Lülə yivləri AK tüfənglərindən fərqli olan müəyyən bir həndəsi formaya malikdir. Sonrakı modellərdə lülənin qalınlığı artırıldı, bu isə daha yüksək döyüş intensivliyində silahın etibarlılığını artırmağa imkan verdi.

İstehsalı


1958-ci ildə Merilend ştatının Hagerstoun şəhərindəki "Armalite" şirkətinin də daxil olduğu "Fairchild Engineering & Airplane Corp." korporasiyasının bölməsi olan "Fairchild-Stratos" və "Colt’s Patent Firearms Manufacturing Company" şirkətinin nümayəndələri, 1959-cu ilin yanvarın 7-də lisenziyalaşdırma sazişi və texniki əməkdaşlıq müqaviləsi bağladılar. Müqavilə şərtlərinə görə, "Colt" tüfəng istehsal edərək ABŞ-da və xaricdə müştərilərə satmaq hüququ əldə etdi.

Əməliyyat xaricdə məhsulların eksklüziv satıcısı olan və Baltimorda yerləşən "Cooper-Macdonald Inc." vasitəçiliyi ilə həyata keçirildi. Orijinal razılaşma 1963-cü ilin aprelin 1-də genişləndirildi və ona əlavələr edildi, nəticədə "Colt" həm sadalanan hüquqların müstəsna sahibi oldu, həm də Hindistan və Malayziyaya satmaq üçün planlaşdıran tüfənglərin istehsalına başladı.

Beləliklə, AR15/M16 istehsalı ilə "Colt" məşğul oldu, daha sonra Belçika şirkətinin eyni adlı ABŞ filialı olan FN "Manufacturing" şirkəti də istehsala qoşuldu. İstehsal Cənubi Karolina ştatındakı Kolumbiya şəhərindəki zavodda təşkil edildi. Tüfənglərin istehsalı üçün polad, alüminium və plastik materiallardan geniş istifadə olunur.

Tədarükü


İlkin mərhələdə quru qoşunlarının ehtiyacları üçün inkişaf etdirilməsinə baxmayaraq, 1961-ci ilin yazında Hərbi Hava Qüvvələri tərəfindən yeni AR-15 tüfənginin bir partiyası satın alındı və ona M16 indeksi də məhz bu qurum tərəfindən verildi. Satınalma nəticələri rəhbərliyi məmnun etdi, buna görə də 1962-ci ilin sonunda M16-lar hərbi hava bölmələrində mövcud olan M14 tüfənglərinin yerini aldı. Ondan əsasən təhlükəsizlik və mühafizə üçün istifadə olundu.

Cənubi Vyetnamda partizan dəstələrini təchiz etmək üçün daha çox atıcı silaha ehtiyac duyulurdu, bu isə M16 silahlarının döyüş sınaqları üçün yaxşı bir fürsət idi. Onu təbiət etibarı ilə qısa boylu və qısa əlli olan vyetnamlılar üçün ən yaxşı silah sistemi kimi qəbul etdilər.

1961-ci ilin yayında ABŞ-da tüfəng sınaqları üçün bütün lazımi ehtiyat hissələri və döyüş sursatına malik 1000 ədəd M16 silahından ibarət bir partiya alındı. Növbəti sınaqlar ordunun nəzarət-yoxlama idarəsi tərəfindən aparıldı. Onlar əvvəlki yoxlamalarda iddia edilən süni çatışmazlıqları geri götürdülər.

İlk partiyada ABŞ Hərbi Hava Qüvvələrinə və donanmanın xüsusi təyinatlı SEAL bölmələrinə 20 min tüfəng çatdırıldı. 1963-cü ildə "Colt" firması ilə 104 min tüfəng təchizatı üçün yeni bir müqavilə imzalandı. Bu partiyanın 85 mini Hərbi Desant Qüvvələri və ABŞ Ordusunun xüsusi təyinatlı qüvvələri üçün, 19 mini isə yenə də Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulurdu.

1966-cı ildə Vyetnamda müharibənin qızışması və bir neçə yüz minlik ABŞ hərbi kontingentinin bu ölkəyə girməsi ilə Vyetnamdakı bütün amerikalı əsgərlər yeni tüfənglərlə silahlandı.

Sursatları

M16 tüfənglərinin ilk mülki variantları praktiki olaraq silahlı qüvvələrə verilənlərdən fərqlənmirdi. Bu tüfənglərin hər ikisi 5.56x45 (.223 Remington) çaplı idi. 1980-ci illərdə .22 "Long Rifle" patronu üçün silah versiyası istehsal edildi, .22 "Long Rifle" patronu üçün silah versiyası istehsal edildi. Bu patronun istifadəsi üçün xəzinə və patron kamerasına xüsusi adapter yerləşdirməklə mümkündür.

9×19 mm "Parabellum" və 11.43x23 mm çaplı tapança patronları üçün versiyalar da mövcud idi, lakin burada adapterdən başda lülə qutusunun üst hissəsinin dəyişdirilməsi də tələb edilirdi. Hazırda FN 5.7x28 və 7.62x25 mm TT patronları üçün versiyalar da mövcuddur.

Daha sonra AR-15/M16 tipli tüfənglərin perspektivli 6.8 "Remington SPC" (6.8x43), 6.5 "Grendel" (6.5x38), 7.62x51 mm NATO, 7.62×39 mm çaplı Sovet, müasir .300 AAC "Blackout" (7.62x35) və .300 "Whisper" (7.8x34) patronları üçün fərqli versiyaları istehsal olunmağa başlandı.

1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərindən M16 tüfənglərində istifadə üçün xüsusi olaraq hazırlanan iriçaplı patronlar da istehsal edilir. Bunlara .450 "Bushmaster" (11.4x43), .458 SOCOM (11.6x40), .499 LWR (12.5x44) və .50 "Beowulf" (12.7x42) aiddir. Bu sursatların qısa və orta atəş məsafələrdə güllə enerjisinə ilə əhəmiyyətli bir dayandırma təsirinə malik olması, bu çaplı tüfəngləri polis və ovçular tərəfindən səmərəli istifadə etməyə imkan verir.

Taktiki-Texniki Xüsusiyyətləri (fərqli xüsusiyyətlər M16A1/A2/A3/A4/Colt M4 ardıcıllığı ilə göstərilir)


İstehsalçısı: ABŞ;
Təyinatı: Hücum tüfəngi;
Hazırlandığı tarix: 1957-1982-ci illər;
Konstruktoru: Eugen Stoner
İstifadəsi: 1963-cü ildən bu günə qədər;
İstehsalçı şirkət: Colt;
İstehsal sayı: 8000000 +;

Uzunluğu: 991/1000/991/840/750 mm;
Lülə uzunluğu: 508/510/508/370/368 mm;
Boş xəzinə ilə kütləsi: /3.2/3.5/3.2/2.88/2.55 kq;
Çapı: 5.56 mm;
Sursatı: 5.56x45 mm M193/5.56x45 mm M193/5.56x45 mm M193 və 5.56x45 mm M855/ 5.56x45 mm M855;
Nişangah tipi: dioptik;
Atəş tempi: dəqiqədə 650-850 ədəd;
Güllənin ilkin sürəti: 990/990/990/910/910 m/s;
Effektiv atəş məsafəsi: 500/700/500/700/700 m;
Maksimum atəş məsafəsi: 800/900/800/900/900 m;
Xəzinənin dolu kütləsi: 356/395/356/356 qr;
Xəzinə tutumu: 20/20; 30; 40/20/30/30; 40 ədəd.

Modernləşdirmə


M16

M16 - silahın standart versiyasıdır, 1959-cu ildə AR-15 adı ilə "Colt" mütəxəssisləri tərəfindən istehsal edilib, hazırda silahlanmadan çıxarılıb, lakin mülki vətəndaşlar və polislər üçün istehsalı davam etdirilir.

M16A1

M16A1 - M16-nın 1967-69-cu illərdə inkişaf etdirilən versiyasıdır. A1 baza versiyasından çaxmağın sağ tərəfindəki dişlər və itələyici çərçivənin mövcudluğu ilə fərqlənirdi. Bundan əlavə, M16A1 bir az daha böyük kütləyə, çaxmaq sürüşməsinin azalması səbəbindən daha yüksək atəş sürətinə və daha üstün etibarlılığa malik idi. Silah səsboğucu ilə təmin edilirdi və xəzinə tutumu 30 patrona qədər idi. 1967-1985-ci illərdə ABŞ və müttəfiq ordularda istifadə edildi.

M16A2

M16A2 - M16A1 avtomatının sonrakı versiyasıdır. 1978-ci ildə PIP adlanan M16A1 modernləşdirmə proqramına başlandı. 1980-ci ildə Belçikanın 5.56 mm SS109 patronu (5.56x45, ABŞ təyinatı M855) NATO çərçivəsində standartlaşdırıldı. 1982-ci ildə istifadəyə verilən M16A2 tüfəngləri də bu sursatlar üçün nəzərdə tutulurdu. ABŞ Dəniz Piyada Korpusuna tədarükü 1984-cü ildə, orduya isə 1985-ci ildə başlandı. Sonrakı digər modellərin hamısı əsasən A2 bazasında və onun konstruksiyasına uyğun olaraq hazırlanır.

M-16A1 və A2 arasındakı əsas fərq isə sonuncunun 2-3 patronla fiksasiya edilən növbəli atəş açmaq imkanına malik olmasından ibarətdir. M-16A2 versiyasında tüfəngin yiv addımı 305 mm-dən 178 mm-ə qədər azaldıldı və bu da onun SS109 sursatlarına uyğunlaşmasına imkan verdi. Atəş dəqiqliyini artırmaq üçün silahda 510 mm uzunluğunda qalın divarlar və daha dik yivlərə malik lülə quraşdırıldı. M16A2-də yüngül plastik xəzinədən istifadə olunur. 1990-cı ildən tüfəng istehsalı FN "Manufacturing Inc" şirkətinə verildi.

Digər modernləşdirmələrə aşağıdakılar daxildir:


M16A3 – M16A2-nin ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən istifadə olunan versiyasıdır;
M16A4 - M16A2-nin versiyasıdır;
M4 - M16A2-nin qısaldılan versiyasıdır;
M4A1 - M4 tüfənginin səssiz atəş rejimli versiyasıdır.

ABŞ ordusu M16 tüfənginin ən son variantlarını olan M16A3 və M16A4 tüfənglərini 1994-cü ildə silahlanmaya qəbul edib.

M16 silahlarının bəzi versiyaları fərqli indekslə başqa ölkələrdə istehsal edilib:

"Diemaco C7"/"Diemaco C8" - M16A1 və M4 tüfənginin Kanada tərəfindən hazırlanan versiyalarıdır;
"Daewoo K1"/"Daewoo K2" - M16A1-in Cənubi Koreya tərəfindən hazırlanan versiyasıdır;
CQ 5.56 və DIO S-5.56 - M16A1 tüfənglərinin İran və Çinə satış üçün nəzərdə tutulan versiyalarıdır;
HK 416 - M4 tüfənginin Almaniya versiyasıdır;
"Type 65" və "Type 86/91" - M16 və M4 tüfənglərinin Tayvan versiyasıdır;
"Khaybar" KH 2002 - M16 tüfənginin İran versiyasıdır.

Digər layihələr

Şirkət Vyetnamda XM177 (Hərbi Hava Qüvvələrində), XM177E1 və E2 (orduda) təyinatlarında istifadə olunan "Colt Commando" silahını M609 modifikasiyasında hazırlayıb.

"Colt Commando" ailəsi özündə uzunluğu 254 mm-dən 368 mm-ə qədər olan bir sıra karabinləri birləşdirirdi. Lülə əyləci gücləndirilərək 102 mm-ə çatdırıldı, uzunluğa görə tənzimlənən boru tipli teleskopik qundaq quraşdırıldı və simmetrik hissələrdən ibarət "yuvarlaq" lülə yatağı tətbiq edildi.

"Colt Commando" xüsusi təyinatlı qüvvələrin arsenalına verildi, qundağı olmayan bir variantı (ümumi uzunluğu 670 mm) isə helikopter və zirehli maşın ekipajları üçün özünümüdafiə silahı kimi istehsal edildi. "Colt Comando" silahları İsrail Müdafiə Ordusu və Britaniya SAS (Xüsusi Hava Xidməti) üçün də alındı. Bu silahların fəaliyyət prinsipi M16A1 versiyası ilə eynidir.

Şirkət tərəfindən M16 bazasında yaradılan digər silahlara aşağıdakılar daxildir:


- M701 standart avtomatik silahı;
- M16A2 HBAR (Model 741) ağır lüləyə və ayaqlara malik yüngül pulemyotdur, onun bazasında 1987-ci ildə antiterror polis bölmələri üçün AR15A2 "Delta HBAR" snayper tüfəngi də hazırlandı;
- M723 karabini;
- M231 hücum tüfəngi;
- "Colt Commando" tipli, lüləsi 290 mm-ə qədər azaldılan M733 hücum tüfəngi;
- M723 (M4) tipli "Colt" karabin modeli.
- M733 "Colt Commando" karabini.

Döyüşlərdə tətbiqi


M16 ilk dəfə 1962-ci ildə Britaniya ordsunun xüsusi bölmələri tərəfindən İndoneziya-Malayziya konfliktində istifadə olundu.

İngilis əsgərlərinin əlindəki yeni silah həm yüksək dəqiqliyinə, həm böyük daşınan silah-sursat dəstinə, yüngül kütləyə malik olmaqla bərabər çirklənməyə qarşı yüksək həssaslıq və döyüş sahəsində təmizlənməsində bəzi problemlər nümayiş etdirdi.


M16 əsl məşhurluğunu isə Vyetnam müharibəsində qazandı. M16 silahından ABŞ və Cənubi Vyetnam hərbi birləşmələri istifadə edirdi. Vyetnamdan sonra tüfəng bir neçə dəfə modernləşdirildi və mövcud çatışmazlıqlar aradan qaldırıldı. M16-nın sonrakı versiyaları etibarlılığı və dəqiqliyi ilə fərqlənməklə bərabər bu günə qədər ABŞ Silahlı Qüvvələrinin əsas silahı kimi arsenalda qalmaqdadır. ABŞ və onların çox sayda müttəfiqləri 1973-cü ildən bəri iştirak etdikləri bütün müharibə, münaqişə və böhranlarda - Vyetnam, İndoneziya, Malayziya, Kamboca, Rodeziya, Filippin, Kamboca, Çin-Vyetnam, Salvador, Livan, Şri-Lanka, Somali, Liberiya, Sierra Leone, Nepal, Konqo, Əfqanıstan, Darfur, Kivu, Lahad, Suriya və Maravidə - bu tüfənglərdən istifadə ediblər.

Hazırda dünyanın 60-dan çox ölkəsinin Silahlı Qüvvələri müxtəlif modifikasiyalarda olan təxminən 8 milyon ədəd M16 tüfəngindən istifadə edir.

Nəticə


Hər bir silahın döyüş imkanlarının real qiymətləndirilməsi getdikcə daha da çətinləşir. Buna həm silah istehsalçılarının məhsullarını daha yüksək dəyərləndirilməsi, həm də rəqabət aparan tərəflərin digər istehsalçıların məhsulları barədə mənfi fikir formalaşdırmaq cəhdləri daxildir. Buna görə də silahları dəyərləndirərkən daha çox silahların döyüşlərdə tətbiqi faktlarına əsaslanmalı oluruq.

1965-ci ilin noyabrında ABŞ xüsusi təyinatlı qüvvələrinin Şimali Vyetnamın 1-ci Diviziyasının bölmələri ilə şiddətli və uzun sürən döyüşlərindən sonra amerikalı komandir Harold G. Mur yeni M16 tüfəngi haqqında bunları dedi: "Bu gün bizə qələbəni M16 gətirdi". Bununla yanaşı, o, avtomatik atəşin yüksək effektivliyinə 200 metrədək məsafədə nail olunduğunu və 300 metrdən çox məsafədə düşmənin heç də həmişə polad dəbilqəsini dəlib keçə bilmədiklərini qeyd etdi. M14 tüfənginin 100 ədəd patronun, M16-nın 250 ədəd sursatı ilə eyni kütləyə malik olması, döyüşdə hər bir əsgərin daha üzun müddət atəş açmasını təmin edirdi.

Texniki xidmətin mürəkkəbləyi ilə bağlı çatışmazlıqları 1967-ci ildə modernləşdirmə nəticəsində aradan qaldırmaq mümkün oldu. Bundan sonra yeni silah olduqca təsirli və üstün olduğunu sübut etdi. 1968-ci ildə ABŞ Müdafiə Nazirliyi tərəfindən dəniz piyadalarının hansı silaha sahib olmaq istədiyi soruşulduqda, əksəriyyət M16 lehinə seçim etdi. Rusiya mediasında M16-ların əsas rəqibi olan AK tüfəngləri ilə müqayisədə davamlılıq və etibarlılıq baxımından qismən geri qaldığı iddia edilsə də, atəş dəqiqliyi və atəş məsafəsi baxımından ABŞ silahının "Kalaşnikov"dan iki dəfə yaxşı olduğu etiraf edilir.

AK sadə seçim olaraq mexaniki nişangahla küçə döyüşünün dumanlı və tozlu atmosferində bəzi üstünlüklər təqdim edə bilir, lakin M16 diopter nişangahı ilə uzaq məsafələrdə daha səmərəlidir.

300 metr məsafəyə atəş zamanı hədəf nöqtəsindən üfiqi yayınma 15 sm, şaquli yayınma 22 sm-dir. Bu isə kifayət qədər yüksək göstəricidir.

M16 tüfəngləri kütlə, ölçü, dəqiqlik və təpmə xüsusiyyətlərində sələfləri ilə müqayisədə ciddi nailliyyətlər əldə etdi. Nisbətən kiçik sursat geritəpmə gücünü, tüfəngin kütləsini və ölçüsünü azaltmağa imkan verdi. Porşensiz çaxmaq mexanizmi həm silahın yüngülləşməsinə, həm təpmə qüvvəsinin azalmasına, həm də silahın bir düymə ilə doldurulmasına imkan verdi. Barıtın keyfiyyəti və işlənmiş qazların kiçik həcmi gülləni yüksək lülə enerjisi ilə təmin edir.

M16-da çaxmaq və qundaq lülə kanalının davamı kimi eyni oxun üzərində yerləşdirilib, bu isə hədəfə tuş gələn güllə sıxlığının artırılmasını təmin edir.

Tüfəngdə istifadə edilən 305 mm yiv addımı sonradan M-16 A3 modellərində 178 mm-ə qədər endirildi və SS 109 gülləsindən istifadə edilməyə başladı, nəticədə nüfuzetmə gücü iki dəfə artdı. Uçuşda güllənin fırlanma tezliyinin artması onun sabitliyini də artırdı.

Dioptik tipli nişangah sayəsində hədəfalma asanlaşıb, dəqiqlik isə artıb. Hazırda ABŞ ordusu əsgərləri arasında 4 qat böyütməyə malik "Acog" tipli optik və AN/PVS-14 gecəgörmə nişangahına malik M16A4 versiyası mistik bir populyarlıq qazanır. Bu tüfənglər optik cihazların köməyi ilə düşməni 1300 metr məsafədə məhv etmək imkanına malikdir.


Ümumiyyətlə ABŞ istehsalı olan M-16 ailəsinin taktiki-texniki xüsusiyyətləri analoqlarından kifayət qədər yüksəkdir. Onun əsas üstün xüsusiyyətlərinə aşağıdakılar aid edilir:

- kütləsi;
- minimum təpməsi;
- yüksək dəqiqliyi;
- ilkin güllə sürəti;
- hədəfdə sıx atəş yığını;
- üstün çaxmaq mexanizmi;
- rahat balanslaşdırma.

M16 tüfəngləri öz keyfiyyətinə görə hazırda ən üstün atıcı silah kateqoriyasına daxildir, lakin onun çoxsaylı versiyaları arasında M16A3 hərbi mütəxəssislər tərəfindən ən yaxşı hücum tüfəngi kimi qiymətləndirilir. Kimin nə düşünməyindən asılı olmayaraq, M16 silahlarının son A4 versiyası artıq dünyada avtomatik silah standartı kimi qəbul edilib və hamı bununla razılaşmağa məcburdur.

ABŞ-da bu günə qədər kifayət qədər müasir silahlar hazırlanıb və bu proses hələ də davam edir, lakin Pentaqon hələ də M16 ailəsinin versiyalarına etibar edir və onları arsenaldan çıxarmağa tələsmir.

Mənbələr:

http://www.afgan.ru/memorial/vintovka-m16-.html
https://militaryarms.ru/oruzhie/vintovki/m-16/
https://russian7.ru/post/chem-amerikanskaya-vintovka-m16-khuzhe-avto/
http://www.gunza.ru/faq/m16faq.html

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Mənbə: ordu.az