"Tutulanlar arasında Amerika pasportu olanlar da var" - Prezident açıqladı

"Tutulanlar arasında Amerika pasportu olanlar da var" - Prezident açıqladı

Belarus Prezidenti Aleksandr Lukaşenko respublikada seçki kampaniyası zamanı həbs olunanlar arasında “Amerika pasportu olan, amerikalı qadınlarla evlənən, Dövlət Departamentində işləyən” şəxslərin olduğunu bəyan edib.

Teleqraf.com xəbər verir ki, Belarus liderinin mətbuat xidmətinin verdiyi məlumata görə, müvafiq açıqlama seçki kampaniyasının təhlükəsizliyini təmin etmək üçün keçirilən iclas zamanı verilib.

“Prezidentin sözlərinə görə, artıq Belarusda bir çox insan tutulub və sübut olunub ki, onların qarşısına ölkədəki vəziyyəti gərginləşdirmək məqsədi qoyulub. Bu, təkcə özəl hərbi kompaniyanın (Rusiyanın “Vaqner” özəl hərbi kompaniyasının Belarusda həbs olunmuş 33 üzvü nəzərdə tutulur) həbs olunan üzvlərinə aid deyil. Söhbət onlardan çox uzaqlara gedib çıxır”, – deyə mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, Lukaşenko onların adlarının, soyadlarının, ünvanlarının, şifrələrinin, görünüşlərinin hakimiyyətə məlum olduğunu bəyan edib.

“Bəzən möcüzələrə rast gəlinir. Kütləvi informasiya vasitələri bizi həyəcanlandırır ki, amerikalılar və NATO bizi burada tutmaq istəyir. Ancaq burada “Amerika pasportu olan, amerikalı qadınlarla evlənən, Dövlət Departamentində işləyən” bir sıra şəxslər həbs olunub”, – deyə mətbuat xidməti Lukaşenkodan sitat gətirib.

Mənbə: teleqraf.com