Voleybol üzrə seçmə yarışlara start verilib

Naxçıvan Dövlət Universitetinin I kurs tələbələri arasında voleybol üzrə seçmə yarışlara start verilib.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yarışdan əvvəl ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edərək dövlət-gənclər siyasətinin əsasını təşkil edən idmanın inkişafı istiqamətində görülən işlərdən danışıb. Qeyd edilib ki, universitetin idman sahəsindəki uğurları sırasına hər il yeniləri əlavə edilir. Mütəmadi olaraq idmanın bir çox növü üzrə ali təhsil ocağında kütləvi yarışlar keçirilir və universitet tələbələri uğurlu nəticələr əldə edirlər. Rektor tələbələrin beynəlxalq yarışlarda ali təhsil ocağının adını yüksək tutaraq muxtar respublikanı layiqincə təmsil etdiklərini diqqətə çatdırıb və komandalara uğurlar arzulayıb.

Universitetin İdman Klubunun sədri Məmmədəli Rəhimov ali təhsil ocağında idmanın 15 növü üzrə həftədə 3 dəfə məşğələ keçirildiyini bildirib, hər bir tələbənin idman klubunda iştirak edə biləcəyini diqqətə çatdırıb. Məmmədəli Rəhimov yarışın qaydaları haqqında da ətraflı məlumat verib. Məşqçilik ixtisası üzrə II kurs tələbəsi Abbas Məmmədov bir çox beynəlxalq yarışlarda birincilik əldə etdiyini deyib.

Daha sonra voleybol yarışına start verilib. Yarışda hər fakültədən bir komanda olmaqla, ümumilikdə, 10 komanda iştirak edib. 1/4 finala vəsiqə qazanan komandalar arasında Pedoqoji fakültə qalib olub. Memarlıq və mühəndislik fakültəsi II, Beynəlxalq münasibətlər və hüquq fakültəsi isə III yerdə qərarlaşıb.

Digər idman növləri üzrə seçmə yarışlar bundan sonra qrafikə uyğun olaraq davam edəcək.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

İlahiyyatçı Sərdar Babayev dövlətə xəyanət ittihamı ilə HƏBS EDİLDİ

SONRAKI XƏBƏR

AES-də buxar sızması: Rusiya dərhal hərəkətə keçdi