Fransada qeyri-adi istilər fonunda yeni temperatur rekordu qeydə alınıb, Avropa üzrə isə yüzlərlə insanın öldüyü bildirilir.
Bu barədə "The Daily Mail" nəşri məlumat yayıb.
Bildirilib ki, ötən çərşənbə günü Fransa meteoroloji müşahidələr tarixinin ən isti 24 saatlıq dövrünü geridə qoyub. Ölkənin cənub-qərbində yerləşən Pissos kommunasında havanın hərarəti 44 dərəcəni keçib. Həmin gün ərzində ölkə üzrə orta temperatur 30 dərəcəyə çatıb.
İyunun 18-dən etibarən Fransanın su hövzələrində sərinləmək istəyən ən azı 55 nəfər boğularaq həyatını itirib. Rəsmilər əhalini xüsusi təchiz edilməmiş yerlərdə çimərkən son dərəcə diqqətli olmağa çağırıblar. Həlak olanlar arasında istidən qorunmaq üçün Rona çayına girən və orada boğulan "Genqam" klubunun futbolçusu Kenzo Kis də var.
Fransanın qərb sahilindəki Tranş-sür-Mer şəhərində yerləşən turistik düşərgədə yaşlı britaniyalı qadın huşunu itirərək vəfat edib. Parisin ətraf ərazilərində isə avtomobilin içərisində üçyaşlı oğlan uşağının meyiti aşkarlanıb. Həmin ərazidə havanın temperaturu 41 dərəcəyə qədər yüksəlib.
Eyni zamanda, şiddətli istilər Avropanın digər dövlətlərinə də təsir göstərib. Almaniya, Niderland, Belçika, İtaliya və İspaniya "istilik günbəzi"nin təsiri altına düşüb. "The Daily Mail"in məlumatına əsasən, İspaniyada cəmi üç gün ərzində 212 nəfər ölüb.
Ekstremal hava şəraitinin yaranmasına "Omeqa bloku" kimi tanınan təbiət hadisəsi səbəb kimi göstərilir. Bu fenomen isti hava kütləsini regionların üzərində saxlayaraq temperaturu normadan təqribən 18 dərəcə yuxarı qaldıra bilir. Meteorologiya xidmətləri bu cür istilərin insan həyatı üçün birbaşa təhlükə mənbəyi olduğu barədə xəbərdarlıq edirlər.
Fransada həddindən artıq istilər səbəbindən üç nüvə reaktorunun fəaliyyəti də dayandırılıb: qızmar hava elektrik stansiyalarının soyudulması üçün tələb olunan suya çıxışı məhdudlaşdırıb. Bununla yanaşı, Fransa və İspaniyada meşə yanğınları baş qaldırıb. Fransanın cənub-qərbində yerləşən Land-de-Qaskon şam meşəsində 200-ə yaxın şəxs alovu söndürməyə çalışır, Kataloniyada isə yanğın 16 hektar meşə ərazisini məhv edib.
Mənbə: oxu.az