“Keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaqdır”

“Keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaqdır”

“Qarşıdakı dövrdə balıqçılıq və akvakultura sahələrində mühüm normativ-hüquqi təşəbüslərin həyata keçirilməsi nəzərdə tutulur”.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deyib.

“Bu qanun kənd təsərrüfatı fəaliyyəti, məhsulu və istehsalçısı kimi əsas anlayışların vahid qanunla təsbitini, aqrar xidmətlər və dövlət dəstəyi mexanizmlərinin hüquqi əsaslarını formalaşdıracaqdır. Eyni zamanda aqrar terminologiyanın unifikasiyasına və iqlim dəyişiklikləri, kənd yerlərinin inkişafı və dayanıqlı istehsal kimi müasir yanaşmaların qanunvericilikdə əksinə şərait yaradacaqdır.

Balıqçılıq və akvakultura sahəsində 1998-ci ildən qüvvədə olan qanunvericiliyin yenilənməsi nəzərdə tutulur. Yeni “Balıqçılıq haqqında” qanun rəqəmsallaşmanın genişləndirilməsi, qeydiyyat və uçotun sadələşdirilməsi, elektron xidmətlərin tətbiqi və idarəetmənin təkmilləşdirilməsini təmin edəcəkdir. Eyni zamanda nəzarətin gücləndirilməsi ilə su bioresurslarının qorunması və qanunsuz ovçuluğun qarşısının alınması təmin olunacaqdır.

Bitkiçilik sektorunda toxumçuluq sahəsində islahatlar nəzərdə tutulur. “Toxumçuluq haqqında” qanunun beynəlxalq standartlara uyğun yenilənməsi planlaşdırılır. Yeni çərçivə sertifikatlaşdırma və toxum təsnifatını, elektron xidmətlərin genişləndirilməsini və özəl sektorun elit toxum istehsalında iştirakını təmin edəcəkdir. Eyni zamanda toxumların emalı və idxalına nəzarət gücləndiriləcək, keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaqdır”, - nazir bildirib.

M.Məmmədov həmçinin qeyd edib ki, fermerlərin maliyyə resurslarına çıxışının genişləndirilməsi üçün “Məhsul şəhadətnaməsi haqqında” qanunun qəbulu nəzərdə tutulur”: “Bu mexanizm anbar məhsullarının qiymətli aktiv kimi rəsmiləşdirilməsinə və girov kimi istifadəsinə imkan verəcəkdir. Nəticədə fermerlərin dövriyyə kapitalına çıxışı asanlaşacaq, maliyyə bazarları ilə əlaqələr güclənəcək və investisiya imkanları genişlənəcəkdir”.

Nuranə Daxilqızı

Mənbə: qafqazinfo.az