“Rusiya Ukraynanın desant çıxarma əməliyyatına hazırlıq məqsədilə işğal olunmuş Krımda mövqeyini gücləndirir”.
Bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat katibi Dmitri Pletençuk "Kiyev İndependent" qəzetinə verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, Ukrayna desant əməliyyatları aparır və Rusiya tərəfi bunu real təhlükə hesab edir.
Pletençuk həmçinin sözügedən əməliyyatların daha böyük hərbi əməliyyatın tərkib hissəsi olduğunu vurğulayıb: "Lazım gələrsə, Ukrayna Krımı azad etmək üçün istənilən əməliyyatı həyata keçirəcək”.
Krımın tezliklə geri qaytarılması mümkünmü?
Hərbi ekspert Ramil Məmmədli Musavat.com-a deyib ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençukun səsləndirdiyi fikirlər, şübhəsiz ki, diqqət çəkir: "Xüsusilə də Krım istiqamətində desant əməliyyatlarının mümkünlüyü barədə verilən mesajlar diqqət çəkir. Lakin məsələni emosiyalarla deyil, hərbi reallıqlar prizmasından qiymətləndirmək lazımdır. Krım 2014-cü ildən Rusiyanın nəzarəti altındadır və son 12 il ərzində yarımada faktiki olaraq Qara dəniz regionunda ən güclü hərbi istehkamlardan birinə çevrilib. Rusiya burada çoxqatlı hava hücumundan müdafiə sistemləri, sahil müdafiə kompleksləri, hərbi aerodromlar, radar şəbəkəsi və böyük canlı qüvvə yerləşdirib. Bu səbəbdən Krıma birbaşa desant çıxarma əməliyyatı hərbi baxımdan son dərəcə mürəkkəb və riskli hesab olunur. Digər tərəfdən, Ukrayna son iki il ərzində göstərib ki, Krım artıq əvvəlki kimi təhlükəsiz zona deyil. Ukrayna ordusu uzaqmənzilli raketlər, pilotsuz uçuş aparatları və xüsusi təyinatlı qrupların əməliyyatları ilə yarımadadakı bir sıra strateji hədəfləri vurmağa nail olub. Sevastopol limanında yerləşən hərbi gəmilərin sıradan çıxarılması, hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi və hərbi aerodromlara endirilən zərbələr Rusiyanın müdafiə imkanlarının zəiflədiyini göstərən amillərdir".
Hərbi ekspert deyib ki, Krımın azad olunması hərbi, siyasi və geosiyasi məsələdir:
"Ukrayna rəhbərliyi Krımı öz ərazisi hesab edir və onun geri qaytarılmasını strateji məqsəd kimi saxlayır. Lakin bunun hansı yolla baş verəcəyi hələ də açıq qalır. Birbaşa desant əməliyyatı ehtimalına gəlincə, bu variant hazırda daha çox təzyiq və diqqəti yayındırma elementi kimi görünür. Müasir müharibələrdə desant əməliyyatları yalnız hava və dəniz üstünlüyü təmin olunduğu halda uğurlu ola bilir. Hazırkı şəraitdə isə Qara dənizdə tam üstünlük nə Ukraynada, nə də Rusiyadadır. Daha real ssenari Ukraynanın Krıma gedən logistika xətlərini, xüsusilə Kerç körpüsü və hərbi təchizat marşrutlarını sistemli şəkildə sıradan çıxarmağa çalışmasıdır. Əgər yarımadada yerləşən Rusiya qoşunlarının təminatı ciddi şəkildə zəiflədilərsə, Krımın müdafiəsi Moskva üçün daha çətin və baha başa gələ bilər. Bununla yanaşı, Rusiya da Krımın strateji əhəmiyyətini çox yaxşı anlayır. Kreml üçün Krım təkcə hərbi baza deyil, həm də siyasi nüfuz məsələsidir. Məhz buna görə Moskvanın yarımadanın müdafiəsi üçün maksimum resurs ayıracağı gözləniləndir. Nəticə etibarilə, Krım tezliklə azad ediləcək demək üçün hazırda kifayət qədər əsas yoxdur. Lakin eyni zamanda, Krım tam təhlükəsizdir və heç bir risk yoxdur fikri də reallığı əks etdirmir. Hazırkı mərhələdə Ukraynanın əsas məqsədi yarımadadakı Rusiya hərbi infrastrukturunu zəiflətmək, Rusiyanın müdafiə imkanlarını aşındırmaq və gələcəkdə daha genişmiqyaslı əməliyyatlar üçün şərait formalaşdırmaqdır. Ona görə də yaxın aylarda Krım istiqamətində hərbi aktivliyin artması mümkündür. Ancaq yarımadanın qısa müddətdə tam şəkildə Ukraynanın nəzarətinə keçəcəyini proqnozlaşdırmaq hərbi baxımdan hələlik erkən görünür. Ən azı indiki şəraitdə Krım uğrunda mübarizənin uzunmüddətli və mərhələli proses olacağı ehtimalı daha yüksəkdir".
E.Məmmədəliyev
Mənbə: musavat.com