ABŞ prezidenti postunda oturduğu 4 aya yaxın müddətdə Donald Trampın 4 sülhpərvərlik missiyası ya puç olub, ya da dalana dirənib, müqavimətlə üzləşib.
Düzdür, ondan əvvəlki ABŞ prezidentləri də dünyadakı qaynar münaqişə ocaqlarına hər saat effektiv təsir göstərə bilmirdilər, amma onlar öz sülhpərvərlik missiyalarını sakit şəkildə, diplomatik müstəvidə davam etdirir, təşəbbüslərinin ətrafında hay-küy, ajiotaj yaratmırdılar.
Tramp isə münaqişə tərəfləri arasında özünü “ağsaqqal” elan edir, hər iki tərəfə sözünü yeridəcəkmiş kimi havaya girir, böyük təbliğat işləri apartdırır, axırda tərəflər onun sözünə məhələ qoymadan öz davalarını qaldıqları yerdən davam edirirlər, Trampın sözü, iradəsi havada qalır.
"London səhv edib, Vaşinqton nə etmək lazım olduğunu bilir"
Bu günlərdə Trampın müharibəyə başlamış iki keçmiş Britaniya müstəmləkəsinin – Hindistan və Pakistanın arasında sülh yaratmaq təşəbbüsü tərəflərin etinasızlığı ilə üzləşib. Tramp iki qonşu dövlət arasında düşmənçiliyə necə son qoyacağını bildiyini iddia etsə də, Delhi Amerika prezidentinin ideyalarına şübhə ilə yanaşıb.
Ağ Evin sahibi iddia edib ki, Hindistan və Pakistanı atəşkəslə razılaşmağa vadar edən ABŞ olub. “Burada Vaşinqtonun xidmətləri danılmazdır”, - deyə bəyanat verən Tramp əvvəllər Londonun 1947-ci ildə subkontinent üzərində hakimiyyəti iki yeni dövlətin liderlərinə təhvil verərkən buraxdığı ölümcül səhvi düzəltməyə qadir olduğunu bildirib.
Ancaq Hindistanın informasiya nazirliyi bildirib ki, atəşkəs barədə razılıq Hindistan və Pakistanın yüksək rütbəli rəsmilərinin bir-biri ilə əlaqə saxlamasından sonra əldə olunub. Yəni Trampın və ya başqa birinin bu işə qatqısı yoxdur.
Delhi öz kursunu davam etdirir və bildirir ki, Hindistan-Pakistan münaqişəsi onun birbaşa iştirakçıları tərəfindən kənar müdaxilə olmadan həll edilməlidir.
Məlum olduğu kimi, tərəflərin arasında qızışmış savaş ehtirasları 1965-ci ildə SSRİ-nin baş naziri Aleksey Kosıginin vasitəçiliyi ilə sönüküb. Hazırda isə münaqişə tərəfləri vasitəçi istəmirlər.
Düzdür, Pakistan atəşkəs prosesini asanlaşdırdığına görə Trampı tərifləyib, amma bu da diplomatik nəzakət qaydalarına uyğun olan minnətdarlıqdır.
“Ərəblər köçsün, Qəzzada sülh olsun” siyasəti
İkinci prezidentlik müddətini icra etməyə başlayan Trampın ilk sülhpərvərlik missiyası Qəzza sektorunda daşa dəyib. O, İsrail ordusu ilə HƏMAS döyüşçüləri arasında atəşkəs rejimi bərqərar etməyə çalışarkən, tərəflər əvvəlcə atəşi dayandırmağa razılaşalar da, qısa müddətdən sonra onu bərpa edib, Trampın iradəsini heçə sayıblar.
Trampın HƏMAS-ın hərəkətlərinə reaksiyası əvvəlcə gözlənilməz olub: bir gün o, qrupu “cəhənnəm atəşi” ilə hədələyib, növbəti gün isə onunla birbaşa təmasları müdafiə edib.
Onun Fələstin ərəblərini Qəzzadan köçürmək təşəbbüsü ilə çıxış etməsi, regionda kurort sənayesini inkişaf etdirməkdən danışası bütün ərəb dünyasında aktiv və passiv planda mənfi reaksiya doğurub. Məlum olub ki, ABŞ prezidentinin Qəzza sektorundakı münaqişəni ədalətlə həll etmək fikri yoxdur, sadəcə, ona necəsə son qoymaq istəyir və bu zaman çalışır ki, İsrail tərəfi narazı qalmasın.
“Kiyev təslim olsun, sülh yaransın” siyasəti
Trampın ikinci sülhpərvərlik təşəbbüsü də, demək olar ki, eyni səbəbdən Ukraynada dalana dirənib. O, əvvəlcə Rusiyanın qabağından qaçır, son 3 ildə ABŞ-nin heç vaxt olmadığı qədər Rusiyaya güzəştli mövqe tutmasını təmin edir, şirnikləndirici vədlər verir, eyni zamanda Ukrayna tərəfini xor görür, təniqd və təhdid edirdi. Bu, onun hələ ötən ilin ortalarında verdiyi seçki vədinə uyğun hərəkətlər idi. Seçkiqabağı təbliğat-təşviqat kampaniyasında Tramp dəfələrlə qeyd etmişdi ki, prezident seçiləcəyi təqdirdə Ukraynada müharibəni tezliklə və asanlıqla dayandıracaq.
Onun müharibəni dayandırmaq planı Ukraynanın əl-qolunu tutub Rusiyaya döydürməkdən ibarət idi. Bunun anonsunu hələ ötən ilin noyabrında Trampın böyük oğlu da vermiş, Zelenskiyə mesaj göndərərək Kiyevin sayılı günləri qaldığını bildirmişdi. Oğul Trampa görə, atası vəzifəsinin icrasına başladığı gün Ukrayna kapitulyasiya aktı imzalamalı idi.
Ancaq işlər bu cür getmədi. Ukrayna və Avropa dövlətləri Trampın bədnam “sülh planı”na etiraz etdilər. Rusiya isə “Allah verdikcə bəndə gümana gələr” zərb-məsələnin hikmətinə uyğun olaraq mənfi səciyyəli maksimalistlik etdi, Ukraynanın bütöv şəkildə götürmək istədi. Bu da situasiyanı xeyli dəyişdi. İndi Tramp və onun Rusiyayönümlü komandası bu fikrə gəlib ki, Ukrayna münaqişəsinin çözülməməsi Kremldən qaynaqlanır. Ona görə də Tramp indi məyusdur və iki slavyan qardaş arasında sülhpərvərlik etməkdən bezmiş kimi görünür.
“Ordu göndərək, narkokartelləri məhv edin”
ABŞ prezidentinin Meksika hökuməti ilə müharibə aparan narkotik kartellərinin arasına girmək təşəbbüsü də fiaskoya uğramış sayıla bilər. Daha dəqiqi, ABŞ narkokartellərlə döyüşmək üçün öz ordusunu Meksikaya göndərməyi təklif edirdi, ölkə prezidenti Klaudiya Şeynbaum bu ideyanı rədd edərək, hər bir ölkəni öz ərazisində narkotik ticarəti ilə mübarizə aparmağa çağırdı.
Əslində Tramp döyüşən tərəflər arasında vasitəçi olmaq yox, Meksika hökumətinə kömək etmək istəyirdi. Ancaq Meksika prezidenti ölkəsində xarici hərbçilərin olmasını dövlət suverenliyinə zidd hesab etdi və ABŞ-nin Meksikaya “böyük qardaş” olaraq yanaşmasına qarşı çıxdı.
Beləliklə, Trampın “dünya hegemonu” olaraq planetdəki münaqişə ocaqlarında, mübahisəli yerlərdə “ağsaqqalıq etmək” istəməsi təşəbbüsləri ard-arda fiasko ilə nəticələnir. Bu, Trampın şəxsiyyəti ilə bağlı olmaya bilər. Güman ki, ABŞ son 100 ildə “hər daşın altından çıxması” ilə hamını bezdirib. Artıq onu ədalətli arbitr saymırlar və hesab edirlər ki, bu dövlət onların davasından uzaq olsa yaxşıdır.
Araz Altaylı
Mənbə: musavat.com