Ermənistanın baş prokuroru Anna Vardapetyan keçmiş prezident Robert Koçaryan və onunla əlaqəli şəxslərin qanunsuz əldə etdiyi əmlakın müsadirəsi ilə bağlı irəli sürülən iddianın detalları barədə parlamentdə məlumat verib.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Vardapetyanın sözlərinə görə, məsələ parlamentdə “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Vaaqn Aleksanyanın sualına cavab zamanı açıqlanıb.
İddiaya cavabdeh qismində aşağıdakı şəxslər çıxış edir:
• Robert və Bella Koçaryan,
• Sedrak Koçaryan və Zaruhi Badalyan,
• Levon və Siranush Koçaryan,
• Qayana Koçaryan və Vigen Çatinyan.
Ermənistan Respublikasının maraqları naminə prokurorluq aşağıdakı əmlak və vəsaitlərin müsadirəsini tələb edir:
• 22 daşınmaz əmlak obyektinin,
• 2 daşınmaz əmlak almaq hüququnun,
• 3 milyon ABŞ dollarından çox vəsaitin,
• 985 milyon dramlıq istiqrazların,
• 1,4 milyon ABŞ dollarından çox bank əmanətinin,
• “Nairi İnşurans”, “Toyota Yerevan”, “Target Group” və digər şirkətlər daxil olmaqla 15 hüquqi şəxsə məxsus payların,
• 4 milyon ABŞ dolları, 8,3 milyard dram, 260 milyon rubl və 590 min avro məbləğində borc tələblərinin,
• 2 nəqliyyat vasitəsinin,
• Ümumi dəyəri 23,8 milyard dramdan artıq olan digər əmlak və vəsaitlər.
Hazırda məsələ üzrə hüquqi prosedurlar davam etdirilir.
Mənbə: musavat.com