Görüntü yayıldı: İran Xameneinin tarixi qadağasını pozur - “Quranda yazılıb ki….”

Görüntü yayıldı: İran Xameneinin tarixi qadağasını pozur -

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ölkənin ali rəhbəri Əli Xamenei nüvə silahının haram olması ilə bağlı fitva verib. O həmçinin vurğulayıb ki, Tehran nüvə silahından imtina etsə də, nüvə enerjisindən vaz keçməyəcək.

Doğrudanmı islam dini kütləvi qırğın silahlarının istehsalını və istifadəsini qadağan edir? Yoxsa bu mövqe İranın beynəlxalq təzyiqlərdən yayınmaq üçün ortaya atdığı siyasi manevrdir?

Politoloq Elxan Şahinoğlu qeyd edib ki, bu mövzu Pezeşkianın çıxışından əvvəl də İran rəsmilərinin dilində olub:

“İranlı rəsmilər dəfələrlə bildirib ki, nüvə silahlarının istehsalı və istifadəsi Qurani-Kərimə və ümumilikdə islam dəyərlərinə ziddir. Ayətullah Xamenei bu barədə fitva da verib, amma bu, daha çox simvolik xarakter daşıyır. İran əslində gizli şəkildə nüvə silahı əldə etməyə çalışır. Bəzi qeyri-rəsmi mənbələrə görə, artıq bu silaha sahibdir.

Təxminən 10-12 il əvvəl BMT kosmosdan əldə olunan görüntülər əsasında İranın bəzi ərazilərində uranın zənginləşdirildiyini açıqlamışdı. Aydındır ki, İran bunu tibbi və ya dinc məqsədlər üçün deyil, hərbi məqsədlər üçün edir.

elxan sahinoglu 0

Elxan Şahinoğlu

Pakistan nüvə silahını zərurətdən əldə edib. Hindistanın nüvə silahı olduğu halda, Pakistanın silahsız qalması mümkün deyildi. İndi İran da İsrailin nüvə silahı olduğu arqumentindən istifadə edərək eyni yolu izləyir”.

İranlı siyasi şərhçi Mehdi Nəimi isə islam fiqhində kütləvi qırğın silahlarına münasibətin daha sərt olduğunu deyir:

“Əlbəttə, tarixi mətnlərdə nüvə silahı kimi texnologiyalar yoxdur. Amma “zəhərli qaz”, “yanıcı maddə” və s. kimi ifadələrə rast gəlmək olur və bunlar daha çox bioloji və kimyəvi silahlar kontekstində qadağan edilib. Çünki bu silahlar təkcə insanlara deyil, təbiətə və heyvanlara da böyük zərər verir.

WhatsApp Image 2025 04 04 at 16.47.40

Ayətullah Xamenei də daxil olmaqla, bəzi şiə alimləri bu arqumentlərə əsaslanaraq kütləvi qırğın silahlarını haram sayırlar. Lakin burada istisna hal da mövcuddur: əgər düşmən tərəf ilk olaraq bu silahlardan istifadə edərsə, cavab olaraq müsəlman ölkələri də eyni silahlardan istifadə edə bilər. Bu, özünümüdafiə hüququ çərçivəsində izah olunur.

İran fitvalara əsaslanaraq bu silahdan istifadəni rədd etsə də, əldə etmək istiqamətində səylər göstərir. Bu sahədə Rusiya, Çin, Şimali Koreya və Pakistanla texnoloji əməkdaşlıqların olduğu iddia edilir”.

İlahiyyatçı Ağa Hacıbəyli isə islamın əsas mahiyyətinin sülhə və insan həyatına dəyər verməyə əsaslandığını vurğulayıb:

“İslam dini sülh və mərhəmət üzərində qurulub. Bu din insanların etnik, dini və irqi fərqlərinə görə ayrı-seçkilik etmədən, bütün insanlığı bərabər görür.

aga hacibeyli ilahiyyatci 2

Ağa Hacıbəyli

İslamda insanı öldürmək böyük günah sayılır. Hətta hədislərdə deyilir ki, bir qarışqanı səbəbsiz öldürmək belə günahdır. Kütləvi qırğın silahları isə bütünlükdə bir şəhəri, bir regionu məhv edə bilər. Bu, nə Quranda, nə də Sünnədə əsaslandırılan anlayış deyil.

İslamda “cihad” anlayışı da var, lakin bu, insanları kütləvi şəkildə öldürmək üçün deyil, müdafiə və haqqın bərpası məqsədilə istifadə olunur. Peyğəmbərimiz Məhəmməd (s.ə.s) də Məkkəyə daxil olarkən qan tökməmiş, əfv və mərhəmət göstərmişdi”.

Turan Rzayev

Mənbə: globalinfo.az