Elxan Məmmədova sualımız var

Elxan Məmmədova sualımız var

2005-2015-ci illərdə Azərbaycan Respublikasında Futbolun İnkişafına dair Dövlət Proqramına start verildi. Məqsəd - dövlətin dəstəyi ilə Respublikada futbolun inkişafına nail olmaq, beynəlxalq arenalarda milli yığma komandalarımızın, klublarımızın Azərbaycan adının layiqincə təmsil etməsi olub. İnfrastrukturun qurulması, mütəxəssislərin yetişdirilməsi, uşaq futbolu, futbolun kütləviləşməsi proqramın tərkib hissələrindən idi.

Artıq 4 ildir ki, Dövlət Proqramı başa çatıb. 2005-ci ildə bu yola 14 komanda (əksəriyyəti bölgə təmsilçisi) ilə start verən Azərbaycan çempionatı bu gün 8 komandanın (6-sı Bakı təmsilçisi) ümidinə qalıb. Neçə-neçə klub yaranıb, dağılıb. Uşaq futbolunda vəziyyət ürəkaçan deyil.

Keçilən yolu təkrar nəzərdən keçirsək, buraxılan səhvləri araşdırmaq üçün açıq qalan sualların sayı hesabı yoxdur.

Mövzu mediada dəfələrlə müzakirə olunsa da "Fanat.az" olaraq, problemi bir daha detallı gündəmə gətirmək ehtiyacı hiss etdik.

Beləliklə "Elxan Məmmədova sualımız var" deyib keçmişə qayıdırıq.

İlk sualımız:

- 2000-ci illərin əvvəlində FİFA, UEFA-nın iştirakı və nəzarəti, Azərbaycan Gənclər və İdman Nazirliyi, Ədliyyə nazirliyinin səlahiyyətli nümayəndələri, AFFA-nın, bütün futbol ictimaiyyətinin iştirakı, tövsiyyələri ilə hazırlanmış AFFA nizamnaməsi konfransda qəbul edilib. Buna uyğun və "2005-2015 Dövlət proqramı"nın qəbulundan sonra ölkə futboluna böyük yatırımlar edilməyə başlanıb.

Azərbaycanda futbol bumu yaşandığı vaxtda, nizamnamə AFFA-ya gələn yeni rəhbərlik tərəfindən 4 ildən sonra, növbəti seçki konfransında niyə dəyişdirildi?

Mənbə: fanat.az