Müasir dünyada texnologiyalar elə sürətlə inkişaf edir ki, əldə olunan biliklərin daim yenilənməsinə ehtiyac duyulur. Buna görə də təhsil yalnız öyrətmək prosesi deyil, həm də gənc nəslin bilik və bacarığını, yeniliklərə açıq olmaq və çevik uyğunlaşmaq qabiliyyətini formalaşdırır.
“Qafqazinfo” “Xalq qəzeti”nə istinadən xəbər verir ki, bu mənada, ali məktəblərə qəbul imtahanları cəmiyyətin həyatına birbaşa təsir göstərən mühüm sosial prosesdir.
Hər il minlərlə abituriyentin iştirak etdiyi imtahanların təşkili, məzmunu və qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi ciddi elmi-metodiki yanaşma tələb edir. Milli təhsil sistemində həyata keçirilən islahatların əsasında dayanan məsələlərdən biri qəbul imtahanlarının şəffaflığı və obyektivliyin təmin olunmasıdır. Sovet dövründə ali məktəblərə qəbul zamanı subyektiv yanaşmaların və neqativ halların geniş yer alması, abituriyentin biliyinin, elmi potensialının deyil, məhdud maraqların əsas götürülməsi milli təhsil sistemində ciddi boşluqlara səbəb olurdu. Belə şəraitdə ədalətli qiymətləndirmə mexanizminin yaradılmasına ciddi ehtiyac var idi. Dövlət İmtahan Mərkəzinin (DİM) uzun illər ərzində həyata keçirdiyi fəaliyyət məhz bu problemin həllində mühüm rol oynadı.
Qurumun tətbiq etdiyi mərkəzləşdirilmiş qəbul sisteminin üstünlükləri cəmiyyətdə böyük məmnunluq yaradır. İmtahanların şəffaflıq və ədalət prinsipləri əsasında təşkili, kənar müdaxilələrin qarşısının qətiyyətlə alınması DİM-ə böyük nüfuz qazandırıb. Çünki ədalətli qəbul mexanizmi cəmiyyətin təhsil sisteminə etimadının əsas şərtlərindən biridir. Lakin zaman keçdikcə mühüm problemlərin həllinə imkan verən mexanizmin də təkmilləşdirilməsinə ehtiyacın yaranması təbiidir.
Mütərəqqi təhsil sistemi yalnız yüksək bal toplayan gəncləri deyil, düşünməyi, yaratmağı, araşdırmağı və seçdiyi peşə üzrə inkişaf etməyi bacaran insanları üzə çıxarmalıdır. Qəbul imtahanında yuxarı bal toplamaq yüksək intellektual və peşə potensialı demək deyil. İmtahan nəticələrində abituriyentin bilik və bacarıqları, yaradıcılıq qabiliyyəti, təşəbbüskarlığı, ünsiyyət qurması və gələcək inkişaf imkanları da qiymətləndirilməlidir.
Bu mənada, uzun illər qəbul imtahanlarının məzmunu ilə ümumi təhsil sisteminin məzmunu arasındakı fərqlər məktəbin fəaliyyətinə də təsirsiz ötüşməyib. İmtahanda hansı mövzuların və bacarıqların yoxlanılması şagirdin öyrənmə istiqamətini müəyyənləşdirən başlıca meyara çevrilib.
Nəticədə, fənnin bütövlükdə mənimsənilməsindən daha çox, imtahanda tələb olunan hissələrinin öyrənilməsi ön plana keçib. Misal olaraq, Azərbaycan dili fənni üzrə yazı və şifahi nitq bacarıqlarının yoxlanılmamasını göstərmək olar. Əslində, ali məktəbə qəbul olmaq istəyən abituriyent öz fikirlərini yazılı şəkildə ifadə etməli, səlis danışmalı və düşüncələrini aydın çatdırmalıdır.
Oxşar mənzərəni riyaziyyat fənni üzrə də müşahidə etmək mümkündür. Riyazi təfəkkür yalnız məsələnin düzgün cavabını tapmaqla ölçülmür. Şagirdin bu nəticəyə hansı məntiqi ardıcıllıqla gəldiyi, öz mülahizələrini necə əsaslandırdığı, mürəkkəb məsələlərin həllinə hansı üsullarla yanaşdığı onun bilik səviyyəsini müəyyənləşdirir. Riyazi isbatların və mürəkkəb məsələlərin test üsulu ilə qiymətləndirilməsindəki məhdudiyyətlər bu bacarıqların tam şəkildə üzə çıxarılmasına imkan vermir. İngilis dili fənni üzrə şifahi nitq bacarıqlarının yoxlanılmaması dilin praktik mənimsənilməsi ilə onun imtahan üçün öyrənilməsi arasında fərq yaradıb.
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyent ana dilində fikrini aydın ifadə edə bilmirsə, hadisəni təhlil etmək və faktları fərqləndirmək qabiliyyəti yoxdursa, yalnız test nəticəsinə əsasən onun bu peşəyə uyğun olduğunu söyləmək çətindir. Eyni yanaşma hüquq, pedaqogika, beynəlxalq münasibətlər və başqa sahələr üçün də aktualdır.
Qəbul imtahanı zamanı vaxt məhdudiyyəti də bir sıra fundamental elmlər üzrə biliyin qiymətləndirilməsi istiqamətində çətinliklər yaradır. Xüsusilə biologiya, fizika, kimya və riyaziyyat kimi fənlər şagirddən müəyyən məlumatları yadda saxlamağı deyil, hadisələr arasındakı əlaqələri anlamağı, qanunauyğunluqları müəyyənləşdirməyi və mürəkkəb məsələlər üzərində düşünməyi tələb edir. Lakin 3 saat ərzində bu fənlərə aid çoxsaylı sualların cavablandırılması tələbi qısa müddətdə həll edilə bilən tapşırıqların seçilməsini şərtləndirir.
Belə olan halda, şagird imtahanda qarşılaşmayacağı mürəkkəb mövzuların öyrənilməsinə səy göstərmir, hazırlıq prosesi isə qısa müddətdə düzgün cavab tapmaq bacarığının formalaşdırılmasına yönəlir. Nəticədə, fundamental fənlərin dərindən öyrənilməsi tədricən arxa plana keçir, bəzən isə tamamilə diqqətdən kənarda qalır. Biliklərin mənimsənilməsində yaranan bu məhdudiyyətlər isə gələcəkdə ayrı-ayrı elm sahələrinin inkişafına mane olan amilə çevrilir. Buna görə də qəbul imtahanlarının məzmunu məktəb proqramı ilə daha sıx əlaqələndirilməli, məntiqi düşünmə, mətnlə işləmə və biliklərin tətbiqi qiymətləndirilməlidir.
Milli təhsilin problemlərindən biri də məktəb təhsili ilə ali məktəbə hazırlığın bir çox ailələr üçün, faktiki olaraq, iki paralel prosesə çevrilməsidir. Şagird məktəbə, sonra isə repetitor yanına gedir. Bu vəziyyət ailələr üçün əlavə maddi yük yaratmaqla bərabər, gəliri yüksək olan ailələrlə aztəminatlı ailələr arasında fərqi böyüdür.
Əslində, əlavə hazırlıq şagirdin müəyyən mövzular üzrə biliklərini möhkəmləndirməsinə xidmət etməlidir. Lakin qəbul imtahanlarına hazırlıq müstəqil bir istiqamətə çevrildikdə, məktəbə paralel fəaliyyət göstərən təhsil mühiti formalaşır. Bu şəraitdə şagird üçün məktəbdə keçirdiyi vaxtdan daha çox, imtahana hazırlıq məşğələləri ön plana keçir. Xüsusilə yuxarı siniflərdə dərsə davamiyyətin aşağı düşməsi məhz bu problemin təzahürüdür. Məsələnin başqa tərəfi isə qəbul imtahanlarına hazırlığa tələbatın artması ilə bağlı müəllimlərin diqqətinin məktəbdəki tədris prosesindən əlavə hazırlıq məşğələlərinə yönəlməsidir. Belə bir vəziyyət cəmiyyətdə məktəbin nüfuzunu birbaşa zəiflədir. Məktəb əvvəlki nüfuzuna qaytarmaq üçün isə ümumi təhsillə qəbul imtahanları arasında məzmun fərqlərinin aradan qaldırılması mühüm şərtdir.
Mövcud imtahan sisteminin təkmilləşdirilməsini zəruri edən məsələlərdən biri də eyni qurum tərəfindən aparılmaqla imtahan sayının çoxluğudur. XI sinif şagirdlərinin eyni fənlər üzrə 2 mərhələdə – həm buraxılış, həm də ayrıca qəbul imtahanı verməsi həm şagirdlər, həm də valideynlər üçün psixoloji gərginlik yaradır.
Bir çox ölkələrdə ali təhsil müəssisələrinə qəbulun buraxılış imtahanlarının nəticələri əsasında həyata keçirilməsi məsələyə fərqli yanaşmanın mümkünlüyünü göstərir. İmtahanların sayının optimallaşdırılması şagirdə sınaqlara hazırlaşmaqdan daha çox, bilik və bacarıqlarını inkişaf etdirməsinə imkan verər.
Böyük Britaniyada UCAS sistemi ilə akademik nəticələrlə yanaşı, müəllim rəyi və abituriyentin seçdiyi ixtisasa marağını izah edən şəxsi bəyanat da istifadə olunur.
Finlandiyada isə müxtəlif proqramlarda attestasiya və yekun məktəb imtahanlarının nəticələri, ayrıca qəbul imtahanları və başqa qəbul yolları mövcuddur. “Education at a Glance 2025” hesabatında göstərilir ki, ali təhsilə qəbul sistemlərində imtahanlardan əlavə məktəb nəticələri, müsahibələr və digər göstəricilər də tətbiq edilir. Bu meyarların istifadəsi ölkədən və proqramdan asılı olaraq dəyişir.
Qəbul imtahanlarının məzmunu ilə beynəlxalq qiymətləndirmə tədqiqatlarının məzmunu arasında fərqlər Azərbaycanın PİSA nəticələrinə mənfi təsir göstərməkdədir. Belə ki, bir çox hallarda şagirdlər yerli imtahanlarda istifadə olunmayan sualların cavablandırılmasında çətinlik çəkirlər. Bu məqam biliklərin mənimsənilməsi ilə tətbiqi arasındakı fərqi ortaya çıxarır. Şagird müəyyən sual formasına alışır, həmin tipli tapşırıqları uğurla yerinə yetirir. Lakin eyni sual fərqli formada təqdim edildikdə düzgün cavab verə bilmir.
Bu baxımdan oxuyub anlama bacarıqlarının inkişaf etdirilməsi və qiymətləndirilməsi mühüm əhəmiyyət daşıyır. Mətni oxumaqla onun mahiyyətini anlamaq, verilən məlumatları əlaqələndirmək və nəticə çıxarmaq eyni anlayışlar deyil. Yerli imtahanlarda bu bacarıqların ölçülməsinə kifayət qədər diqqət yetirilməməsi beynəlxalq qiymətləndirmə nəticələrinə mənfi təsir göstərən amillərdən biri kimi nəzərdən keçirilməlidir. Bu baxımdan beynəlxalq qiymətləndirmənin nəticələri milli tədris və imtahan sisteminin hansı istiqamətlərdə təkmilləşdirilməsinə ehtiyac olduğunu müəyyənləşdirmək üçün mühüm vasitədir.
Ali təhsilə qəbul mexanizmlərinin təkmilləşdirilməsi çərçivəsində beynəlxalq imtahan nəticələrinin tanınması da vacib məsələdir. Dünyanın aparıcı universitetlərinin qəbul prosesində məqbul hesab etdiyi SAT, IELTS və TOEFL kimi beynəlxalq imtahanların nəticələrinin ölkəmizin ali təhsil müəssisələrinə qəbul zamanı, demək olar ki, nəzərə alınmaması və ya qismən nəzərə alınması abituriyentlər üçün əlavə çətinliklər yaradır.
Beynəlxalq imtahanlara hazırlaşan gənc bəzən yerli qəbul sisteminin tələblərini də yerinə yetirmək məcburiyyətində qalır. Hazırlıq prosesinin iki fərqli istiqamətdə aparılması isə əlavə vaxt və maliyyə vəsaitinin sərf olunması deməkdir. Eyni zamanda, müxtəlif imtahan sistemlərinin tələblərinə eyni vaxtda hazırlaşmaq zərurəti abituriyentin məsuliyyət yükünü artırır.
Təhsilin məzmunu və qiymətləndirmə vahid məqsədə xidmət etməli, bir-birindən təcrid olunmamalıdır. Əgər bu meyarlardan biri şagirdin bilik və bacarıqlarını formalaşdırırsa, digəri isə həmin prosesin nəticələrini müəyyənləşdirir. Beynəlxalq təcrübədə buraxılış və qəbul imtahanlarının ölkənin təhsil sahəsinə məsul nazirliklər tərəfindən aparılması təhsildə vahid yanaşmalar ortaya qoyur. Bu yanaşma ümumi təhsillə ali təhsil arasında əlaqələri möhkəmləndirir.
Qəbul prosesində şəffaflığın və ədalətin təmin olunması istiqamətində uzun illər ərzində görülən işlər gələcək dəyişikliklər üçün möhkəm zəmin kimi dəyərləndirilməlidir. Təhsil islahatında ən həssas məsələ mövcud qəbul sisteminin nailiyyətlərini qoruyaraq onun imkanlarını genişləndirməkdir. Mərkəzləşdirilmiş test sistemi öz dövründə obyektiv seçim mexanizminin möhkəmlənməsinə xidmət edib. İndi isə yeni mərhələdə qarşıda daha böyük vəzifələr dayanır.
Məktəbin nüfuzunun zəifləməsi, repetitorluğun paralel hazırlıq sisteminə çevrilməsi, fundamental fənlərin tədrisində yaranan məhdudiyyətlər, imtahanların çoxluğu, beynəlxalq qiymətləndirmə ilə milli imtahanların məzmunu arasındakı fərqlər qəbul sistemində yeni islahatların aparılmasına ehtiyac yarandığını göstərir.
İslahatların başlıca qayəsi isə imtahanı təhsilin inkişafına xidmət edən vasitə kimi təkmilləşdirmək, qəbul imtahanlarında obyektivliyi təmin etmək, abituriyentin biliyi ilə yanaşı, ixtisas üzrə real potensialını qiymətləndirmək, universitetlərə akademik seçim imkanı verməkdən ibarət olmalıdır. Çünki yüksək təhsil yalnız şagirdin imtahanda topladığı balla deyil, dərin biliyi, geniş dünyagörüşü və öyrəndiklərindən istifadə etmək bacarığı ilə ölçülməlidir.
Təhsil eksperti Əmrah Həsənli hesab edir ki, Dövlət İmtahan Mərkəzinin yaradılması ilə qəbul sistemində subyektivlik və korrupsiya riskləri, demək olar ki, sıfıra bərabər olub: “Bu, danılmaz faktdır. Bu gün abituriyent bilir ki, nəticəni tanışlıq, maraq münasibətləri deyil, onun biliyi müəyyən edir. Bu, ictimai etimad baxımından da böyük nailiyyətdir. Biz bu təcrübəni itirməməli, daha da təkmilləşdirməliyik. Lakin bir sistemin özünü doğrultması onun dəyişməz qalması demək deyil. Bu baxımdan üzləşdiyimiz yeni məsələlər islahat müzakirəsini zəruri edir.
Əsas problem ondadır ki, orta məktəbdə şagird bir proqram əsasında təhsil alır, qəbul imtahanında isə fərqli məntiqlə qurulmuş, bəzən məktəb proqramından kənara çıxan suallarla qarşılaşır. Nəticədə, orta təhsildə keçilən dərs ali məktəbə qəbul üçün kifayət etmir. Valideyn isə övladını repetitor yanına göndərməyə məcbur olur. Repetitorluğun geniş yayılması məhz bu uyğunsuzluğun nəticəsidir. Bu, ailələrə əlavə maliyyə yükü gətirir, sosial bərabərsizliyi dərinləşdirir və orta məktəbin əhəmiyyətini zəiflədir. Şagird məktəbi formal bir məcburiyyət kimi görür, əsas hazırlığı da əlavə kursda və yaxud da repetitorla aparır.
Beynəlxalq təcrübəyə gəlincə, bir çox ölkələrdə məktəbi bitirməklə ali məktəbə qəbul imtahanı birləşdirilib və yaxud bir-birini tamamlayır. Amma burada da müxtəlif modellər var. Bəzi ölkələrdə buraxılış imtahanının nəticəsi birbaşa qəbul üçün əsas götürülür, bəzi universitetlər isə əlavə meyarlar tətbiq edir. Ona görə də, sadəcə, “başqa ölkələrdə belədir, biz də belə edək” yanaşması düzgün olmaz. Əsas məsələ imtahanların sayı və sualları deyil, onların məzmununun təhsil proqramı ilə uzlaşmasıdır.
Qəbul imtahanlarında islahatların aparılması zəruridir, amma bu, indiki sistemi dağıtmaq yox, onu təkmilləşdirmək istiqamətində olmalıdır. Birincisi, qəbul imtahanının məzmunu dövlət təhsil standartlarına və dərsliklərə maksimum uyğun olmalıdır ki, məktəbdə yaxşı oxuyan şagird ali məktəbə qəbul ola bilsin. İkincisi, buraxılış və qəbul imtahanlarının birləşməsi, ya da onların nəticələrinin qarşılıqlı tanınması modellərini də ciddi şəkildə öyrənmək olar. Bu, şagirdin üzərindəki ikiqat imtahan yükünü də azaldar. Üçüncüsü, orta məktəb təhsilinin keyfiyyətini artırmadan imtahan modelini dəyişmək repetitorluğu aradan qaldırmayacaq. Çünki problemin kökü həm də orta məktəbdə aparılan dərsin keyfiyyətindədir.
İslahata ehtiyac var, amma bu, şəffaflığı və obyektivliyi qoruyaraq imtahanı təhsil proqramı ilə uzlaşdırmaq və şagirdin yükünü azaltmaq yolundan aparılmalıdır”.
Təhsil eksperti Elmin Nuri isə hesab edir ki, sovet dövründə ali təhsil ocaqlarına aparılan qəbul imtahanı formatı, məzmunu və subyektivliyi ilə seçilirdi. Dövlət İmtahan Mərkəzi belə halların aradan qaldırılması üçün xeyli işlər gördü. DİM-in texniki imkanları genişdir: “İmtahanda köçürmələrin qarşısını almaq və üzə çıxarmaq mümkündür. Amma məsələnin digər tərəfi də var. Dövlət İmtahan Mərkəzinin hazırladığı suallar bir çox hallarda orta məktəb proqramı ilə üst-üstə düşmür. Çünki Dövlət İmtahan Mərkəzi tədrisi təşkil edən yox, imtahan keçirən qurumdur.
Qurumun imtahan üçün hazırladığı suallar orta məktəblər üçün tətbiq olunan vahid tədris proqramından götürülür. Məsələn, fizika fənni üçün təsdiq olunmuş proqram əsasında suallar tərtib olunur. Orta ümumtəhsil məktəbləri üçün yazılmış proqram tədris prosesində öz əksini tapmır. Bu isə imtahanı keçirən qurumun nöqsanı deyil. O öz işini həyata keçirir, imtahanı təşkil edir. Açıq tipli, situasiya tipli sualların sayı getdikcə artır, düşünmək bacarığına doğru addımlar atılır. Əminəm ki, bu istiqamət bundan sonra da davam edəcək. Repetitorluğa gəlincə, orta ümumtəhsil müəssisələrinin vahid tədris proqramı ilə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları üçün hazırladığı suallar ziddiyyət təşkil edir. Suallarla tədris proqramı arasında körpü yaratmaq üçün isə repetitorluğa ehtiyac yaranır. Və bu, getdikcə daha geniş hal alıb. Hətta o dərəcəyə çatıb ki, hazırlığa getməyən şagird qəbul imtahanında uğur qazanmır. Ümid edirik ki, tamştatlı müəllim modeli repetitorluğun qarşısını alacaq.
Bütün bunlar deməyə əsas verir ki, ali məktəblərə qəbul prosesində şəffaflığı və obyektivliyi qorumaqla, ali məktəblərə seçim sistemində islahatlara ciddi ehtiyac var”.
Mənbə: qafqazinfo.az