Təsadüfi ad bənzərliyi yoxsa tarix? - Sumqayıt və Ukraynanın Sumi şəhəri arasında SİRLİ ƏLAQƏ - FOTO

Təsadüfi ad bənzərliyi yoxsa tarix? - Sumqayıt və Ukraynanın Sumi şəhəri arasında

Bəzən tarixdə elə ad oxşarlıqları ilə qarşılaşırıq ki, istər-istəməz çaşqınlıq yaradır, ən azından insanı düşündürür. Dünyanın bu başındakı şəhərlə, ta əlaqəsi olmayan o başındakı şəhərin adı eyni, yaxud oxşar olur.

Maraqlı gəlir ki, bu bir təsadüfdür, ya bilinməyən tarix?

Məsələn, Azərbaycanın 3-cü böyük şəhəri Sumqayıtla Ukraynanın Sum vilayətinin (Mərkəzi Sumi şəhəridir) adları arasındakı bənzərlik ilk baxışdan diqqət çəkir. Tarixin tozunu udmağı sevən biri olaraq dərhal araşdırmağa başlayanda məlum oldu ki, VII–X əsrlərdə Sum vilayətinin bir hissəsi Xəzər Xaqanlığının idarəçiliyində olub. Bildiyimiz kimi şəhərimiz hələ də Xəzərin sahilində coğrafi mövqeyini qoruyur...

“Sum, qayıt!” – mif yoxsa unudulmuş tarix?

Digər tərəfdən, Sumqayıt haqqında xalq arasında məşhur bir əfsanə də tarixi şübhələri alovlandırır. Rəvayətə görə, Sum adlı bir gənclə Ceyran adlı qız bir-birini sevirmiş. Düşmənlər onları ayırır, Ceyranı göldə batırır, Sumu isə zorla uzaqlara aparırlar. Ceyran batan anda arxasınca "Sum, qayıt!" deyə fəryad edir. Həmin gölün yerləşdiyi ərazi sonradan Ceyranbatan, Sumun aparıldığı yer isə Sumqayıt adlanır. Yəni Sumun adındakı “qayıt” sözü burda əlavədir, şəhərin adı Sumdur.

Uşaq vaxtı naməlum istiqamətə aparılan Sumun aqibəti üçün çox nigaran idim: “Görəsən, Sumun axırı necə oldu? Onu öldürdülərmi, xilas ola bildimi?” Acı suallarımın cavabı 35 ildən sonra tapıldı. Belə ki Ukrayna rəvayətlərinə görə bəli, Sum xilas olub. Üstəlik, Ukraynanın dərinliklərinə çəkilərək orada Ceyranı unudub, ya da uzun müddət yas saxlamayıb, slavyan gözəli ilə yenidən həyata başlayıb.

Yəni məşhur filmimizdə deyildiyi kimi:

“oğlanla qız əl-ələ verib mikrarayon tikiblər”. Təbii ki, son iki cümlə müəllifin qadın qərəzindən doğulan ehtimaldır. Amma Ukrayna əfsanəsində də məhz Qafqazın ətəklərindən gələn Sum adlı oğlanın çay kənarında şəhər salması, getdikcə nəsil artırıb əraziləri genişləndirərək idarəçilik qurması təsdiqlənir. Bütün bunları bir araya gətirəndə belə çıxır ki, bu Sum elə bizim Sumdur.

Bu iki ad rəvayətlərə görə səsləşirsə, o zaman Xəzər dövründən qalan ortaq bir iz var!

Tarixçilər Sumqayıt adının mənşəyini Ukraynanın Sumi şəhəri ilə əlaqələndirən etibarlı mənbə və ya arxeoloji sübut təqdim etməyiblər. Bu hələ ki tarixi tapıntı deyil, bir ehtimal və maraqlı müzakirə mövzusudur.

Tarix və coğrafiya isə göstərir ki, Rusiyanın Bryansk, Kursk və Belqorod vilayətləri ilə həmsərhəd olan Sumi paytaxt Kiyevdən 350 km aralı yerləşir. Şəhərin çiçəklənmə dövrü rəsmi qeydlərə görə 1600-cü illərin əvvəlləridir. 1650-ci illərdə kazaklar, daha sonra krım tatarları ərazidə məskunlaşıb. 1660-cı illərdə tatarların hücumuna, sonra isə Osmanlı ordusunun hədəfinə tuş gəlib. Amma Sum qalasının möhkəmliyi şəhəri və əhalisini qoruya bilib.

XX əsrin əvvəllərində ukrainlər Almaniyanın dəstəyi ilə Rusiyanın tərkibindən ayrılmağa çalışsalar da muxtariyyətdən uzağa gedə bilməyiblər. 1919-cu ildə isə Sovet hökumətinin nəzarətinə keçiblər və əraziyə Sum qəzası adı verilib. 1939-cu ildə Sum vilayəti yaradılıb, inzibati mərkəzi də Sumi şəhəri təyin edilib.


1941-ci ildə faşistlər tərəfindən işğal edilib. 1943-cü ildə isə Voronej Cəbhəsi tərəfindən azad edilib. Başı döyüşlərdən, işğallardan açılmayan Sum bir də 2022-ci ildə Rusiyanın hücumuna məruz qalıb. Ağır döyüşlərdən sonra rus qoşunları geri çəkilib. Sum bu dəfə də düşmənlərdən xilas ola bilib. Amma hələ də başına mərmilər yağır. Ceyranın ahıdırmı, ya qəzavü-qədər... hər halda Sumun taleyinə daim mübarizə yazılıb...


Mənbə: bizim.media