Hindistanda musson yağışları 157 nəfərin həyatına son qoyub

Hindistanda musson yağışları 157 nəfərin həyatına son qoyub

Hindistanın şimalında yerləşən Himaçal-Pradeş ştatında musson mövsümünün yaratdığı əlverişsiz hava şəraiti iyunun 30-dan avqustun 9-dək ən azı 157 nəfərin həyatına son qoyub.

TASS-a istinadən xəbər verilir ki, bu barədə yerli fövqəladə hallar mərkəzinin hesabatında bildirilir.

Sənəddə qeyd olunur ki, güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və qəfil daşqınlar nəticəsində təxminən 68 nəfər həlak olub, daha 89 nəfər isə yol-nəqliyyat hadisələrinin qurbanı olub. Təqribən 257 nəfər isə itkin düşmüş hesab edilir.

Arasıkəsilməz yağışlar səbəbindən 900-ə yaxın infrastruktur obyektinə ziyan dəyib, dəymiş zərərin məbləği isə təxminən 8.86 milyard rupi (təqribən 92 milyon dollar) olaraq qiymətləndirilir. Regionda 260 yol bağlanıb.

Ştatın elektrik enerjisi təchizatı sistemi də zərər çəkib. Ən ağır vəziyyət Kullu və Mandi dairələrində yaranıb. Paylayıcı şəbəkələrin 161-ə yaxın transformatoru artıq bir həftədən çoxdur ki, işləmir.

Mənbə: oxu.az