Pilotlar uçuş zamanı yuxuya getdi - Havada 28 dəqiqəlik təhlükəli anlar

Pilotlar uçuş zamanı yuxuya getdi - Havada 28 dəqiqəlik təhlükəli anlar

İndoneziyada Kendaridən Cakartaya uçan “Batik Air” aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsində təhlükəli hadisə baş verib.

Uçuş zamanı hər iki pilotun yuxuya getməsi nəticəsində təyyarə təxminən 28 dəqiqə ərzində hava hərəkəti dispetçerlərinin çağırışlarına cavab verməyib və planlaşdırılmış marşrutdan yayınıb.

Təyyarədə 153 sərnişin və 6 ekipaj üzvü olmaqla, ümumilikdə 159 nəfər olub. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Təyyarə daha sonra Cakartaya təhlükəsiz şəkildə eniş edib.

Hadisə “Airbus A320”nin təxminən 36 min fut hündürlükdə uçduğu zaman baş verib. İstintaq hesabatına görə, kapitan qısa müddətlik istirahət etmək üçün idarəetməni ikinci pilota təhvil verib.

İkinci pilot əvvəlcə istirahət növbəsindən istifadə etmək istəmədiyini bildirib. Lakin bir müddət sonra o da yuxuya gedib. Beləliklə, hər iki pilot eyni vaxtda yuxuda olub və təyyarə avtopilot rejimində uçmağa davam edib.

Hava hərəkəti dispetçerləri pilotlarla əlaqə saxlamaq üçün dəfələrlə cəhd göstərsələr də, təxminən 28 dəqiqə ərzində kabinədən heç bir cavab ala bilməyiblər.

Bu müddətdə təyyarə əvvəlcə verilmiş istiqamətdə hərəkət etsə də, daha sonra planlaşdırılmış marşrutdan yayınıb.

İkinci pilot oyandıqdan sonra vəziyyətin fərqinə varıb, idarəetməni bərpa edib və təyyarəni yenidən düzgün istiqamətə yönəldib.

İndoneziya Nəqliyyat Təhlükəsizliyi Komitəsinin hazırladığı istintaq hesabatında hadisənin əsas səbəblərindən birinin pilotların həddindən artıq yorğunluğu olduğu bildirilib.

Məlumata görə, ikinci pilotun uçuşdan əvvəl təxminən 53 saatlıq istirahət müddəti olub. Lakin əkiz uşaqlarının dünyaya gəlməsi və evə köçməsi ilə bağlı proseslər səbəbindən həmin müddətdə kifayət qədər dincələ bilməyib.

İstintaq nəticəsində bu vəziyyətin uçuş zamanı onun yuxuya getməsinə təsir etdiyi müəyyənləşdirilib.

İstintaq zamanı aviaşirkətdə kabinənin hər 30 dəqiqədən bir yoxlanılması təcrübəsinin olduğu da müəyyən edilib. Lakin bu yoxlamanın kimin tərəfindən və hansı qaydada həyata keçirilməli olduğuna dair prosedurların kifayət qədər aydın olmadığı aşkarlanıb.

Komitə oxşar hadisələrin qarşısını almaq üçün pilotların uçuşdan əvvəl istirahət imkanlarının yaxşılaşdırılmasını və yorğunluğun idarə olunması qaydalarının gücləndirilməsini tövsiyə edib.

Xüsusilə gecə və səhər erkən saatlarda həyata keçirilən reyslər zamanı pilotların yorğunluğuna daha ciddi nəzarət edilməsinin vacibliyi vurğulanıb.

Mənbə: qafqazinfo.az