Sabunçu rayonunun Zabrat 2 qəsəbəsində, Ruslan Göyüşov küçəsində sakinlər ilanların artmasından narahatdırlar.
Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşların sözlərinə görə, son bir həftədə ərazidə təxminən 10 evdə ilan aşkarlanıb.
Onlar ilanların artmasını ərazidə kanalizasiya sularının daşması və yağıntıların çox olması ilə əlaqələndirirlər.
"Bu il yağıntı çox oldu, bizim məhəllə su altında qaldı. Qonşuların özlərinin inşa etdiyi kanalizasiya xətti suyu aparmağa kifayət etmədi. Ondan sonra həyətlərdə qurbağalar çoxaldı, daha sonra isə ilanlar artmağa başladı. Qonşular deyirlər ki, indiyədək iki gürzə öldürüblər", - deyə sakinlərdən biri qeyd edib.
Şikayətçilər bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər, amma problemin həlli istiqamətində hər hansı tədbir görülməyib.
Mənbə: oxu.az