Yuxulu halda sükan arxasına keçən sürücü AĞIR QƏZAYA DÜŞDÜ - ANBAAN GÖRÜNTÜ

Yuxulu halda sükan arxasına keçən sürücü AĞIR QƏZAYA DÜŞDÜ - ANBAAN GÖRÜNTÜ
"Yuxulu halda sükan arxasına keçmək faciəyə doğru hərəkət etməkdir".
Bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin Təhlükəsizliyinin Təbliği Şöbəsinin rəisi, polis polkovnik leytenantı Rövşən Tağıyev deyib.

"Görüntülərdə yuxulu olduğu ehtimal olunan sürücünün idarə etdiyi avtomobilin hərəkət istiqamətindən çıxaraq maneəyə çırpılması əks olunur. Baş verən hadisə bir daha göstərir ki, sükan arxasında yorğunluq və yuxuluğa laqeyd yanaşmaq ciddi təhlükə yaradır.

Yuxulu halda avtomobil idarə edən sürücünün diqqəti zəifləyir, reaksiya müddəti uzanır, yol şəraitini düzgün qiymətləndirmək və nəqliyyat vasitəsinə tam nəzarət etmək imkanları azalır. Bəzən cəmi bir neçə saniyəlik mürgüləmə avtomobilin yüzlərlə metr nəzarətsiz hərəkət etməsi deməkdir. Bu isə təkcə maneəyə çırpılma ilə deyil, qarşı hərəkət zolağına çıxma, yoldan kənara aşma, piyadanın və ya digər nəqliyyat vasitəsinin vurulması kimi daha ağır nəticələrlə də yekunlaşa bilər.

Uzunmüddətli səfərlər zamanı, eləcə də sürücülər kifayət qədər istirahət etmədən yola çıxarkən öz fiziki vəziyyətlərini düzgün qiymətləndirməlidirlər. Gözlərin ağırlaşması, tez-tez əsnəmə, diqqətin yayınması və hərəkət zolağını saxlamaqda çətinlik hərəkəti davam etdirməyin təhlükəli olduğuna ciddi xəbərdarlıqdır.

Belə vəziyyətdə sürücünün ən doğru qərarı mənzil başına tez çatmağa çalışmaq deyil, təhlükəsiz yerdə dayanaraq istirahət etməkdir. Çünki sükan arxasında yuxuluğa qarşı mübarizə apararaq hərəkəti davam etdirmək təhlükəni aradan qaldırmır, əksinə, ağır nəticəli yol-nəqliyyat hadisəsinin başvermə riskini artırır.

Yuxulu halda yola davam etmək yalnız sürücünün öz həyatını deyil, sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığını da təhlükə altına qoyur. Yorğunluq və yuxuluq hiss etdiyiniz anda dayanmaq vaxt itirmək deyil, həyatınızı və başqalarının həyatını qorumaq üçün verilən düzgün qərardır", - deyə R.Tağıyev bildirib.

Mənbə: oxu.az