Kanadada matəm: Hərbi hissədəki dəhşətli yanğına nə səbəb oldu?

Kanadada matəm: Hərbi hissədəki dəhşətli yanğına nə səbəb oldu?

Kanadanın Wainwright hərbi bazasında baş verən dəhşətli yanğından sonra 39 nəfər xəstəxanadadır, onlardan ən azı 19-u ağır vəziyyətdədir.

Məlumatı Alberta Baş naziri Danielle Smith açıqlayıb. O bildirib ki, qurbanlar yaxın günlərdə və həftələrdə "ən yüksək standartlara uyğun tibbi yardım" alacaqlar.

Kanadanın müdafiə naziri Devid MakQinti mediaya yanğının bazadakı təlim meydançasında keçirilən təlim zamanı baş verdiyini bildirib. O, dörd hərbçinin öldüyünü və onların ailələrinə artıq məlumat verildiyini təsdiqləyib: "Həlak olanlar arasında aktiv xidmətdə olan şəxsi heyət, ehtiyatda olanlar və Şahzadə Patrisiyanın Kanada Yüngül Piyada Alayının əsgərləri də var".

MakQinti əlavə edib ki, hərbi və mülki heyət gecə boyu yanğınla mübarizə aparıb.
Birinci Kanada Diviziyasının komandiri general-mayor Ueyd Rutland yanğının əsgərlərin Latviyaya göndərilməzdən əvvəl təlimlərində iştirak edərkən baş verdiyini açıqlayıb.
İlkin məlumatlara görə, bazadakı otlar alovlanıb və güclü külək səbəbindən yanğın 30-60 saniyədə bir kilometrə yayılıb.

Lakin Rutland neft və qaz infrastrukturuna heç bir ziyan dəymədiyini bildirib: "Biz bunun neft və qaz infrastruktur obyektlərində baş verən hər hansı bir qəza və ya xarici müdaxilə ilə əlaqəli olduğunu düşünmürük. İlkin məlumatlar bunun belə olmadığını göstərir, amma biz mütləq məsələni araşdıracağıq. Sizinlə dürüst olacağam, itkilərin sayını və mürəkkəbliyi nəzərə alsaq, bu, bir gün və ya bir həftə çəkməyəcək".

Kanadanın Baş naziri Mark Karni hadisəni "sülh dövründə Kanada Silahlı Qüvvələrinin başına gələn ən pis faciələrdən biri" adlandırıb: "Bütün ölkə itirdiyimiz cəsur hərbçilərin xatirəsini yas tutur. Və mən bütün federal binalardakı bayraqların matəm əlaməti olaraq yarıya endirilməsini əmr etdim".

Mənbə: musavat.com