ABŞ-nin Cənubi Karolina ştatında yerləşən “Savanna-River” Milli Laboratoriyasında baş verən yanğından sonra ərazidə aparılan yoxlamalar zamanı radioaktiv çirklənmə aşkar edilməyib.
Musavat.com xəbər verir ki, bu barədə nüvə kompleksinin administrasiyası rəsmi bəyanat yayıb.
“Savanna-River Milli Laboratoriyasında yanğın baş verib və artıq tam söndürülüb. Keçirilən radiasiya monitorinqi heç bir radioaktiv çirklənmə üzə çıxarmayıb”, - deyə bəyanatda vurğulanır.
Daha əvvəl ABŞ mediası yanğının obyektin otaqlarından birində alovlandığını xəbər verib.
Hadisə zamanı yayılan təcili xəbərdarlıqda “torpaq səviyyəsində süzgəcdən keçməmiş radioaktiv maddələrin xaric olunması” ehtimalı qeyd olunub.
Yanğından dərhal sonra kompleks ərazisində ciddi mühafizə məhdudiyyətləri tətbiq edilib, işçilərin bir hissəsinə sığınacaqlarda qalmaq tapşırılıb.
Administrasiyadan bildirilib ki, insidentin fəsadlarının kompleksdən kənara çıxmasına dair heç bir əlamət qeydə alınmayıb.
Məlumata görə, yerli vaxtla saat 21:45-də (Bakı vaxtı ilə oktyabrın 29-u saat 05:45-də) fövqəladə vəziyyət rejimi ləğv olunub.
Qoruyucu təhlükəsizlik tədbirləri götürülüb, kompleksin ərazisinə giriş-çıxış yenidən bərpa edilib.
Xatırladaq ki, “Savanna-River” kompleksi 1950-ci illərin əvvəllərində nüvə silahı üçün materialların, o cümlədən plutonium-239 və tritiumun istehsalı məqsədilə inşa olunub.
ABŞ Energetika Nazirliyinin məlumatına əsasən, strategiya baxımından mühüm olan bu obyekt Amerikanın nüvə arsenalının təminatında birbaşa iştirak edir, habelə radioaktiv tullantılar və nüvə materiallarının idarə olunmasını həyata keçirir.
Mənbə: musavat.com