"Keçmiş MTN rəhbəri Eldar Mahmudovun əlaltısı olmuş, müxtəlif qadınları və kişiləri şəxsi görüntülərlə şantaj etdiyi bilinən Vüsal Həsənov bu günlərdə mənim və övladlarımın həyatına ciddi təhlükə yaradıb. Yaxın keçmişdə ailəm haqqında sosial şəbəkələrdə yayılan təhqiramiz videoların müəllifi məhz Vüsal Həsənov olub".
"Unikal" xəbər verir ki, bunu hazırda Amerikada yaşayan jurnalist Qənirə Ataşova özünün sosial şəbəkə hesabında yazıb.
Q.Ataşova özü və övladlarına qarşı Vüsal Həsənov adlı şəxs tərəfindən ciddi təhlükə yarandığını iddia edib: "Vüsal Həsənovun həyat yoldaşı – diplomu olmayan, lakin özünü həkim kimi təqdim edən Gül Əliyeva Gəncədə Gülbəniz adlı gənc bir qızda cərrahi əməliyyat apararaq onun ölümünə səbəb olub. Bu hadisə ilə bağlı Gülbənizin ailəsi ilə VMR klinikası arasında razılaşma əldə edilsə də, mən bu məsələyə məhz həkimlik ixtisası olmayan bir şəxsin qanunsuz cərrahiyyə əməliyyatı aparması baxımından diqqət çəkmişdim. Bu məsələni ictimailəşdirdiyim üçün Gülbənizin atası Eldəniz, Vüsal Həsənovun təhriki ilə bir neçə dəfə məni təhdid edib.
Onun sözlərinə görə, uzun fasilədən sonra ötən gün V.Həsənov birbaşa Q.Ataşovaya və övladı Fərhada zəng edərək onu və qardaşını öldürəcəyini bildirib: "Telefon danışığında özünü Moskvada yaşayan iş adamı kimi təqdim edərək qanuni oğrularla bağı olduğunu xatırladaraq “adam tutmuşam, hər ikinizi öldürəcəyəm” sözlərini açıq şəkildə işlədib. Bu açıq təhdidlər mənim və övladlarımın həyatı üçün ciddi təhlükədir. Övladım ABŞ vətəndaşıdır və o bu gün rəsmi şəkildə bu təhdidlərlə bağlı Amerika hökumətinə də müraciət edəcək".
Mənbə: unikal.az