“Bir dənə maşınım var, onun da üstünə həbs qoyulub”

“Bir dənə maşınım var, onun da üstünə həbs qoyulub”

“Toplum TV” işi üzrə ittiham olunan şəxslərin cinayət işi ilə bağlı məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən hazırlıq iclasında əvvəlcə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Bu iş üzrə “Toplum TV”nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli və digər 9 nəfər mühakimə edilir. Onların hamısı həbsdədir.

Təqsirləndirilən şəxslər cinayət işinə xitam verilməsini, əks halda seçilmiş qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Eyni vəsatətlə bağlı Ələsgər Məmmədli müttəhim kürsüsündən çıxış edib. Təqsirləndirilən şəxs ittihamları qəbul etmədiyini, yekunda bəraətini alacağına ümid etdiyini deyib: “Mənə qanunsuz sahibkarlıq, qaçaqmalçılıq və digər ittihamlar verilib. Amma mən sadəcə müəllim işləmişəm. Bir dənə avtomobilim var, onun da üstünə həbs qoyulub. Vəkillərimlə tam razıyam. Hər gün təcridxanada televizora baxıram. Təəssüf edirəm, şəklimi qoyub yazırlar ki, qaçaqmalçıdır”.

Azər Tağıyevin sədrlik etdiyi hakimlər hələ ki, vəsatətlərin heç biri ilə bağlı qərarı elan etməyib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 6 maddəsi ilə ittiham edilirlər.

Sail Ağasəlim

Mənbə: qafqazinfo.az