“Qalatasaray” transfer pəncərəsinin bağlanmasına az müddət qalmış heyətini gücləndirmək üçün çalışmalarını sürətləndirib.
İstanbul təmsilçisinin daha əvvəl komandada çıxış etmiş niderlandlı vinger Noa Lanqı yenidən transfer etmək istədiyi bildirilir.
27 yaşlı futbolçu ötən mövsümün ikinci yarısında “Qalatasaray”da icarə əsasında çıxış edib. Lanq bu müddətdə 17 rəsmi oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda “Napoli”nin formasını geyinən futbolçu üçün “Qalatasaray”ın 15 milyon avro təklif hazırladığı, İtaliya klubunun isə 20 milyon avro tələb etdiyi qeyd olunur.
Məlumata görə, Lanq “Qalatasaray”dakı vəziyyət dəqiqləşmədən başqa kluba keçmək istəmir. İstanbul klubu digər cinah oyunçuları ilə bağlı danışıqların nəticəsindən asılı olaraq niderlandlı futbolçu üçün transferi sürətləndirə bilər.
Mənbə: publika.az