"Özümü təsdiq etməliyəm" - "Sabah"ın qapıçısı

"Sabah"ın gənc qapıçısı Nicat Mehbalıyev Azərbaycan Premyer Liqasının 23-cü turunda "Keşlə" ilə görüşdə (0:0) debüt edib. 20 yaşlı qolkiper qolsuz başa çatan görüşdən sonra Qol.az saytına müsahibə verib.

- Azərbaycan Premyer Liqasında ilk oyununuza çıxdınız. Hansı hisslər keçirdiniz?

- Təbii ki, həyacan var idi. Fikrim yalnız məşqçilərin inamını doğrultmaq idi. Əsas buna çalışdım.


- 20 yaşında debüt etdiniz. Ümumiyyətlə gənc qapıçılar özünü yaxşı tərəfdən göstərməsi üçün nə lazımdır?

- Şans qazandıqları təqdirdə, bundan maksimum istifadə etməlidirlər. Bunun 1 yolu var. O da məşqlərdə əzm və istəklə çalışmalıdırlar. Belə olduğu halda məşqçilər də şans verəcək.

- Sanki yerli qapıçılarımıza güvən yoxdur. Əksər klublar xarici qapıçılara üstünlük verir. Bu sindromu aradan qaldırmağın mümkünlüyü görürsünüz?

- Premyer Liqada debüt etmiş futbolçu kimi bu suala hələ cavab verməyim düzgün olmaz. Öz növbəmdə onu deyə bilərəm ki, mənə verilən şansı yüksək qiymətləndirməyə çalışıram. Əsas qapıçı olmaq üçün öz üzərində daima işləməlisən.

- Hansı qapıçıları bəyənirsən?

- Xarici qapıçılardan Manuel Noyeri bəyənirəm. Azərbaycanda çıxış edən əcnəbi qapıçılardan elə komanda yoldaşım Saşa Stamenkoviçi fərqləndirərdim. Saşa ilə eyni qapını bölüşməyin özü bir uğurdur. Azərbaycanlı qapıçılardan Kamran Ağayevi, Şahruddin Məhəmmədəliyevi və Emil Balayevi izləyirəm və yerli təcrübəli qolkiperlərdən bəhrələnməyə çalışıram.

- Ramin Quliyevin gəlişindən sonra komandada hansı dəyişikliklər var?

- Yeni baş məşqçinin gəlişindən sonra komandada özünəinam yaranıb, qələbə ruhu artıb. Ümumilikdə komandada ab-hava çox yaxşıdır. Hər oyuna qələbə arzusu ilə çıxırıq. Ramin müəllimin verdiyi tapşırıqları bütün komanda can-başla yetirməyə çalışır.

- Sonuncu klubun "Qarabağ" olub. Ora qayıtmaq istəyərsiniz?

- Mənim qapıçı kimi yetişməyimdə, bu yerə çatmağımda "Qarabağ"ın xüsusi zəhməti var. "Qarabağ" çempionluğa oynayan komandadır, daima Avropada bizi layiqincə təmsil edir. İlk növbədə üzərimdə çox çalışmalıyam və özümü təsdiq etməliyəm. Gələcəkdə nə olacağını demək çətindir.
Ağa Dadaşzadə

Qol.az

ƏVVƏLKİ XƏBƏR

“Atası oğlum şəhid olanda üzə çıxıb pul tələb etdi“

SONRAKI XƏBƏR

Ağdamda minaya düşən Xocalı sakini hadisənin necə baş verdiyini anladıb