“Bir neçə transfer də etsək, yüksək yerlərə oynaya bilərik” – Yaşar Vahabzadə

“Bir neçə transfer də etsək, yüksək yerlərə oynaya bilərik” – Yaşar Vahabzadə

Birinci divizionda növbəti mövsüm sentyabrın 13-də start götürəcək. Başqa sözlə, çempionatın başlamasına ayyarım qalır.

Əksər klublar hazırlığa gələn ayın əvvəlində başlayacaq. Hazırda komandalar seçimlər, heyətinə əl gəzdirməklə məşğuldur. Bu mənada ölkənin köklü klublarından olan "Kəpəz” transfer bazarında fəallığı ilə seçilir.

Premyer Liqaya qayıtmağa can atan qərb təmsilçisi bu gün iki önəmli transferini ictimaiyətə açıqlayıb. Təcrübəli baş məşqçi Yaşar Vahabzadə Fanat.Az saytına müsahibə verərək komandanın planlarından bəhs edib, transferləri dəyərləndirib.

- Toplanışa nə vaxt başlamağı planlaşdırırsınız?

- Avqustun 2-də. Çempionat sentyabrın 13-də başlayır. 40 günlük tsikl hazırlığa kifayət edəcək. İlk iki həftəni Gəncədə keçirəcəyik. Sonrasına baxarıq.

- Bunun üçün Gəncədə şərait var? Məkan və rəqib seçimini nəzərdə tuturuq.

- Həm stadionumuz, həm də süni örtüklü meydançamız var, yaxşı səviyyədədir. Yəni məşq keçmək üçün problem olmayacaq. O ki qaldı yoxlama görüşləri üçün rəqib seçiminə, "Turan Tovuz”la, "Zaqatala” ilə danışıb razılaşa bilərik. Onlar da hələ hazırlığa başlamayıblar. Burda rəqib tapmasaq, Bakıya üz tutacağıq. Gəlib 2 oyun keçirib qayıdarıq.

- Mövsümlərarası fasilədə "Kəpəz”i neçə futbolçu tərk edib?

- Hardasa, 9-10 nəfər. Elə futbolçular oldu ki, özümüz onlarla müqaviləni uzatmaq istəmədik. Eləsi də oldu, bizimlə qalmaq istəmədi. Onların arasında icarə müddəti başa çatıb qayıdanlar da var. Çalışırıq ki, o boşluğu dolduraq, həm də güclənək.

- Deyəsən, işlər pis getmir.

- Transferləri nəzərdə tutursunuzsa, şikayətlənməyə əsas yoxdur. Artıq 5-6 oyunçu götürmüşük. Bəhruz Teymurov, Nicat Süleymanov, Elçin Əlicanov və Vüqar Həsənovla anlaşmışıq. Cavid İmamverdiyevin transferi də bu gün açıqlanıb.

- Əldə etdiyimiz bilgiyə görə, bu gün daha bir transfer olacaq.

- Düzdür, daha bir oyunçunun keçidi dəqiqləşib. İbrahim Qədirzadə artıq bizim oyunçudur. Eşitdik ki, bu yaxınlarda klubundan ayrılıb, danışıb razılaşdıq. Mövsümün hazırlıqlarına başlayanda sıralarımıza qatılacaq.

- Daha neçə oyunçu cəlb etməyi planlaşdırırsınız?

- Əslində, mövsüm başa çatandan sonra sıralarımızı tərk edənlərin yerini dolmuş saymaq olar. Çünki "Kəpəz”in U-19-dan da bacarıqlı, seçilən uşaqları əsas komandaya dəvət etmişik. Yəni heyət var. Amma bir neçə transfer də edə bilsək, yüksək yerlərə oynaya bilərik. Hazırda əsas çətinliyimiz qapı ilə bağlıdır. Elməddin Soltanov bizdə icarədə idi, mövsüm başa çatandan sonra "Qəbələ”yə döndü. Danışıq apardığımız namizədlər var. Yaxın günlərdə "çərçivə” ilə bağlı problemi də yoluna qoymağa çalışacağıq.

- Yüksək hədəf üçün legioner də cəlb etmək olar.

- İki legioner oynatmaq imkanımız var. Amma klubun buna vəsaiti çatmaz. Odur ki, diqqəti yalnız yerli transfer bazarına yönəltmişik.

Mirağa

Mənbə: fanat.az