Böyük futbolun Sumqayıta gəlişi: "Metallurq"dan başlayan tarix

 

Hazırda əhalisinin sayına görə ölkənin ikinci ən böyük şəhəri olan Sumqayıt hələ sovet dönəmindən SSRİ çempionatlarında komanda ilə təmsil olunub. Peşəkar futbol bu şəhərə ötən əsrin 50-ci illərinin sonunda ayaq açıb. 1960-cı ildə isə "Metallurq” komandası Sumqayıtı SSRİ çempionatının B dəstəsində təmsil edib. Daha sonra Sumqayıtı Ümumittifaq birinciliyində "Temp” (1961), "Kimyaçı” (1963), "Polad” (1965-70, 1973), "Xəzər” (1974, 1975, 1988-1991) və "Şəfəq” (1987) komandaları təmsil edib. "Temp” (1961) və "Polad” (1965/ 1966-1970) həmçinin SSRİ kuboku uğrunda da mübarizə aparıblar.

Nailiyyətlərə gəlincə, "Polad” 1967-ci ildə B dəstəsinin 3-cü zonasının, "Xəzər” isə 1991-ci ildə ikinci liqanın Azərbaycan zonasının qalibi adını qazanıb.

Bu komandaların hamısı ayrı-ayrı adlar altında çıxış etsə də, əslində, elə bir klub idi. Sadəcə, sovet dönəmində yerli zavodların himayə etdiyi komanda sponsor dəyişdikcə, adını da dəyişirdi. Məsələn, 60-cı illərin əvvəlində komandanın "Metallurq” adlanmasına səbəb, məhz yerli metallurq zavodunun komandanı himayə etməsi idi.

Sovet dövründə Sumqayıt komandaları Respublika miqyasında da bəzi uğurlara imza atıblar. Məsələn, AzTZ (Azərbaycan Boru Prokat Zavodu) komandası 1960-cı ildə Azərbaycan SSRİ kubokunun qalibi olub, "Polad” və "Xəzər” isə müvafiq olaraq, 1964-cü və 1985-ci illərdə Azərbaycan SSRİ çempionu adını qazanıblar.

Müstəqil Azərbaycanın milli çempionatının yüksək liqasında Sumqayıtı "Xəzər”, "Sumqayıt”, "Kimyaçı”, "Gənclərbirliyi” və "Standard” klubları təmsil ediblər. Adları çəkilən komandalarda ən yüksək göstəriciyə isə ardıcıl iki mövsüm – 1992 və 1993-cü illərdə vitse-çempion olan "Xəzər” komandası imza atıb. Bu adlardan yerli azarkeşlər tərəfindən doğma kimi qəbul edilən isə "Xəzər” oldu. Hələ indi də Sumqayıt futbolu deyildikdə, ağıla ilk olaraq "Xəzər” komandası gəlir.

2010-cu ildən isə Sumqayıt şəhərini eyni adlı klub təmsil edir.

Xeberle.com

 

Xeberle.com

ƏVVƏLKİ XƏBƏR

O prezident seçilsə, Fransa NATO-dan ÇIXA BİLƏR

SONRAKI XƏBƏR

Britaniyada COVID-in müalicəsi üçün yeni dərmandan istifadə ediləcək