Dario Federiko “Neftçi” gedir?

Dario Federiko “Neftçi” gedir?

"Neftçi”nin braziliyalı futbolçusu qış fasiləsində komandanı tərk etməkdə problem görmür.

Fanat.az xəbər verir ki, bu barədə Dario özü "Sabah”la oyundan sonra bildirib.

Azərbaycana "Kəpəz”in dəvəti ilə gələn və özünü yaxşı tərəfdən göstərə bilən Federiko "Neftçi”yə ötən mövsümün əvvəlində gəlmişdi. Qış fasiləsində komandayla birlikdə Türkiyədə hazırlıq keçən braziliyalı qəfildən "Neftçi”ni tərk edib Cənubi Koreyaya yollanmışdı.

"Sabah”la oyundan sonra bu məsələni ona xatırladan jurnalistlərin "Qışda yenə də "Neftçi”ni tərk etməyin mümkündürmü” sualına belə cavab verib:

"Futbol dinamik oyundur. Dünyanın hər yerində maddi cəhətdən sərfəli təklif olanda futbolçu bunu dəyərləndirməyə çalışır. Ötən il belə bir şey oldu, mən də dəyərləndirdim”.

Darionun sözlərindən belə başa düşmək olar ki, qışda yeni bir sərfəli təklif onu "Neftçi”dən ayıra bilər. Ötən qış Darionun klubdan ayrılması, Mirabdulla Abbasovun ehtiyatda qalması "ağ-qaralar”ın hücum potensialını zəflətmişdi. Nəticədə "Qarabağ”la xal fərqindəki üstünlük və çempionluq şansı əldən verilmişdi.

Xatırladaq ki, Dario Federiko "Neftçi”dən ayrılarkən klubun idman direktoru Ceyhun Sultanovun ünvanına xoşagəlməz sözlər də işlətmişdi.

Fanat.az

Mənbə: fanat.az