Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - Qalmaqal

Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - Qalmaqal

Azərbaycan idmanında növbəti qalmaqal baş verib.

13-15 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada baş tutacaq görmə məhdudiyyətli cüdoçuların (paracüdo) dünya çempionatında 2 idmançımız tibbi təsnifatdan keçə bilməyib.

Belə ki, 2021-ci ildə Tokioda keçirilmiş Paralimpiya Oyunlarının qalibi olan Şəhanə Hacıyeva qismən görmə məhudiyyətli (J2 kateqoriyası, 52 kq) cüdoçuların tibbi təsnifatında uğursuzluqla üzləşib. Onun gözündə görmə ilə bağlı hər hansısa məhdudiyyət olmadığı üzə çıxıb. Sumqayıt cüdo məktəbinin 24 yaşlı idmançısının ömürlük paracüdo yarışlarına buraxılmayacağına dair qərar verilib.

Həmçinin, tamamilə görməyən idmançılar (J1) kimi tibbi təsnifatdan keçən Elnarə Nizamlının da görmə qabiliyyətinin olduğu məlum olub. Bu səbəbdən də Nizamlı 60 kq çəki dərəcəsində J1 yox, J2 (qismən görmə qabiliyyəti olanlar) kateqoriyasında yarışacaq.

Beləliklə, komandamızın lideri İlham Zəkiyevin yoxluğunda Astanada keçiriləcək dünya çempionatında İsmayıl Muradov (J1, 70 kq), Zakir Mislimov (J1, 95 kq), Elnarə Nizamlı (J2, 60 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) mübarizə aparacaq.

Mənbə: qafqazinfo.az