“iPhone” istifadəçilərinin diqqətinə - Batareyaları uçuş zamanı şişir

“iPhone” istifadəçilərinin diqqətinə - Batareyaları uçuş zamanı şişir

Son zamanlar bəzi “iPhone” istifadəçiləri cihaz batareyalarının uçuşlar zamanı şişdiyini, lakin bu problem enişdən sonra öz-özünə həll olunduğunu bildiriblər.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, xüsusilə “iPhone 16 Pro Max” və “iPhone 15” kimi yeni modellərin sahibləri uçuşlar zamanı telefonlarının arxa panelinin çərçivədən ayrıldığını deyiblər.

İstifadəçilər təyyarə havada olarkən batareyaların şişdiyini, lakin cihazın fiziki olaraq enişdən sonra normal vəziyyətinə qayıtdığını bildirirlər.

Mütəxəssislər litium batareyalarının zamanla qaz istehsal edə biləcəyini və bu qazın normal yer təzyiqində sıxıldığını söyləyirlər. Təyyarə salonundakı təzyiq azaldıqca bu qazın genişləndiyi və batareyanın müvəqqəti olaraq şişməsinə səbəb olduğu düşünülür. Enişdən sonra şişkinlik yox olsa belə, batareyanın genişlənməsi daxili möhürlərə zərər verə bilər və telefonun su və toza qarşı müqavimətini poza bilər.

Ən önəmlisi isə zədələnmiş batareya həddindən artıq istiləşmə və yanğın riskini artırır və bu, “məcburi batareya dəyişdirilməsi” tələb edən ciddi bir problemə çevrilir.

Uçuş zamanı belə bir vəziyyətlə qarşılaşan sərnişinlərə dərhal heyətə məlumat vermələri və təhlükəsiz olduğu təqdirdə cihazın şəklini çəkmələri tövsiyə olunur.

Mənbə: qafqazinfo.az