Kleopatranı həqiqətən ilan öldürüb? - Tarixi əfsanənin pərdəarxası

Kleopatranı həqiqətən ilan öldürüb? - Tarixi əfsanənin

Misir kraliçası VII Kleopatranın zəhərli ilan sancması nəticəsində ölməsi ilə bağlı məşhur əfsanə tarixçilərin yeni araşdırmasında şübhə altına alınıb. Tədqiqatçılar hesab edirlər ki, kraliçanın ölümünə səbəb ilan zəhəri deyil, əvvəlcədən hazırladığı sürətli təsir göstərən zəhərli maddə ola bilər.

Bizim.Media xəbər verir ki, araşdırma zamanı qədim yunan və Roma müəlliflərinin, o cümlədən Plutarxın əsərləri yenidən təhlil edilib. Məqsəd Kleopatranın ölümü ilə bağlı tarixi faktları Roma təbliğatından ayırmaq olub.

Araşdırmaçılar Kleopatranın ölümünün dəqiq səbəbini müəyyənləşdirməyin artıq demək olar ki, mümkünsüz olduğunu bildirirlər.

Eramızdan əvvəl 31-ci ildə Kleopatranın donanması və müttəfiqi Mark Antoninin qoşunları Aktsium döyüşündə gələcək Roma imperatoru Oktavianın qüvvələrinə məğlub olub. Növbəti ilin yayında qalib ordunun İsgəndəriyyəyə daxil olmasından sonra Misir kraliçası möhtəşəm mavzoleyinə sığınıb.

Həmin vaxt Mark Antoniyə Kleopatranın öldüyü barədə yanlış məlumat çatdırılıb. Sevgilisini itirdiyini düşünən sərkərdə qılıncına atılaraq intihara cəhd edib. Ağır yaralanan Antoni Kleopatranın yanına gətirilib və bir müddət sonra onun qucağında dünyasını dəyişib.

Roma əsgərləri hiylə ilə mavzoleyə daxil olaraq Kleopatranı tərksilah edib və nəzarət altına alıblar. Kraliça əsir kimi Romaya aparılmaq və qalibin zəfər yürüşündə nümayiş etdirilmək istəmədiyindən bir neçə dəfə intihara cəhd edib. Lakin Oktavianın övladlarına divan tutacağı ilə bağlı təhdidlərindən sonra bu fikrindən daşınıb.


Plutarxın yazdıqlarına görə, Kleopatra ölümündən əvvəl Mark Antoninin məzarını ziyarət edib, qurbanlar təqdim etdikdən sonra qorunan otaqlarına qayıdıb, çimib və yemək yeyib. Daha sonra Oktaviana məktub göndərərək Antoninin yanında dəfn olunmasını istəyib.

Onun niyyətini anlayan Oktavian dərhal adamlarını kraliçanın yanına göndərsə də, onlar gecikiblər. Kleopatra qızıl yataqda, üzərində kral geyimləri ilə ölü tapılıb. İki sadiq xidmətçisi İras və Xarmion da onun yanında can verirmiş.

Bəs Kleopatra həqiqətən ilan sancmasından ölüb?

Tədqiqatçıların fikrincə, bu versiya bir sıra suallar doğurur. İlk növbədə, əfsanəyə görə, zəhərli kobra əncir səbətində gizlədilərək ciddi mühafizə olunan otaqlara gətirilib. Lakin belə bir ilanın mühafizədən keçirilməsi olduqca çətin hesab olunur.

Digər tərəfdən, bir kobranın qısa müddətdə üç yetkin qadını öldürəcək qədər zəhər ötürməsi də şübhə doğurur. Çünki ilanların dişləməsi zamanı zəhərin miqdarı fərqli olur, bəzən isə ümumiyyətlə zəhər ötürülmür. Bundan başqa, Misir kobrasının sancması tənəffüs yollarının iflicinə səbəb olur və ölüm prosesi bir neçə saat davam edə bilər. Halbuki Kleopatra və xidmətçilərinin sakit və qısa müddətdə öldüyü bildirilir.


Roma tarixçisi Kassi Dion kraliçanın qolunda cəmi iki kiçik izin olduğunu yazıb. Lakin mütəxəssislər belə izlərin adi sancaqdan da yarana biləcəyini istisna etmirlər.

Tarixçilərin əksəriyyəti hazırda Kleopatranın əvvəlcədən hazırladığı sürətli təsir göstərən zəhərdən istifadə etdiyi ehtimalına üstünlük verir. Belə zəhər tiryək və baldırğan qarışığından ibarət ola bilərdi. Onu saç sancağının içərisində gizlətmək və lazım gəldikdə istifadə etmək mümkün idi.

Araşdırmaçılar qeyd edirlər ki, e.ə. I əsrdə İsgəndəriyyə Aralıq dənizinin əsas elm mərkəzlərindən biri idi. Burada toksikologiya və zəhərlərə qarşı vasitələr fəal şəkildə öyrənilirdi.

Plutarxın məlumatına görə, Kleopatra zəhərlərin xüsusiyyətlərini yaxşı bilirdi və hətta ölümə məhkum edilmiş şəxslər üzərində təcrübələr apararaq ağrısız ölümə səbəb olan vasitələri araşdırırdı.

Bununla belə, tarixçilər kraliçanın zəhərlərlə bağlı təcrübələri barədə qədim mənbələrdəki məlumatlara da ehtiyatla yanaşmağı tövsiyə edirlər.

Çünki Roma cəmiyyətində qadınların gizli şəkildə zəhərdən istifadə etməsi, kişilərin isə açıq döyüşdə vuruşması ilə bağlı stereotiplər mövcud idi. Bu səbəbdən Roma müəllifləri şərq hökmdar qadınlarını tez-tez zəhərlənmə və sui-qəsdlərdə ittiham edirdilər.

Beləliklə, Kleopatranın ilan sancmasından, yoxsa sürətli təsir göstərən zəhərdən öldüyünü yəqin ki, heç vaxt dəqiq öyrənmək mümkün olmayacaq. Lakin tarixçilərin qənaətinə görə, Misirin sonuncu kraliçası həyatına necə son qoyacağına özü qərar vermiş ola bilər.

Bizim.Media

Mənbə: bizim.media