Fevraldakı siyasi motivli kiberhücumlarla bağlı AÇIQLAMA

Fevraldakı siyasi motivli kiberhücumlarla bağlı

“Cari il fevralın 20-də bir sıra media resurslarımıza qarşı kiberhücumlar oldu. Budəfəki hücumları əvvəlkilərindən fərqləndirən cəhət tətbiq edilən vasitələr və hücumun həm xüsusiyyəti, həm də miqyası idi ki, bu məsələ komissiyamızın diqqətini cəlb etdi”.

Bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvvəqəti komissiyası tərəfindən “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirilən ictimai müzakirədə komissiyanın sədri Ramid Namazov bildirib.

O qeyd edib ki, ilkin araşdırmalar zamanı 10-dan çox aparıcı media resursuna qarşı əlaqələndirilmiş formada siyasi motivli kiberhücumlar həyata keçirilməsi məlum olub: “Mütəxəssislərin rəyinə görə, bu hadisə indiyə qədər olan ən ciddi əməliyyatlardan biri olub. Burada, həmçinin xüsusi orqanlar tərəfindən geniş istifadə olunan “saxta bayraq” adlandırılan əməliyyatın həyata keçirildiyi məlum olub.

Qeyd edilməlidir ki, kiberhücumun təhqiqatı kibertəhülkəsizlik sahəsində peşəkar biliklərə malik və bir-biri ilə bağlı olmayan və müstəqil fəaliyyət göstərən iki komanda tərəfindən olub. Nəticələr isə bir-biri ilə üst-üstə düşür. Hücumun kim tərəfindən və hansı motivlər əsasında təşkil edildiyini müəyyən etmək üçün sistem qeydlərinin təhlili aparılıb və hücum edənlərin davranış analizi həyata keçirilib.

Araşdırma hücumu yalnız texniki deyil, eyni zamanda psixoloji təsir yaratmağa yönəlmiş yüksək səviyyədə təşkilatlanmış kibercasus qrupu tərəfindən həyata keçirildiyini ortaya çıxarıb. Həmin qrup beynəlxalq kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən dövlətə bağlı aktor kimi təsnif edilir. Hücumların motivinə gəldikdə isə, böyük ehtimalla bunun səbəbi, bir qədər öncə baş vermiş iki hadisə ilə bağlı iz buraxmadan qisas almaq məqsədi daşıyıb. Məqsəd media sahəsindəki etibara zərbə vurmaq və rəqəmsal təhlükəsizliyi sarsıtmaq idi”.

***

Ramid Namazovun sözlərinə görə, kiberhücumlar nəticəsində sistem inzibatçısına məxsus kompüter ələ keçirilib, bütün internet resurslarının ehtiyat nüsxələrinin saxlanıldığı serverə giriş edilib: “Bundan sonra isə hücumu həyata keçirənlər digər media resurslarına müdaxilə ediblər. Nəticədə veb-server məlumatları və ehtiyat nüsxələr silinib, media resursları məhv edilib, infrastruktura giriş məhdudlaşdırılıb. Təbii ki, hücuma məruz qalan media resurslarının kibertəhlükəsizliyinin təmin edilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən dərhal müvafiq addımlar atılıb.

Maraqlıdır ki, sonrakı müddət ərzində də, yəni, aidiyyəti dəstək veriləndən sonra da bərpa edilən internet informasiya ehtiyatlarına kiberhücum cəhdlərinin davam etdiyi müşahidə edilib, lakin qarşısı alınıb. Hücum zamanı istifadə edilən IP (internet protokol) ünvanları və domenlər, o cümlədən qrupun bütün əlaqələri müəyyən edilib. Hücumlara ölkədaxili IP-lərdən də dəstək verildiyi, kiberhücumda iştirak edən bəzi şəxslərin ölkəmizin ərazisində olduqları, hətta hansı hoteldə olduqları müəyyən edilib. Söhbət əcnəbilərdən gedir. Bu isə məsələnin sıravi bir kiberhücum halı olmadığının göstəricisidir”.

Nuranə Daxilqızı

Mənbə: qafqazinfo.az